"Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" başladı
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Mədəniyyət və rəqəmsallaşmanın mübadiləsi üzrə birinci platforma - Bakı konfransı" keçirilir. Konfrans Avropa Şurasının II Baş Direktorluğunun Mədəniyyət və Demokratiya bölməsinin dəstəyi ilə təşkil olunub. Tədbirdə Avropa Mədəniyyət Konvensiyasının iştirakçı dövlətlərinin hökumət nümayəndələri, mədəni institutları və peşəkar birliklərinin nümayəndələri, tədqiqatçıları və vətəndaş cəmiyyətinin üzvlərindən ibarət 100-dən çox nümayəndə iştirak edir.
Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyət sahəsində rəqəmsallaşma böyük maraq kəsb edir: “Bu konfrans bizə imkan yaradır ki, bütün mədəniyyət ocaqlarına istiqamət verən proqram hazırlayaq və təqdim edək. Bu mövzu olduqca aktual bir mövzudur. Əfsuslar olsun ki, mədəniyyət sahəsində internetin imkanlarından, rəqəmsallaşmadan istənilən səviyyədə istifadə olunmur. Bu istiqamətdə biz işlər aparırıq və inanıram ki, ciddi nəticələrə nail olacağıq. Qeyd edim ki, 26 istiqamət üzrə rəqəmsallaşma həyata keçiriləcək”.
Avropa Şurasının Demokratik İdarəçilik və Mədəni Müxtəliflik üzrə Direktoru Klaudia Luçiani bildirib ki, konfrans ötən il Moskvada keçirilən tədbirin davamıdır: “Ötən il olduğu kimi, bu il də biz rəqəmsal aləmin mədəniyyət sahəsinə nə cür təsir göstərdiyini araşdıracağıq. Biz rəqəmsal mədəniyyətlə Avropada yaşayan xalqları bir araya gətirməliyik. Mədəniyyət bu sahədə əsas vasitədir”.
Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar üçün xüsusi mədəni proqram hazırlanıb. Bu proqram çərçivəsində qonaqların Bakı şəhərində və onun ətrafında yerləşən mədəni abidələrə ziyarəti və axşam konserti təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub