00:40 29 İyun 2015 55986
Ana səhifə Öncə Sağlıq

Saç tökülməsi: qarşısını almaq olarmı?

“Gün ərzində 100-150 saçın tökülməsi normaldır"

“Stress, infeksiyalar və əməliyyatlar saç tökülməsinə səbəb olur"

“Saç tökülməsinə möcüzəvi təsir edən şampun yoxdur"

“Dəmir azlığı, qalxanvari vəzin problemi, müxtəlif dərmanların qəbulu saçları tökür”

“Saç xəstəlikləri olduqca çoxdur. Saç tökülməsinə, saç dərisində olan problemlərə çox rast gəlinir. İnsan saçı çox unikaldır. Tək bir tükün özünə məxsusi unikal həyatı var. Tüklər bir-birinə bağlı olmadan yaşayırlar. İnsan saçı o qədər unikaldır ki, həm də daxili orqanlarda olan bir problemin aynası ola bilər. Bədəndə toksinlər yığılanda, daxili orqanda problem yarananda saçın rəngində, quruluşunda, parlaqlığında, qalınlığında problem yaranar. Amma insan bədəni sağlam olsa belə, saçda problem yaranması mümkündür”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoloq, uzman doktor Leyla Mirzoyeva deyib.

Saç problemləri barədə danışan dermatoloq bildirib ki, bu anlamda saç tökülmələrinə daha çox rast gəlinir: “Azərbaycanda üç kişidən birində kəskin saç tökülməsi ortaya çıxır.

Kişilərdə saç tökülməsinin səbəbi irsidir. Saç tökülməsi irsi olaraq kişilər arasında daha çox görünür.

Qadınlarda isə irsi tökülmələr daha az olur. Kişilərdə başın ön tərəfində, orta hissədə saç dibində olan enzim var. Enzimə bağlı kişilik hormonunun təsiri altında saçlar tökülməyə başlayır. Bu, genetikdir. Ata-ananın genində varsa, övladlarda ortaya çıxa bilər. Bu enzim arxa tərəfdə olmadığı üçün orada saç tökülməsinə demək olar ki, rast gəlmirik”.

Onun sözlərinə görə, qadınlarda daha çox diffuz tökülmə baş verir: “Qadınlarda saç tökülməsi varsa, bunun fizioloji, yoxsa patoloji olduğunu dəyərləndirmək lazımdır.

Əslində normal halda saç tökülməlidir. Gündə yüz, yüz əlli dənə saç tökülürsə, bu normalıdır. Saç tökülür və yerinə yenisi bərpa olunur. Əgər bərpa olunursa, saçda seyrəlmə olmursa, deməli, bu, fizioloji tökülmədir, yəni normal haldır.

Amma tökülmə fazasından sonra böyümə fazası gəlmirsə, saç ümumi seyrəlirsə bunun bir çox səbəbləri ola bilər”.

L. Mirzoyeva deyib ki, dəmir azlığı, qalxanvari vəzin problemləri, müxtəlif dərmanların qəbulu saçların tökülməsinə səbəb olur: “Ürək, təzyiq dərmanları, adi bir iştah açıcı dərman da saçda tökülmə yaradı. Tüklər həmin dərmanlara belə, cavab verib tökülə bilər. Saçların tökülməsinin səbəbi bədəndə olan qansızlıq, dəmir alığı da olar. Saçlar yaxşı qidalanmır deyə tökülə də bilər. Qalxanvari vəzdə olan problemlər zamanı saçlar seyrəlir, incəlir, matlaşır, parlaq olmur.

Bəzən belə də olur - saç çox tökülür, çox seyrəlir amma bu normalıdır, yəni fiziolojidir. Buna da ən çox hamiləlik dönəmindən sonra rast gəlinir. Uşaq dünyaya gələndən iki ay sonra saçlar tökülür. Bu isə uşağın on ayına qədər davam edir. Doğuşdan sonrakı on ay ərzində tökülmə davam edir. Bu, normal haldır. Bəzən tökülmə doğuşdan sonra qansızlıqla da bağlı ola bilər. Əksərən isə heç qan azlığı yoxdur, tökülmə olur. Heç bir tədbir görülməsə də, bu hal aradan qalxır, saçlar özü-özünə bərpa olunur”.

Patoloji saç tökülmələri haqda danışan dermatoloq qeyd edib ki, bu, tamamilə başqa bir haldır: “İstər qadın, istər kişilərdə ciddi bir tökülmə, seyrəlmə varsa, burada ilk olaraq iki səbəb ağıla gəlməlidir. Bunlardan birincisi stress faktoru, ciddi psixoloji travmalardır. Digəri, infeksiyalar, cərrahiyyə əməliyyatlarıdır. Bu hallar ciddi saç tökülməsində səbəb olur.

Cərrahiyyə əməliyyatlarından iki ay sonra saçda ciddi bir tökülmə baş verir. Narkoz əsnasında verilən dərmanlar saçlara təsir edir. Saç tökülməsi ilə bizə müraciət edən pasientə ilk sualımız “dərman içirsinizmi”, ikinci sualımız “cərrahiyyə əməliyyatı olunmusunuzmu”, üçüncü isə “stress keçirdinizmi” olur. Əgər bunlardan hamısına “yox” cavabı alırıqsa, o zaman həmin şəxsdə laborator təhlilləri başlanır. Tökülmənin səbəbi araşdırılır”.

Bəzi xəstəliklər zamanı saç dibində, dəridə büzüşmə - atrofiyalar, ağ ləkələr yarandığını deyən L. Mirzoyeva əksərən belə bir halla rastlaşmadıqlarını bildirib: “Tökülmə zamanı dəridə ciddi bir atrofiyanın olub-olmadığı yoxlanılır. Əgər atrofiya varsa, saç öz-özünə bərpa olunmur. Bəzi sızanaq növlərində də belə hallar ola bilər, yanıq sonrası da bununla rastlaşırıq. Bəzi xəstəliklər zamanı da saç dərisində atrofiya olur. Bu zaman problem müalicə ilə bərpa oluna bilir. Amma əksər hallarda saç tökülmələrində atrofiya olmur”.

Dermatoloq onu da deyib ki, irsi faktoru nəzərə alaraq saç tökülməsinin qarşısını almaq mümkün deyil: “Burada tək çarə saç əkilməsi sayılır. Amma yüngül gedişatlı tökülmələr zamanı dərmanlarla tökülmənin sürətini yavaşlatmaq mümkün olur”.

Suyun saçlara xüsusi bir şəkildə nə yaxşı, nə də pis təsirinin olduğunu vurğulayan həkim bu baxımdan yuyucu vasitələrin də hər hansı rolunun olmadığını açıqlayıb: “Saça qısamüddətli, müvəqqəti təmas edən su, yuyucu vasitə ona ciddi təsir edə bilməz”.

Amma L. Mirzoyeva deyib ki, saçlarda olan yağlanma prosesi irisdirsə, bunun qarşısını almaq olar: “Yağ vəzinin funksiyasını azaldan dərmanlar var. Onlar yağ vəzlərini kiçildir. Saçlarda və dəridə olan yağlanmanı aradan qaldırmaq mümkün olur.

Amma hər kəsin bu dərmanları qəbul etməsi doğru olmaz. Bununla bağlı əvvəlcə qan analizlərinin aparılması lazımdır. Çünki bu dərmanların əks göstərişləri ola bilər”.

Dermatoloq onu da deyib ki, yağlı saçları tez-tez yumaq ziyanlı deyil: “Sadəcə, qaynar sudan istifadə etmək yanlışdır. Qaynar su yağ vəzlərini fəallaşdırır, saçları daha da yağlandırır. Ona görə də ilıq su ilə yumaq gərəkdir”.

Həkim vurğulayıb ki, saçları nəm şəkildə ütüləmək, burmaq olmaz: “Bir çox insanlar hesab edir ki, saç nəm olanda ütülənsə, burulsa bunun ziyanı olmur. Amma əslində yanlışdır. Saç nəm olanda, ona isti ilə yaxından təsir edən zaman su molekulu buxarlanıb partlayır və saça ziyan verir. Saçları uzaqdan tutulan fenlə qurudub sonra ütüləmək olar”.

L. Mirzoyeva quru saçlarla bağlı danışarkən deyib ki, bədəndə vitaminlər az olanda saç uclarına vitamin çatmır: “Bu zaman saçlara maskalar etmək lazımdır. Tüklərin dibinə, dəriyə dəyməmək şərti ilə saçlara yağ tərkibli maskalar vurulmalıdır”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın