16:48 9 dekabr 2014 47023
Ana səhifə Öncə Sağlıq

Böyrək kistaları: hansı hallarda təhlükəlidir?

“Böyrək kistalarının hamısını ziyansız, fəsad yaratmayacaq problem kimi dəyərləndirmək olmaz”

 

“Bir qayda olaraq 7-8, hətta 10 santimetrədək ölçüdə olan kistalar şikayət vermir”

 

“Böyrəyində kista olanlar heç bir şikayət olmasa belə ildə iki dəfə müayinə olunmalıdır”

 

“Kimin böyrəyində kista varsa, bilməlidir ki, onun kateqoriyası çox önəmlidir”

 

“Böyrəklərdə yaranan törəmələr bütünlükdə orqanizmdə yaranan törəmələrin üç faizini təşkil edir. Xoşbəxtlikdən böyrəklərdə rast gəlinən törəmələrin böyük hissəsi xoş xassəli olur və bunların da böyük hissəsi, yəni 70-80 faizi böyrək kistalarıdır”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında uroloq-cərrah, uzman doktor, Mərkəzi Klinik Xəstəxananın Urologiya və nefrologiya Mərkəzinin müdiri Elbəyi Daşdəmirli deyib. 

 

Onun sözlərinə görə, böyrək kistaları çox zaman təsadüfən aşkarlanır, digər orqanların şikayətləri zamanı, ya da profilaktik yoxlamalar nəticəsində ultrasəs müayinəsi əsnasında üzə çıxır.

 

Elbəyi Daşdəmirli deyib ki, böyrək kistalarının hansı səbəblərdən yaranması barədə konkret olaraq fikir yoxdur: “Tibbi ədəbiyyatda bu barədə dəqiq məlumata rast gəlinmir. Bəzən böyrəyində kista aşkarlanan şəxslər deyirlər ki, böyrəyimdən dəfələrlə daş düşüb, ya da hansısa infeksion xəstəlik keçirmişəm deyə məndə kista əmələ gəlib. Amma əslində belə deyil. Çox vaxt dəfələrlə böyrək daşı salanlarda, infeksion xəstəliklər keçirənlərdə kistaya rast gəlmirik. Bu problem heç xəstənin həyat tərzinə, qida alışqanlığına da bağlı deyil. Hansısa qida kista yaratmır...”

 

Amma mütəxəssis vurğulayıb ki, bu deyilənlər sonradan qazanılma kistalar barədədir, anadangəlmə kistalar, polikistoz problemi fərqli bir mövzudur.

 

Uroloqun sözlərinə görə, anadangəlmə kistaların sadə, sonradan qazanılma böyrək kistaları ilə bağlılığı yoxdur: “Bu problem genetik problemdir və çox ciddi nəticələrə səbəb ola biləcək haldır. Polikistoz böyrəyin bütün toxumasının kameralara, kistalara bölünməsi kimi fərqli bir haldır. Xoşbəxtlikdən bu problemə nadir hallarda rast gəlinir”.

 

Elbəyi Daşdəmirli onu da deyib ki, sonradan qazanılma böyrək kistalarının heç də hamısını ziyansız, sonradan fəsad yaratmayacaq problem kimi dəyərləndirmək olmaz: “Sadə, qabığı nazik, içərisindəki möhtəviyyatı şəffaf olan kistalara daha çox rast gəlinir. Bunların hər hansı bir təhlükəsi, müalicəsi yoxdur.

 

Lakin belə xəstələrin mütəmadi kontrola, tez-tez müayinəyə ehtiyacları var, çünki bu kistalar böyüyə bilər. Ona görə də belə kistası olan insanlara tövsiyə edirik ki, ildə bir, daha yaxşı olar ki, altı ayda bir dəfə ultrasəs müayinəsindən keçsinlər. Çünki bu kistaların böyüyüb-böyümədiyini, daha mürəkkəb hala keçib-keçmədiyini bilmək lazımdır.  

 

Divarı bir qədər qalın, bəzən bərkimiş halda olan kistalar da o qədər təhlükəli sayılmır. Bununla da bağlı altı ayda bir dəfə müayinələrin aparılması lazımlıdır”.

 

Onun sözlərinə görə, bir sıra hallarda isə böyrək kistalarının içində maye ilə yanaşı yeni bir toxuma da yaranır. Bu isə bədxassəli toxuma olur və tam olaraq böyrəyin bədxassəli törəmələri sayılır: “Bu, böyrək kistalarının içində dördüncü kateqoriya kistalar sayılır.  

 

Üçüncü kateqoriyaya aid olan böyrək kistaları da var və onlar daha mürəkkəb kistalar hesab edilir. Belə hallarda bəzən dəqiq diaqnoz qoymaq çətin olur, çünki şübhəli məqamlar yaranır, vəziyyətə uyğun olaraq problemin kista, yoxsa bədxassəli törəmə olduğunu söyləmək çətin olur. Belə kistaların çox kameraları, içindəki möhtəviyyatı qatı olur.  Belə hallar gənc yaşlı insanlarda aşkarlanarsa, məsləhətdir ki, profilaktik olaraq kistalar əməliyyatla götürülsün, ya da ciddi şəkildə kontrol altında olsunlar”. 

 

E. Daşdəmirli vurğulayıb ki, kistaların bədxassəli törəməyə çevrilməsi halı baş vermirsə belə ölçülərindən asılı olaraq kistanın xəstənin böyrəyinə zərər vermə ehtimalı var.

 

Mütəxəssis onu da qeyd edib ki, bir qayda olaraq 7-8, hətta 10 santimetrədək olan kistalar şikayət vermir: “8-10 santimetrdən böyük olanda böyrək toxumasını sıxdığına görə çox da kəskin olmayan küt ağrılar verə bilir. Bəzən kistaların böyrək funksiyasına zərər verməsi halları ilə də qarşılaşırıq.

 

Bir sıra hallarda isə kistalar sidiyin süzülməsinə mane olur və böyrək daşı kimi ağrılar verir. Ümumiyyətlə, kistalar 8-10 santimetrdən böyük olarsa, qapalı əməliyyatla götürülməsi tövsiyə olunur. Bir qayda olaraq, böyrək kistası olan xəstələrin ildə iki dəfə ultrasəs müayinəsindən keçməsi məsləhətdir. Kimin kistası varsa, bilməlidir ki, kistanın kateqoriyası çox önəmlidir”.

 

Onun sözlərinə görə, çox nadir hallarda böyrək kistaları böyrəyin götürülməsinə gətirib çıxarır. Və nadir hallarda partlama halları yaranır.

 

Kistalar zamanı sidikdə qan görülməsi əlaməti barədə danışan uroloq deyib ki, böyrək kistaları böyük ölçüdədirsə, böyrək ləyəninə yaxındırsa, infeksiyalaşıbsa, bu kimi hallarda sidikdə gözlə görülən, ya da mikroskopla müşahidə olunan qan hüceyrələri görülür: “Amma əgər xəstə heç bir ağrı olmadan sidikdə qan görürsə, həmin şəxs orta yaşlı, ya da yaşlı insandırsa, birinci ağlımıza böyrək şişləri gəlir, bundan şübhələnirik. Yox əgər sidikdə ağrı ilə yanaşı qan görülürsə, bu zaman narahat olmasınlar. Bu doxsan faiz daş ağrısıdır. Onkoloji problemlərdə ağrı ilə bərabər sidikdə qan görülməsi çox nadir hallarda müşahidə olunur”

 

E. Daşdəmirli daha sonra deyib ki, bütün böyrək xəstəliklərində əsas məsləhət çoxlu maye qəbul etməkdir. Sidikqovucu bitki çaylarından hər gün istifadə etmək olar...

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

OXŞAR XƏBƏRLƏR

Kodu kopyalayın