Azərbaycanda təhsillə bağlı önəmli saziş
Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF arasında Fəaliyyət Planı imzalanıb. Tədbir Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyi və UNİCEF-in həyata keçirdiyi “Təhsil sahəsində tərəfdaşlar” adlı layihə çərçivəsində həyata keçirilib.
APA TV-nin xəbərinə görə, sənədi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalayıblar. Mərasimdə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanın UNİCEF ilə uğurlu əlaqələrindən danışıb, fövqəladə hallar zamanı bölgələrdə görülən işlərdən bəhs edib. Kəmaləddin Heydərov bildirib ki, imzalanacaq saziş bölgələrdə yüksək səmərəliliyə malik, uşaqların mənafeyini düşünən məktəb modellərinin hazırlanmasını özündə ehtiva edir. Layihə təhsil sahəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və BP arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaq.
“Təhsil sahəsində tərəfdaşlar” adlı layihədə ölkədə yeni təhsil modellərinin yaradılmasına yönəlmiş layihələrin hazırlanmasına və həyata keçirilməsinə dəstək verilməsi nəzərdə tutulur. Anlaşma memorandumu isə Azərbaycanın təhsil sisteminin ölkə üzrə təkmilləşdirilməsi üçün nümunəvi modellərin tətbiqini əhatə edir. Üçillik layihə xüsusən bp-nin əməliyyatçısı olduğu Bakı-Tiflis-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri( CQBK ) boyunca yerləşən Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Samux, Goranboy, Şəmkir və Tovuz rayonlarında uşaqların təhsilə cəlb edilməsinə yönəlmiş yeni geniş əhatəli məktəb modellərinin yaradılmasını nəzərdə tutur.
Layihənin dörd komponentdən ibarət olacağı planlaşdırılır. Buraya ailə təhsil mərkəzləri , hər kəs üçün bərabər təhsil imkanı , təbii fəlakətlərə hazırlıq, gigiyena və sanitariya komponentləri daxildir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər