16:19 4 fevral 2014 25596
Ana səhifə Öncə Sağlıq

Öd daşı xəstəliyinin geniş yayılmasının səbəbləri və əlamətləri - NİYAZİ EMİNOV, XƏYYAM EYVAZOV

 

 

Xəyyam Eyvazov: “Piylənmə kimi, arıqlama da öddə daşın yaranmasına səbəb olan əsas amillərdən biridir”

 

Niyazi Eminov: “Heç bir əlamət verməyən “lal daşlar” kəskin xəstəliklərə, eyni zamanda xərçəngə səbəb ola bilər”

 

“Dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəliyi son zamanlar çox geniş yayılıb. Bunun bir sıra səbəbləri var. Bir sıra xəstəliklərdə olduğu kimi öd daşı probleminin yaranmasında da əsas amillərdən biri oturaq həyat tərzi, piylənmədir”.

 

Bunu Apa.TV-nin “Öncə sağlıq” proqramında qonaq olan daxili xəstəliklər üzrə uzman, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı Xəyyam Eyvazov deyib.

X. Eyvazov bildirib ki, öd kisəsində daş olan insanların yarıdan çoxu hər hansı əlamət hiss eləmir, problemin olduğu təsadüfən müayinə zamanı ortaya çıxır: “Bəzən insanlar ömürlərinin böyük hissəsini öd daşı ilə keçirirlər, amma heç xəbərləri də olmur. Son dövrlərdə instrumental müayinə metodlarının geniş yayılması da xəstəliyin daha çox aşkarlanmasına səbəb olub”.  

 

Onun sözlərinə görə, öd daşının yaranmasında əsas faktorlardan biri piylənmə olsa da, sürətli arıqlama da öddə daşın yaranmasına gətirib çıxarır: “İnsanların özlərinin seçdiyi, tibbi əsası olmayan pəhriz proqramları da öd daşı xəstəliyinin inkişafına səbəb olur. Sürətli arıqlama öd daşı xəstəliyinin yaranmasına meyl yaradan əsas amillərdən biridir. Əlbəttə, arıqlamaq, artıq çəkidən qurtulmaq yaxşı haldır, amma sürətlə arıqlamaq problemə yol açır. Ona görə də mütləq həkim nəzarəti altında, tibbi əsası olan pəhrizlərdən istifadə olunmalıdır”.

 

Mütəxəssis öd daşı xəstəliyinin aşkarlanması barədə danışarkən müayinə metodları sırasında ultrasəs müayinəsinin əsas metod olduğunu vurğulayıb: “Təbii ki, ultrasəs müayinəsini aparan mütəxəssisin təcrübəsindən çox şey asılıdır. Bəzən daş öd axarına düşür, əlamətlər verir, amma daşı USM-lə görməmək mümkündür. Belə olan halda MRT müayinəsi tətbiq olunmalıdır. Yəni şikayətlər varsa, əlamətlər mövcuddursa, USM-də görünmür deyə, xəstəyə “səndə öd daşı yoxdur”, deyib keçmək olmaz. Başqa müayinə metodlarından istifadə olunmalıdır”.

 

Öd daşı xəstəliyinin dərman müalicəsi barədə danışan X. Eyvazov sırf xolestrol daşları zamanı dərman müalicəsinin effektinin olduğunu deyib: “Amma bilirubin daşlarının dərmanla müalicəsinə cəhd etmək yanlış olar. Əgər xolestrol daşları varsa, eyni zamanda xəstədə yanaşı gedən və cərrahiyyə əməliyyatı üçün əks-göstəriş sayılan ciddi xəstəliklər mövcuddursa, o zaman dərman müalicəsinə üstünlük vermək olar”.

 

X. Eyvazov daş olması səbəbindən öd kisəsi çıxarılmış xəstələrin az-az, tez-tez qidalanmalarının vacib şərt olduğunu açıqlayıb: “Eyni zamanda yağlı qidalardan uzaq olmaq lazımdır. Qidaların həzm olunması ödə ehtiyac var, rezerv rolunu oynayan öd kisəsi olmadığı üçün yağlı qidaları minimuma endirmək lazımdır ki, ödə olan ehtiyac azalsın”.

 

Mütəxəssis xalq təbabəti ilə öd daşı xəstəliyinin müalicə olunmasının mümkün olmadığını vurğulayıb: “Bəzən çoxlu sayda bitkilər təqdim olunur, insanlar isə bilərəkdən, ya bilməyərəkdən onlardan istifadə edirlər. Amma bu gün dünya praktikasında, modern tibdə belə bir şey yoxdur. Spazmaları azaldan, insanı rahatladan dərmanlar, bitkilər var. Amma bu heç o demək deyil ki, öd daşı xəstəliyini onlarla sağaltmaq mümkündür”.

 

“Öncə sağlıq” proqramında qonaq olan cərrah, uzman doktor Niyazi Eminov da deyib ki,

son zamanlar instrumental müayinə metodlarının inkişafı xəstələrdə insidental, təsadüfi olaraq öd daşı probleminin aşkarlanması hallarını artırıb: “Öd daşı xəstəliyi çox zaman heç bir əlamət vermir. Az hallarda xəstələr kəskin ağrılarla klinikalarla müraciət edirlər. Şişmanlığın geniş vüsət alması əsas səbəblərdən birdir. Kəskin ağrılar kəskin xolesestit, xroniki xolesestit, öd daşı kanala düşdüyü zaman yaranır. Amma adətən xroniki öd daşı xəstəliyi zamanı xəstələrdə yağlı, qızartma yeməklər yeyəndən sonra qarının sağ üst kvadratında ağrı, ürəkbulanma, həzmsizlik kimi şikayətlər yaranır. Əgər öd daşı xəstəliyi kəskin xolesestitə səbəb olubsa, bu ağrılara temperaturun yüksəlməsi də əlavə olunur. Minimal da olsa, bunlara sarılıq şikayəti də qoşula bilər. Eyni zamanda ürəkbulanma, qusma şikayətlərinin də yaranması mümkündür”.

 

N. Eminov, öd daşı xəstəliyindən qurtulmaq üçün əsas yolun cərrahiyyə əməliyyatı olduğunu deyib: “USM müayinəsi ilə xəstədə hansı növ daşın olduğunu müəyyən etmək çox çətindir. Demək olar ki, mümkün deyil. İdeal düşünsək ki, xəstədə olan xolestrol daşıdır, xəstəyə 6 aylıq bir müalicə təyin olunacaq. Əvvəla, bu müalicənin xərcləri yüksəkdir. İkincisi, statistikaya görə bu müalicələrdən sonra residiv, yəni yenindən yaranma faizi 50 faizə qədərdir. Bu isə o deməkdir ki, xəstələrin 50 faizində xəstəlik yenidən təkrarlanır. Başqa bir yön də var, çox xırda daşları litotripsiya üsulu ilə qırmaq olur. Bu xəstələrin isə 60 faizində residiv yaranır. Və bu üsul hazırda o qədər də geniş tətbiq olunmur, demək olar ki, sınaq mərhələsində olan bir metoddur. Ona görə də cərrahi metod öndə gəlir. Amma cərrahi əməliyyatlara mütləq əks-göstəriş olan zamanlarda, daşların xolestrol daş olmasına əmin olandan sonra dərman metodundan istifadə etmək olar”.

 

Cərrah deyib ki, heç bir əlaməti olmayan, “lal daşlar” kimi qəbul edilən öd daşları da qaldığı zaman bir çox ciddi problemlərin yaranmasına səbəb olur: “Belə olan halda öddə iltihab yarana, daşın öd yollarına düşməsi baş verə bilər. Daş öd yolunda iltihaba yol açır, bu isə qaraciyərdə problemə, öd kisəsinin xərçənginə, mədəaltı vəzinin iltihabına gətirib çıxara bilir. Hər on öd daşı olan xəstədən ikisində kəskin pankreatit yaranması riski var, bu isə çox ciddi bir xəstəlikdir”.  

 

Mütəxəssis onu da bildirib ki, öd daşı xəstəliyinin laparoskopik cərrahiyyə metodu ilə aradan qaldırılması hazırda “qızıl standart” sayılır: “Reabilitasiya, yaranan sağalması, xəstəxanada qalma müddətinin daha qısa olması, əməliyyat travmasının az olması mühüm üstünlüklərdir”.

 

Cərrah qeyd edib ki, əməliyyatdan sonra öd axarlarında daşların əmələ gəlməsi də mümkündür: “Biz öd kisəsi çıxarılan xəstələrə hər zaman deyirik ki, yağlı qidalardan az istifadə edin. Ümumiyyətlə, az-az, tez-tez qidalanın. Çünki orqanizm bu hala adaptasiya olunmalıdır. Qaraciyər daha çox öd ifraz etməyə başlayır. Bəzən xəstələr deyirlər ki, daşı çıxarın, amma öd kisəsi qalsın. Amma bunu bilmək lazımdır ki, insan öd kisəsiz yaşaya bilər, öd kisəsinin çıxarılması xəstənin həyatına böyük əngəl yaratmır. Bəlli bir zamandan sonra orqanizm bu vəziyyətə adaptasiya olunur və adi, normal həyat tərzi ilə yaşamaq mümkündür. Sadəcə, hər zaman pəhrizə diqqət etmək lazımdır. Yağlı qidalardan az istifadə etmək gərəkdir”.

 

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın