14:25 17 dekabr 2013 38625
Ana səhifə Öncə Sağlıq

Zob xəstəliyinin müalicəsi - SƏBİNƏ MƏŞƏDİYEVA, NATƏVAN MƏMMƏDOVA

Səbinə Məşədiyeva: “Anemiyadan əziyyət çəkən, sonsuzluq problemi ilə üzləşən, saçları tökülən, dırnaqları qopan insanlar zobdan şübhələnə bilərlər”

 

Natəvan Məmmədova: “Bəzən zobla bağlı əsəbilik, ağlağanlıq şikayətləri olan xəstələr illərlə psixiatr müalicəsi alırlar”

 

“Azərbaycanda qalxanabənzər vəzinin xəstəlikləri çox geniş yayılıb. Əhali arasında geniş yayılmasına görə, endokrin xəstəlikləri digər xəstəliklər arasında ikinci yerdə durur. Bunların da arasında ilk yerdə şəkərli diabet, sonra isə qalxanabənzər vəzin xəstəlikləri gəlir”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının əməkdaşı, tibb elmləri namizədi Səbinə Məşədiyeva deyib.

 

Mütəxəssisin sözlərinə görə, son illər autoimmun xəstəlikləri geniş yayıldığı və onların aşkarlanması vəziyyəti yaxşılaşdığı üçün Azərbaycanda autoimmun troidinin, haşimoto troidinin aşkarlanması faizi artıb: ”Bunlar da ur, əhali arasında zob kimi tanınan xəstəliyin yaranmasına səbəb olur. Bunun nəticəsində ya qalxanabənzər vəzinin funksiyasının artması baş verə, ya da yod çatışmazlığı yarana bilər. Problemə xüsusilə qadınlar arasında rast gəlinir”.

 

S. Məşədiyeva deyib ki, zob xəstəliyi orqanizmdə bir neçə sistemdə təzahür edə bilər. Uzun müddət anemiyadan - qan azlığından əziyyət çəkən, sonsuzluq problemi ilə üzləşənlər, saçları kövrək olanlar, dərilərində quruluq yaranan, dırnaqları qopan, laylanan insanlar urdan şübhələnə bilərlər: “Eyni zamanda bu problem zamanı eşitmə zəifliyi yarana, mədə-bağırsaqda şikayətlər meydana gələ bilər. İllərlə davam edən ginekoloji qanaxmalar, sistitlər də zobla bağlı ola bilər. Əgər qalxanabənzər vəzinin xəstəliyi, konkret olaraq el arasında zob kimi tanınan xəstəlik vaxtında aşkarlanmasa, müalicə olunmasa, ölümə də səbəb ola bilər. Qalxanabənzər vəzinin funksiyasının çatışmazlığı, yəni toksiki ur (xalq arasında buna zəhərli zob deyilir) zamanı “toksiki ürək” deyilən hal yarana bilər. Bu hal ürək aritmiyaları, ürək çatışmazlığı yarada, ölümə səbəb ola bilər. Zəhərli zob zamanı kəskin arıqlama baş verir. Bu zaman müalicə getməsə, hətta qaraciyər sirrozunun da yaranması mümkündür”.

 

Son zamanlar bədxassəli şişlərin əhali arasında geniş yayıldığını, eyni zamanda qalxanabənzər vəzinin də şişlərinə çox rast gəlindiyini deyən həkim-endokrinoloq qeyd edib ki, başqa onkoloji xəstəliklərə nisbətən əhali arasında zobun bədxassəli şişlərinin yayılması faizi azdır: “Müalicəyə ən yaxşı tabe olan onkoloji xəstəlik kimi də qalxanabənzər vəzinin bədxassəli şişini qeyd etmək olar”.

 

S. Məşədiyeva onu da deyib ki, bir sıra hallarda zobla bağlı səbəbsiz yerə cərrahiyyə əməliyyatlarının aparılmasına da rast gəlinir: “Təbii ki, əməliyyatın özünün göstərişləri var. Əgər o göstərişlər yoxdursa, xəstə konservativ müalicə almalıdır. Dərman müalicəsinin effekti olmayanda o zaman cərrahiyyə əməliyyatı aparıla bilər”.

 

“Öncə sağlıq” proqramında qonaq olan daxili xəstəliklər üzrə mütəxəssis, uzman doktor Natəvan Məmmədova da bildirib ki, hər zob xəstəsinin, hər düyünlü zobun əməliyyat olunması yanlış addım olar: “Xəstəlik zamanı dərman müalicəsinin böyük köməyi olur. Amma düyünlər çoxdursa, ən düzgün yol əməliyyat yoludur. Bəzən kiçik bir düyünü belə çıxarırlar. Belə hallara çox rast gəlinir. Belə olan halda insan ömrü boyu dərmanlarla yaşamaq məcburiyyətində qalır. Bu dərmanlar isə böyük fəsadlara səbəb olur. Vəz olmayandan sonra hormon ifraz olunmur. İnsan məcburən dərman içməlidir. Ömür boyu içilən dərman isə osteoporoz, digər ciddi problemlər yaradır”.

 

N. Məmmədova da zobun Azərbaycanda geniş yayıldığını deyib: “Göyçay, Ucar, Ağdaş rayonlarında hipotroid, Naxçıvanda hipertroidə çox rast gəlinir. İnanılmaz dərəcədə çox yayılıb. Əsasən qida, dərman faktoru, suda yod çatışmazlığı, ya da yodun çoxluğundan problemlər yaranır. Məsələn, Şəkidən, Göyçaydan 10 xəstə gəlirsə, beşində haşimota troidi var. Amma suyunda yod normal olan bölgələrdə zob digər səbəblərdən, təsirlərdən yarana bilər. Haşimoto troidi olan xəstələr ən çox həkimə aybaşı pozğunluğuna, saçlarda tökülmə, dırnaqların qırılması, dəridə soyuqluq, qəbizlik kimi şikayətlə müraciət edirlər. El arasında zəhərli zob, tibdə hipertroid deyilən halda isə əldə titrəmə, gözlərdə böyümə, tərləmə, nəm dəri, əsəbilik, ağlağanlıq, istibasma halları olur”.

 

Mütəxəssis, zobun bir çox hallarda başqa xəstəliklərlə qarışdırıldığını vurğulayıb: “Bəzən əsəbilik, ağlağanlıq şikayətləri olan xəstələr illərlə psixiatr müalicəsi alırlar. Halbuki həmin insan zob xəstəliyindən əziyyət çəkir. Digər şikayətlər olanda isə başqa mütəxəssislərin yanına gedirlər. Əl titrəməsi, baş ağrısı ilə nevroloqa, ürəkdə titrəmə ilə kardioloqa, saç tökülməsi, dırnaq sınmasına görə dermatoloqa, qarın ağrısı, ishal şikayəti ilə qastroenteroloqa müraciət edirlər. Hər zaman bunu yadda saxlamaq lazımdır ki, bu kimi şikayətlər olduğu zaman TSH analizinin nəticələrinə baxılmalıdır. Qalxanabənzər vəzi ölçüsünə görə çox kiçikdir. Amma bütün hüceyrələrimizi qidalandırır. Bunu hər zaman nəzərə almaq lazımdır. Bütün bu şikayətlər zaman qandan TSH analizi vermək lazımdır. Bu əlamətlərlə müraciət edən şəxs mütləq bu analizləri verməlidir”.

 

Mütəxəssis deyib ki, “hipertroid zob” diaqnozu qoyulan zaman pəhriz təyin etmək lazımdır. Amma zəhərsiz zob zamanı pəhrizə ehtiyac qalmır.

 

N. Məmmədova onu da bildirib ki, əgər hamiləlik zaman qadınlarda hipotroid və ya hipertroid olarsa, buna qarşı tədbir görülməsə, doğulan uşaqda əqli çatışmazlıq, inkişafdan qalma halları ola bilər. Hətta bu halda ölü dölün də doğulması hallarına rast gəlinir.

 

“Xalq arasında zob adlandırılan bu xəstəliyə ən çox qadınlarda rast gəlinir. Mən elmi işimi araşdıran zaman onun da fərqinə vardım ki, qadınlar zobdan daha çox əziyyət çəkirlər. Bu problem ən çox da ana nəslindən keçir”, - deyə mütəxəssis vurğulayıb.

 

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın