14:36 25 fevral 2014 9631
Ana səhifə Öncə Sağlıq

Qeysəriyyə əməliyyatı nə zaman qaçılmaz sayıla bilər?

 

Rəşad İsmayılzadə: “Qadın ilk dəfə əməliyyatla ana olubsa, sonrakı doğuşları da o cür həyata keçirmək məcburiyyətində deyil”

 

Təranə Həsənova: “Ana və uşağın həyatına təhlükə yaradacaq hallar Qeysəriyyə əməliyyatlarının sayının artmasına səbəb olur”

 

“Qeysəriyyə ananı və dölü xilas etmək üçün aparılan bir əməliyyatdır. Göstərişlər olduğu halda bu əməliyyatın aparılması qaçılmaz sayılır. Amma bu əməliyyatların sayının artması həm də ilk dəfə Qeysəriyyə əməliyyatı ilə ana olan qadınların sonrakı doğuşları da bu üsulla həyata keçirilməyə meylli olmalardır. Əslində bir sıra xarici ölkələrdə Qeysəriyyə əməliyyatından sonrakı doğuşların təbii yolla həyata keçirilməsi sayı artıb. Bu, təxminən 60-70 faiz civarındadır”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, ginekologiya uzmanı Rəşad İsmayılzadə deyib.

 

Mütəxəssisin sözlərinə görə, bir qadın ilk doğuşu əməliyyatla həyata keçirilibsə, o ikinci, üçüncü doğuşu da əməliyyatla həyata keçirmək məcburiyyətində deyil: “Təbii ki, bunun da özünün riskləri mövcuddur. Bəzi hallarda ginekoloqlar da bu riskləri öz üzərlərinə götürmək istəmirlər. Yəni ginekoloqlar həm xəstəni, həm də özlərini qorumaq, nəticənin yaxşı olması üçün ən rahat, ən doğru bildikləri yolla getməyə çalışırlar”.

 

Qeysəriyyə əməliyyatının göstərişləri barədə danışan R. İsmayılzadə deyib ki, bu barədə qərar veriləndə həm ana, həm də döl göstərişləri nəzərə alınmalıdır: “Bəzən döldə hər şey normal qaydada olur, amma anada ciddi problem yaranır. Ən ciddi problemlərdən biri də anada yüksək təzyiqin yaranması, hipertoniyanın olmasıdır. Bu çox ciddi, ana ölümü ilə müşayiət olunan haldır. Və ana ölümlərinin birinci səbəbidir. Qeysəriyyə əməliyyatlarına olan ikinci əsas göstəriş ciftin uşaqlıq boynunun üstündə oturmasıdır. Bu halda da normal doğuş tamamilə əks göstəriş sayılır”.

Ginekoloq vurğulayıb ki, uşaqlıq ciftinin vaxtından əvvəl ayrılması halı da təcili olaraq hamiləliyi sonlandırmaq qərarı vermək üçün əsasdır.

 

Döllə bağlı olan göstərişlərə gəlincə, mütəxəssis bu faktorlarla bağlı dölün ürək döyüntülərində pozulma yaranmasını, hipoksiyanı, daha sonra stressin başlanmasını qeyd edib: “Bu zaman qadını normal doğuşa buraxmaq riskli sayılır. “Normal doğuş yaxşıdır, qeysəriyyə pisdir”, demək düzgün deyil. Nəticə etibarilə qeysəriyyə xilasetmə əməliyyatıdır və bir çox hallarda qadının və dölün həyatını qurtarır.

 

Hipoksik dölü normal doğuşa buraxsaq, vaxtından əvvəl qopan ciftlə bağlı normal doğuş həyata keçirilsə, döl içəridə ölə bilər, təbii ki, heç kəs belə bir nəticə istəmir. 

 

Qeysəriyyə üçün ən əsas göstəriş isə ilk hamiləlikdə dölün başı ilə qadının çanağı arasında yaranan uyğunsuzluqdur. Bütün dünyada ilk göstəriş bu sayılır”.

 

Son zamanlar süni mayalanma ilə övlad dünyaya gətirmə sayının artdığını deyən R. İsmayılzadə qeyd edib ki, bu yolla hamilə qalan qadın qəti şəkildə normal doğuş istəmir və özünü bu riskin altına atmaq niyyətində olmur: “Süni mayalanma ilə hamilə qalmaq Qeysəriyyə əməliyyatı üçün göstəriş deyil. Amma süni mayalanma ilə hamilə qalmaq sayı artdıqca, əkiz hamiləlik sayı və təbii ki, Qeysəriyyə əməliyyatlarının da sayı artacaq”.

 

Ginekoloqun sözlərinə görə, Qeysəriyyə əməliyyatları arasında vaxt fərqi nə qədər çox olsa, bir o qədər yaxşı olar: “Bu müddət 3-4 il olsa, daha gözəl olar. Qadın ilk uşağı  Qeysəriyyə ilə dünyaya gətirib, 3 il sonra həkimin yanına gəlib deyir ki, mən təbii doğuş istəyirəm. Bu zaman həmin qadını müşahidə altına alıb, normal doğuşa hazırlamaq olar. Amma 9 ay əvvəl Qeysəriyyə əməliyyatı olunan qadın yanımıza hamilə kimi gəlirsə, əlbəttə ki, fəsad riski çox yüksəkdir”.

 

R. İsmayılzadə onu da deyib ki, Qeysəriyyə əməliyyatlarının spinal anesteziya altında aparılması daha doğrudur: “Amma bəzi hallarda bunun da əks göstərişləri olur.

Məsələn, trombosit sayının aşağı olması, onurğada deformasiya, konkret olaraq skalioz varsa, iynə səhv yerə düşə, hətta xəstəni iflic vəziyyətinə sala bilər. Bu əks göstərişlər olduğu zaman, ya da qadın spinal anesteziya istəmədiyi halda ümumi anesteziyadan istifadə etmək olar”.

 

“Öncə sağlıq” proqramında qonaq olan Klinik Tibbi Mərkəzin Doğum şöbəsinin əməkdaşı, mama-ginekoloq Təranə Həsənova da deyib ki, Qeysəriyyə əməliyyatları əksər hallarda ana və uşağın həyatına təhlükə yaradacaq halları, xəstəlikləri nəzərə alaraq aparılır: “Ana olmağa hazırlaşan qadınların xəstə olması burada mühüm əhəmiyyət kəsb edir. Bu xüsusilə infeksion xəstəliklərinin sayının çox olması ilə bağlıdır. Ana və uşağın həyatına təhlükə yaradacaq hallar, xəstəliklər Qeysəriyyə əməliyyatlarının sayının artmasına səbəb olur”.

 

T. Həsənova deyib ki, Qeysəriyyə əməliyyatlarının aparılmasına birbaşa və bilavasitə göstərişlər var: “Ana ilə və birbaşa dölə bağlı olan göstərişlər olur. Ananın ağır formalı daxili xəstəliklər keçirməsi, ciftin vaxtından əvvəl qopması, doğuşun ləngiməsi, dölün gəlişi, dölün bətndaxili kəskin hipoksiyası, rezus konflikt, həddən artıq iri dölün olması - bunlar birbaşa Qeysəriyyə əməliyyatına göstəriş sayılır. Bütün bunlar gündəlik təcrübədə ən çox rast gəlinən hallardır. Bəzən döl və ana ilə bağlı göstərişlər təklikdə olur, bəzən isə üst-üstə düşür”.

 

Mama-ginekoloq vurğulayıb ki, günümüzdə Qeysəriyyə əməliyyatlarının sayının artmasının səbəblərindən biri süni mayalanma ilə hamilə qalan qadınların sayının çox olmasıdır: “Problem həm də qadının yaşı çox olanda yaranır. Yaş çoxdursa, döl başı ilə ananın çanağı arasında uyğunsuzluq olma ehtimalı olur. Təbii ki, süni mayalanma xeyli illər sonsuzluq olandan sonra aparılır. Sonsuzluq olması artıq sonradan Qeysəriyyə əməliyyatlarının aparılmasına göstəriş sayılır”.
 

Mütəxəssis, Qeysəriyyə əməliyyatlarına üstünlük verilməsi mövzusunda həkimləri ittiham etməyin düzgün mövqe olmadığını deyib: “Normal doğuşla bağlı cəmiyyətdə təbliğat aparmaq lazımdır. Bu gün buna ehtiyac var”.

 

T. Həsənova bildirib ki, Qeysəriyyə əməliyyatları arasında ən yaxşı halda üç il fasilə  olmalıdır: “Qeysəriyyə əməliyyatı olunmuş qadının üç il ərzində hamilə qalması düzgün sayılmır. Bəzən isə Qeysəriyyə əməliyyatından on ay sonra qadın hamilə olaraq gəlir. Bu, qadının həyatı üçün çox böyük riskdir. Belə qadınlar hamiləliyi sona qədər çatdıra bilmirlər. Təxminən yeddi aydan sonra uşaqlığın cırılması ehtimalı çox yüksək ola bilir. Ana üçün də, döl üçün ciddi problemlər yaranır. Ona görə də qadınlarımız bu faktorları mütləq nəzərə almalıdırlar”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın