14:00 26 noyabr 2013 20753
Ana səhifə Öncə Sağlıq

Böyrək daşlarından birdəfəlik xilas olmaq mümkündürmü?

 

Uroloq, uzman doktor Rəşad Məmmədov:  “Gündəlik içilən su miqdarı 1 litr artırılsa, böyrəkdə daş əmələgəlmə ehtimalı 80 faiz azalır”

 

“Böyrək daşının yaranmaması üçün duzu azaltmaq, suyu çoxaltmaq lazımdır”

 

“Böyrək daşı xəstəliyi dünyada ən aktual problemlərdən biri sayılır. Bu xəstəliyin geniş yayıldığı ölkələr arasında Azərbaycan da yer almaqdadır. Böyrək daşı xəstəliyi  Azərbaycanda tibbin çox mühüm problemlərindən biri hesab edilir”.

 

Bunu Apa.tv-nin “Öncə sağlıq” proqramında qonaq olan uroloq-cərrah, uzman doktor Rəşad Məmmədov deyib.

 

Mütəxəssisin sözlərinə görə, böyrək daşının yaranmasında iqlim, genetik, qida faktorları rol oynayır: “Tam olaraq daş xəstəliyinin yaranmasının dəqiq səbəbi bəlli deyil. Sadəcə, məlum olan bəzi gerçəklər var. Məsələn, bu xəstəliyin yaranmasında iqlim çox önəmlidir. İsti iqlimlərdə daş xəstəliyi daha çox yayılır. Çox tər ifraz edən, ağır fiziki işlə məşğul olan, az maye qəbul edən insanlarda daş daha çox yaranır. Daşın yaranmasında genetik amilin rolu 20 faiz təşkil edir. Əgər bir insanda böyrək daşı varsa, onun beş övladından birində bu xəstəliyin yaranma ehtimalı böyükdür. Böyrək daşına proteinlə zəngin, duzlu qidaları çox qəbul edən, az su içən insanlarda daha çox rast gəlinir. Ümumiyyətlə, böyrək daşı 20-50 yaş arasında daha çox görülür. Kişilərdə isə qadınlara nisbətən 3 dəfə çox rast gəlinir”.

 

Böyrək daşı xəstəliyinin əlamətləri barədə danışan R. Məmmədov deyib ki, əsas əlamətlərdən biri çox şiddətli ağrıdır: “Bu, dünyada ən şiddətli ağrı kimi qəbul olunur. Bəzən ağrılarla bərabər bulanıq qusma olur. Hərarətin yüksəlməsi də xarakterikdir. Bu bəzən fəsadlara da yol açır. Sidiyin durğunluğu yaranırsa, qarşısı kəsilmiş sidik infeksiyalaşırsa, bu, urosepsisə, yəni infeksiyanın bütün vücuda yayılması kimi ciddi fəsada yol açır. Bu hal hətta ölümə belə səbəb ola bilir. Digər əlamət isə sidikdə qanın görünməsidir. Ağrılarla yanaşı qanlı sidik də müşahidə edilir. Amma çox təəssüf ki, bəzən xəstəlik simptomsuz da ola bilər. Çox təhlükəli əsasda, bəzən çox böyük ölçüdə olan daşlar böyrəyin kasa-ləyən hissəsini tutsa da, simptomu olmur. Belə hallarda əməliyyatın belə tam faydası olmur. Çünki böyrək funksiyasını itirmiş, iltihablaşmış olur.

Təbii ki, ağrı, əlamət olan kimi həkimə müraciət olunmalıdır. Amma heç bir əlamət olmada belə, ən çox da 20-50 yaş arasında olan insanların ildə heç olmasa bir dəfə ultrasonoqrafik müayinədən keçməsi lazımdır. Eyni zamanda qanda böyrək funksiyasını göstərən göstəriciləri yoxlama lazımdır. Heç olmasa, sidiyin ümumi analizini vermək məsləhətdir”.   

 

Uroloq böyrək daşlarının müəyyən olunmasında ən müasir metodun Kompüter Tomoqrafiya olduğunu vurğulayıb: “Kompüter Tomoqrafiya müayinəsi zamanı tərkibindən asılı olmayaraq bütün növ daşları görmək olur. USM müayinəsi sadəcə, böyrəyi, sidik kisəsini, sidik kisəsinin üst və aşağı seqmentini (təbii ki, təcrübəli mütəxəssis tərəfindən müayinə olunduqda) göstərir. Orta seqment  isə görünmür. Bəzən orta seqmentdə daş olur, sidikdə qan görünür, amma bu daş böyrəyi çox genişləndirmədiyi üçün  USM müayinəsi zamanı görünmür. KT müayinəsi zamanı isə daş görünür. KT müayinəsinin doğruluq nisbəti 95-100 faiz arasındadır”.

 

Cərrah onu da qeyd edib ki, daşın ölçüsü 4-5 millimetrdirsə, onların qəflətən düşmə ehtimalı var, 5 mm-dən böyükdürsə, qəfil düşmə ehtimalı azalır.  

 

Mütəxəssis daşın əmələ gəlməsini önləyəcək ən önəmli profilaktik vasitənin su olduğunu vurğulayıb: “Əgər bir insan günlük içilən su miqdarını 1 litr artırsa, daş əmələgəlmə ehtimalı 80 faiz azalır. Ümumiyyətlə, dünyada tövsiyə edilən qaydaya görə, böyrək daşının yaranmasının qarşısını almaq üçün duzu azaltmaq, suyu çoxaltmaq, bir stəkan portağal suyu içmək lazımdır. Çünki portağalın tərkibində sitratlar var və daşın əmələ gəlməsinin qarşısını alır”.  

 

R. Məmmədov təəssüflə bildirib ki, Azərbaycanda skrininq şəkildə daş aşkar edilən xəstələr çox azdır: “İnsanlar daş böyrəyə ciddi zərər verəndən sonra həkimə müraciət edirlər. Mənim pasiyentlərim arasında belələri üstünlük təşkil edir. Böyrək heç zədələnmədən həkimə müraciət olunsa, zamanında müdaxilə edilər, heç bir qalıcı problem də yaranmaz”.    

 

Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, professor Südeyif İmamverdiyev “Öncə sağlıq” proqramına açıqlamasında deyib ki, Azərbaycan böyrək daşının yayılmasına görə endemik zonalardan sayılır: “Qidalanma, isti iqlim, suyun codluğu daşın əmələ gəlməsində müəyyən rol oynayır. Amma elə faktorlar var ki, onlar böyrək daşlarının əmələ gəlməsinə xüsusi meylilik yaradır. Anadangəlmə qüsurlar, böyrək, sidik yolları arasında anomaliyalar olanda, sidiyin böyrəkdən axını normal olmadıqda duzların çökərək daşa çevrilməsi baş verir. İltihab isə prosesin daha da kəskinləşməsinə şərait yaradır. Az hərəkətlilik, oturaq həyat tərzi, az piyada gəzmək, idman etməmək, su proseduralarından az istifadə olunması, çəkinin çox olması da daşların əmələ gəlməsinə gətirib çıxara bilər. Şişmanlıq qorxulu faktorlar sırasındadır. Anomaliyalar olduğu zaman duzların sidik yolları ilə hərəkəti nəticəsində müxtəlif simptomlar əmələ gəlir. Həmin dövrdə orqanizmin normal vəziyyətə gətirilməsi, duzların əmələgəlmə prosesinin qarşısının alınması böyük rol oynaya bilər. Vaxtında tədbir görülsə, duzlar daşa çevrilməz. Bu istiqamətdə atılan addımlar - dərmanla, fiziki üsullarla müalicə, pəhriz, müsbət təsirini göstərir”.

 

S. İmamverdiyev bildirib ki, böyrək daşı xəstəliyindən uzaq olmaq üçün əsas amillərdən biri də çəkinin artmasına imkan verməməkdir: “Gün ərzində mütləq gəzmək, idman hərəkətləri etmək lazımdır. Fiziki hərəkətlərlə orqanizmin bütün üzvlərinin funksiyasını  yaxşılaşdırmaq mümkündür. Hər gün duş proseduraları qəbul etmək, qidalanmada meyvə-tərəvəzə, göyərtilərə üstünlük vermək lazımdır. Şüyüd, nanə, reyhan, kəkotu, yarpız, qırxbuğum kimi bitkilərdən, itburnu meyvələrindən, qarğıdalı saçaqlarından az miqdarda, aradabir istifadə olunmalıdır. Hər hansı simptomlar meydana çıxanda isə tez həkimə müraciət etmək lazımdır. İlkin mərhələdə tədbirlər görmək lazımdır ki, cərrahi müdaxilə lazım olmasın”.

 

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın