İslam dünyasının gəncləri Bakıda toplaşdı
“İslam Əməkdaşlıq Təşkilatı Model Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Model Azərbaycan” adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırılması mərasimi həyata keçirilib. APA TV-nin məlumatına görə, proqram İslam Konfransı Gənclər Forumunun təşəbbüsü və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə çıxış edən forumun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov bildirib ki, icrasına 3 ay əvvəl start verilən proqrama müxtəlif ali məktəblərdən 200-dən artıq tələbə qatılıb. Layihə tələbələrə islam ölkələrində baş verən prosesləri, onları yaxından izləməyə və müzakirəsində iştirak etməyə imkan verir. Bu layihə müxtəlif formada 10-dan çox islam ölkəsində həyata keçirilir. Təhsil nazirinin müşaviri Ağababa İbrahimli isə çıxışında qeyd edib ki, tədbir islam dəyərlərinin təbliği üçün gözəl vasitədir. O, Azərbaycanın tolerant ölkə olduğunu və bütün dinlərə hörmətlə yanaşıldığını vurğulayıb. Yekun tədbirdə proqram iştirakçıları qətnamə qəbul ediblər. Qətnamədə Suriyadakı cari proseslər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll edilməsi üzrə təkliflər, islamofobiya ilə mübarizə üzrə təşəbbüslər öz əksini tapıb. Daha sonra fəallığı ilə seçilən gənclər xüsusi hədiyyələrlə təltif edilib və bu ilin yayında Türkiyədə keçiriləcək “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ qazanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub