12:22 29 oktyabr 2013 14717
Ana səhifə Öncə Sağlıq

Ürək xəstəlikləri, gənc yaşda infarktın səbəbləri - Rəşad Mahmudov və Rafiq Yusiflinin dilindən

 

“Media vasitəsilə heç bir dərmanın, heç bir səhiyyə təşkilatının edə bilməyəcəyi işləri görmək olar”

 

“Bu gün Azərbaycanda ürək-damar xəstəliklərinin diaqnozunun qoyulması, müalicə imkanları, sevindirici bir nəticə almaq şansı yüksəkdir.

Bununla yanaşı, bu xəstəliklərin geniş yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görmək, insanların, ümumiyyətlə, cəmiyyətin maarifləndirilməsi çox vacibdir”.

 

Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan tanınmış kardiocərrah, tibb elmləri namizədi Rəşad Mahmudov deyib.  

 

Rəşad Mahmudov bildirib ki, cəmiyyətin ürək-damar xəstəlikləri ilə bağlı maarifləndirilməsində KİV-in əvəzsiz rolu ola bilər: “Media vasitəsilə bu gün ölkədə heç bir dərmanın, heç bir səhiyyə təşkilatının, heç bir büdcənin edə bilməyəcəyi işləri görmək olar. On-on beş il əvvəl Avropa ölkələrinə getdiyimiz zaman orada gördüklərimizi ölkəmizlə müqayisə edəndə natamamlıq hissi keçirirdik, bir həkim olaraq bunun çətinliklərini yaşayırdıq. Bir zamanlar xəyal etməkdə çətinlik çəkdiyimiz müayinə, müalicə üsulları bu gün Azərbaycanda da tətbiq olunur. İndi hətta regionlarımızda açıq ürək əməliyyatları aparılır. Təbii ki, bu səhiyyəyə dövlət tərəfindən göstərilən qayğının bir nümunəsidir. İnsanların maariflənməsi ilə, yəni telekanallardan, KİV-dən sağlam həyat tərzi barədə məlumat almaları ilə problemlərin vaxtında aradan qaldırılmasına, ürək xəstəliklərinin sayının azalmasına nail olmaq olar.

 

Bu gün ölkədə ən böyük problemlərdən biri əhalinin təzyiq xəstəliyi barədə çox sadə bilgilərinin olmamasıdır. On illərlə yüksək təzyiqlə yaşayıb, “bu mənim üçün bədənimin qəbul elədiyi təzyiqdir”, deyənlər çoxdur. Uzun illər çox yüksək təzyiqi normal qəbul edib, həyatı davam etdiririksə, əlbəttə ki, ürəkdə zamanından tez yaşlanma, zamanından tez ani həyati təhlükələrlə rastlaşmaq ehtimalı qat-qat artır. İnanıram ki, təzyiqin, şəkərli xəstələrdə şəkərin kontrolu, qidalanma tərzi, ələlxüsus çörəkdə olan duzun miqdarının azaldılması ilə qısa zamanda gözəl nəticələr almaq olar”.    

 

R. Mahmudov ürəyinin sağlamlığı barədə düşünən hər kəsi aşağıda qeyd olunan məqamlara diqqət yetirməyə çağırıb: “Ən əsası hərəkət, yoxuş çıxma, yaxud  həyəcan zamanı ürəkdə olan problem özünü büruzə verir. Hərəkət və həyəcan ürək döyüntüsünü artıran amillərdir. Ürək döyüntüsü artdığı zaman əgər ürək nahiyəmizdə, sinəmizdə, qolumuzda, çənəmizdə, kürəyimizdə, mədəmizdə bir ağrı yaranırsa, hərəkət və həyəcan sonrası, yəni sakitləşəndən sonra ağrı keçirsə, bu, ürək-damar xəstəliklərindən şübhələnməyə əsas verir. Bu ağrı əzələ ağrısına, başqa ağrıya oxşamır. Bizə müraciət edən şəxslər arasında “mədə ağrısı idi deyə ürəyimlə bağlı həkimə müraciət etmirdim, ona görə infarkt olandan sonra müraciət edirəm” deyənlər olur. Təkcə bir məqama diqqət yetirmək yüzlərlə insanının həyatında mühüm rol oynaya bilər. Əgər mədəmizdə bir xəstəlik varsa, bunun bizim hərəkətimizlə, həyəcanımızla heç bir əlaqəsi olmaz. Onu oturduğumuz zaman, yemək yeyəndən sonra, ac qaldığımız zaman da hiss edə bilərik. Amma mədə nahiyəmizdə xüsusən gərgin bir hərəkət sonrası əmələ gələn narahatlıq varsa və sakitləşəndən sonra 2-3 dəqiqə ərzində keçirsə, bu, birmənalı olaraq insanların ciddi bir ürək-damar xəstəliyindən şübhələnərək zamanında həkimə müraciət etmələrinə əsas verir”.

 

 

Kardiocərrahın sözlərinə görə, ürəklə bağlı problemin aşkarlanması üçün ənənəvi olaraq   kardioqram çəkdirmək yetərli deyil: “Xəstələr şikayətlərlə həkimə müraciət edəndə çox zaman elektrokardioqramlar çəkilir. Bəzən elektrokardioqramda heç bir problem olmadığı görünür. Əlbəttə, ən böyük problemlərdən biri budur. Ürəkdə hərəkət zamanı əmələ gələn, dayanandan iki dəqiqə sonra keçən bir ağrı yaranırsa, elektrokardioqram çəkən zaman xəstə uzanmış vəziyyətdə olur, bu zaman ağrısı olmur və bu səbəbdən  elektrokardioqram heç bir problem göstərməyə bilər. Ona görə də belə xəstələrin, hətta heç bir şikayəti olmayan 40 yaşı keçmiş insanların eforlu kardioqram dediyimiz - tredmil testindən keçmələri diaqnozun vaxtında qoyulması üçün faydalıdır. Çünki problemin vaxtında aşkara çıxarılması və müdaxilə çox zaman həyat qurtarır”.

 

Elmi-tədqiqat Kardiologiya İnstitutunun baş həkimi, professor Əhməd Babayev də “Öncə sağlıq” proqramına açıqlamasında deyib ki, Azərbaycanda əhali arasında ürək xəstəlikləri geniş yayılıb: “Bu, təkcə bu günün problemi deyil. Son 50-60 ildə inkişaf eləmiş ölkələrdə, o cümlədən də Azərbaycanda ürək-qan-damar sistemi xəstəlikləri artıb. Buna az hərəkətlilik, qanda xolesterinin miqdarının artıq olması, siqaret, arterial hipertenziya kimi risk faktorları səbəb olur. Bunların hamısı ilə mübarizə aparmaq təkcə həkimlərdən asılı deyil. Biz həkimlər yalnız xəstə müraciət edən zaman, ilkin əlamətləri görəndə problemi aşkarlayıb, bunun qarşısını almağa çalışırıq. Ürək ritminin pozulması kardiologiyada böyük problemdir. Ürək ritminin kəskin pozulması qəfləti ölümə səbəb olan faktorlardan biridir. Ona görə biz məsləhət görürük ki, problemlərin qarşısını almaq üçün hamı vaxtında həkimə müraciət etməlidir”.

 

“Öncə sağlıq” proqramında qonaq olan kardioloq, tibb elmləri namizədi Rafiq Yusifli isə bildirib ki, urək-damar xəstəlikləri ilə bağlı əsas problem xəstəliyi erkən dövrdə aşkarlanmaqdan ibarətdir: “Hər bir şəxs başa düşməlidir ki, sağlamlığı ilə bağlı məsuliyyət ilk növbədə onun üzərinə düşür. Bəzən bizə müraciət edən xəstələrdə 10 ildən bəri yüksək təzyiqin olduğunu aşkar edirik. Hər bir şəxs vaxtında müayinələrdən keçməli, onun sağlamlıq pasportu olmalıdır.

 

Küçədə orta məktəb şagirdlərinin, ali məktəb tələbələrinin, ümumiyyətlə, gənclərin siqaret çəkdiklərini görəndə biz həkimlər həyəcan keçiririk. İş otağımda bir guşədə ancaq cavan yaşlarında infarkt keçirənlərin siqaret və alışqanlarını toplamışam. Müraciət edən xəstələrə də bunları göstərirəm ki, həmin gənc 30-40 yaşında infarktı ancaq bunun hesabına keçirib. Bütün vasitələrlə çalışırıq ki, gənclər siqaretdən imtina etsinlər.

Avropa ölkələrində hər meydanda, hər küçədə minlərlə velosipedə rast gəlmək olur. Şəhər ətrafında minlərlə insan səhər idmanı edir, işdən sonra sağlamlıqları ilə məşğul olurlar. Bu yaxınlarda Hollandiyada oldum. 16 milyon əhalisi olan bir ölkədə 11 milyon velosiped var. Orda küçədə piyada gəzənlərin böyük əksəriyyəti turistlər olur. Onlar kimi azərbaycanlılar da sağlamlıqları haqqında düşünsələr, o zaman ürək-damar xəstələrinin sayı azalar, xəstəliyə qarşı mübarizənin müsbət nəticələrini görmək olar. Bu kimi  vərdişləri Azərbaycanda da formalaşdırmaq lazımdır”.

 

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın