14:35 10 dekabr 2013 6703
Ana səhifə Öncə Sağlıq

Dəm qazı və dərman zəhərlənmələri zamanı nə etməli? - AZƏR MAQSUDOV

Baş toksikoloq: “Yüngül formalı dəm qazı zəhərlənməsi olsa belə, həmin şəxs bir sutka toksikoloq və nevropatoloqun nəzarətinə olmalıdır”

“Həssaslığı yüksək olan insanlarda 6-7 iynədən sonra da allergik reaksiyalar baş verir”

“Təhlükəsizlik qaydalarına əməl olunsa, tibbi-profilaktik tədbirlər görülsə, dəm qazından zəhərlənmə, ölüm halları baş verməz. Qarşıdan qış gəlir, bütün bunlara əməl olunmalıdır ki, faciəli hadisələrlə rastlaşmayaq”. Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov deyib.

 

A. Maqsudov bildirib ki, dəm qazından zəhərlənmə, ölüm halları daha çox qapalı şəraitlərdə - vanna otaqlarında, qarajlarda, bir sözlə, ventilyasiya, sirkulyasiya olmayan yerlərdə qeydə alınır.

 

Onun sözlərinə görə, zəhərlənən şəxsə həkimə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir: “Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o demədir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır, onu təcili həkimə çatdırmaq zəruridir. Bu məsələdə hər an belə çox önəmlidir. Vaxt itirilə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm nevropatoloqun nəzarətinə olmalıdır”.

 

Dəm qazı zəhərlənmələrinin qalıcı fəsadları barədə danışan mütəxəssis deyib ki,  

yüngül formada zəhərlənmə olduqda da fəsadlarla rastlaşmaq mümkündür: “Amma belə hallarda fəsadlar yüngül formada keçir. İstənilən halda diqqətli olmaq lazımdır. Dəm qazı zəhərlənmələrinin ən ciddi fəsadlarında biri hafizə, görmə, eşitmə qabiliyyətinin pozğunluğudur. Bununla bağlı somatik pozğunluqlar - ürək, ciyər pozğunluqları, qanın laxtalanması kimi problemlər ortaya çıxır. Bütün bunlar bir-birinə zəncirvari şəkildə bağlıdır. Orta və ağır dərəcəli zəhərlənmələr zamanı fəsadlar uzun müddətli ola bilər.

 

İnsanların dəm qazından deyil, məişətdə işlədilən qaza qatılan xüsusi bir maddə ilə zəhərləndikləri barədə əhali arasında dolaşan şayiələrə toxunan baş toksikoloq

bunları deyib: “Bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən komissiya yaradılmışdı, qazın tərkibi yoxlandı və belə qənaətə gəlindi ki, lazımi qatqılardan başqa ora zərərli, insanı zəhərləyəcək hər hansı qatqı qatılmır. Lazımi qatqılar isə qaz sızması zamanı iyin hiss olunması məqsədi ilə əlavə edilir. Bu da zəruridir. Bu qatqılar toksiki, insanı zəhərləyəcək maddələr deyil”.

 

Azərbaycanda tez-tez rast gəlinən dərman zəhərlənmələri barədə danışan A. Maqsudov bununla bağlı il ərzində Toksikologiya Mərkəzinə 200-dən çox müraciət edildiyini açıqlayıb. Onun sözlərinə görə, daha çox sakitləşdirici, depressiya əleyhinə olan dərmanlardan, vitamin preparatlarından və antibiotiklərdən zəhərlənmə hallarına rast gəlinir: “Uşaqlara bağlı isə il ərzində 120, 150-dək müraciət olur. Uşaqlar nəzarətsiz qaldıqları hallarda dərmanlardan istifadə edirlər. Dərmanla zəhərlənmələrin əsas forması allergik reaksiyalardır. Ekologiyanın pozulması ilə bağlı insanların həssaslığı artıb. Ona görə də uşaqlar, böyüklər arasında allergik reaksiyaların sayı artıb. Bəzən həssaslığı yüksək olan insanlarda nəinki ilk iynədən sonra, hətta 6-7 iynədən sonra da  allergik reaksiyalar baş verir. Ona görə də bütün hallarda antibiotik iynələri vurulan zaman diqqətli olmaq lazımdır. Bu prosedur həkimin nəzarət altında vurulmalıdır. Bizim insanlar vitamin iynələrini ev şəraitində də vurmağa öyrəşiblər. Amma hər kəs bilməlidir ki, vitaminlər də allergik reaksiyalar, şok yarada bilər.

 

Təbii ki, dərmanların əlavə təsirləri var. Dərman nə qədər keyfiyyətli olsa da, onların əlavə təsirləri mövcuddur. Zəhərlənmələr dərmanlara qarşı həssaslığı olan şəxslərdə yaşanır. Həkimlər bu məsələyə xüsusi olaraq diqqət yetirməlidirlər. Hər bir insan da həkim tərəfindən təyin olunan dərmanların annotasiyasına diqqət yetirməlidir ki, anofilaktik şok yaranmasın. Bu vəziyyətdən çıxmaq üçün də vaxt məhdudiyyəti var. Həkim zamanında, anında köməklik göstərməsə, ölümlə nəticələnə bilər”.

 

Stomatoloji klinikalarda, kabinetlərdə istifadə olunan anesteziya preparatlarından yaranman şok halları barədə danışan A. Maqsudov deyib ki, bədənin həssaslığı, müqavimətin zəif olması nəticəsində belə halların yaranması mümkündür: “Biz bu hallarla da rastlaşırıq. Bunun qarşısını almaq, rastlaşmamaq üçün mütləq bu iynələrdən öncə belə xəstələr hazırlanmalıdır. Onlara antihistamin preparatları, lazım gəlsə, hormon preparatları vurulmalıdır. Şokdan çıxmaq çox çətin olur. Ona görə də bu iynələrdən əvvəl mütləq prob qoymaq lazımdır. Bəzən prob qoyulsa da, iynə vurulandan sonra problem yaranması mümkündür. Ona görə də maksimum diqqətli olmaq zəruridir”.

 

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın