16:14 11 fevral 2014 12982
Ana səhifə Öncə Sağlıq

Ürək çatışmazlığının əsas səbəbləri nədir? - KAMRAN MUSAYEV

“Ürək çatışmazlığının əsas əlaməti təngnəfəslikdir”

 

“Ürək-damar tıxanıqlığının, tutulmalarının ilkin əlaməti sinədə ağrıdır”

 

“İnsanlarımız hələ də “ürək damarlarımda problem vardı, filan həkim müalicə yazdı, sağaldım” deyirlər”.

 

“Ürək çatışmazlığı və ürək-damar xəstəlikləri bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ona görə də bunun həm diaqnostikası, həm müalicəsi, həm də profilaktikası ilə bağlı müzakirələr çox təəssüf ki, son bir neçə onillikdir ki, öz aktuallığını itirmir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, ürək-damar xəstəliklərindən itirilən xəstələrin sayı onkoloji xəstəliklərdən itirilən xəstələrin sayından iki qata yaxın çoxdur.

Yəni ürək-damar xəstəlikləri mənfi mənada ən yaxın rəqibindən iki dəfə qabaqda gedir. Niyə belədir? Çünki ürək-qan-damar sistemi insan orqanizminin ən mərkəzi orqanı, sistemidir. Və burda olan problemlər məhz insanların yaşlanmasına, ölümünə səbəb olur. Mən ona görə həmişə deyirəm ki, ürək həyatdır. İnsanlar ürəklərinin sağlam olduğu, o yaşaya bildiyi vaxta qədər yaşayırlar. Ürək dayandığı zaman həyat da dayanır”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, kardiocərrah Kamran Musayev deyib.

 

Kardiocərrah qəfləti ölümlərin ən əsas səbəbinin ürək xəstəlikləri olduğunu deyib: “Onların içində isə ən çox tac arteriyalarının tutulması qəfləti ölümə səbəb olur. Həmin ana qədər heç bir ürək şikayəti olmayan insan bir neçə dəqiqənin içində itirilə bilər.  Təəssüf ki, biz hər gün bu cür praktika ilə qarşılaşırıq.

 

Ürəyin üç əsas tac damarından birində də daralma olanda bu, insanın infarkt keçirməsinə, ölməsinə gətirib çıxara bilər. İnfarktların yarısı tutulmuş damarların nəticəsində əmələ gəlir.  Qəfləti ölüm də daxil olmaqla ürək xəstəliklərinin bir qrupunda təxminən ¼-də, yəni 20-25 faizində o günə qədər ciddi bir şikayət olmaya bilər. Amma yerdə qalan 75-80 faiz xəstədə ciddi ürək şikayətləri olur. Bəs bu şikayətlər nələrdir? Ürək-damar tıxanıqlığının, tutulmalarının ilkin əlaməti sinədə ağrıdır -tam döş sümüyünün arxasında, xalq arasında “sinə taxtası” deyilən bir yerdə olan ağrı. O ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər.

 

Bu ağrılar klassik olaraq ya fiziki iş görəndə, ya ağır yemək yeyəndən, ağır fiziki yüklənmədən sonra ortaya çıxır.

 

Xəstəlik daha da irəliləyəndə xəstələr oturaq vəziyyətdə olanda, istirahət edən zamanlarda da ağrılar ortaya çıxır.

 

Daha da irəliləyən məqamlarda isə miokard infarktına, ürək infarktına, ölümə səbəb ola bilir. Təəssüf ki, gündəlik praktikada belə hallara tez-tez rast gəlinir. Mənim əməliyyat etdiyim xəstələr arasında infarkt keçirməyən insan demək olar ki, yox dərəcəsində azdır. Çox təəssüf ki, belədir. Biz çox istəyirik ki, ürək problemlərinin müalicəsini xəstələr infarkt keçirmədən aparaq. Çünki infarktdan öncə müalicə aparmaq xəstələrin  xeyrinədir. Ürək əzələsinin müəyyən hissəsi infarkt nəticəsində ölür və ölmüş zonanı, hüceyrələri biz heç bir metodla geri qaytara bilmirik. Ona görə də insanlarımızın, xüsusilə risk qrupunda olan insanlar öz həyatlarına daha məsuliyyətlə yanaşmalı, bu şikayətlərin başlanğıc mərhələsində mütləq ürək həkimlərinə müraciət etməlidirlər.

Bu gün həmin xəstəliklərin vaxtında diaqnozunun qoyulması üçün bu gün əlimizdə bütün imkanlar mövcuddur”.

 

K. Musayev ürək çatışmazlığının əsas əlamətinin təngnəfəslik olduğunu vurğulayıb: “Ürək çatışmazlığının ən çox səbəbi də damar tutulmalarıdır. Bunun nəticəsində xəstələr infarkt keçirir. Ürək əzələsi zəifləyir və ürək çatışmazlığı yaranır. Ürək qapaqlarında olan xəstəliklər, ürək əzələsinin xəstəliklərində, bəzi anadangəlmə ürək qüsurları zamanı ürək çatışmazlığı əmələ gəlir. Bunun ən tipik əlaməti də təngnəfəslikdir. Bunu da ciddi qəbul edib, mütləq və mütləq həkimə müraciət etmək lazımdır”.

 

Ürək-damar xəstəliyi xroniki bir xəstəlik olduğunu, tamamilə müalicəsinin mümkün olmadığını bildirən deyən kardiocərrah müalicə yolu ilə xəstəliyin gedişatının yavaşladıldığını bildirib: “Amma əgər bir insanın ürəyində, damarında bir problem ortaya çıxıbsa, bu o deməkdir ki, bu insan ömrünün axırına qədər bu problemlə birgə yaşayacaq”. Bizim bir çox insanlarımız hələ də “ürək damarlarımda problem vardı, filan yaxşı həkim var, müalicə yazdı, sağaldım”, yaxud da “qan təzyiqim vardı, sağ olsun, filan həkim müalicə elədi artıq təzyiqim yüksəlmir”, deyirlər. Belə bir şey yoxdur əslində. Bir insana ürək-damar tutulması, hipertoniya diaqnozu qoyulubsa, o insan ömrünün sonuna qədər həmin diaqnozla yaşayır. Çünki bugünkü təbabət  bu xəstəlikləri tamamən aradan qaldırıb müalicə etmək səviyyəsində deyil”.

 

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın