00:40 01 İyul 2016 12415
Ana səhifə Öncə Sağlıq

İnsult riski: nələrə diqqət olunmalıdır?

“İnsult keçirənlərdə birinci növbədə hərəki, hissiyyat pozğunluqları ortaya çıxır”

“Risk faktorları içərisində ilk yeri yüksək təzyiq, sonra şəkərli diabet tutur”

"Hər insult həyat üçün təhlükəli deyil"

“Tranzitor işemik həmlə böyük insultların başlanğıcı hesab olunur”

“İşemik insultlar yaşlılarda, təzyiqi yüksək olan şəxslərdə gecə saatlarında və səhərə yaxın inkişaf edir”

“Hemorragik insultların əmələ gəlməsində çox zaman anadangəlmə damar defektləri rol oynayır”

“Bu zaman qəfil baş ağrısı, ürəkbulanma yaranır”

“Bəzi şəxslərdə təzyiq 130, 135, 140-a qalxanda da insult təhlükəsi olur”

“Hemorargik insultlar hər yaşda inkişaf edə bilər”

“Təzyiqin nəzarətdə saxlanmaması, dərmanın vaxtında içilməməsi qorxulu hallarla nəticələnir”

"Hər il dünyada təxminən 15 milyon insan insult keçirir, onların 5 milyonu məhz bu səbəbdən həyatini itirir. 5 milyon insan isə bu və ya başqa dərəcədə əlillik qazanır".

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında tibb elmləri doktoru, professor, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki-Neyrofizioloji laboratoriyasının rəhbəri Sədaqət Hüseynova deyib.

Mütəxəssis qeyd edib ki, insult beyin qan dövranının kəskin pozulmasıdır. Bu hal müxtəlif mexanizmlərlə inkişaf edə bilər və bundan asılı olaraq insultun növləri ayırd edilir. Bir halda kəskin qan dövranının pozulmasına beyin toxumalarında olan işemiya səbəb olur. İkinci bir halda isə beyni qanla təchiz edən damarların partlaması, qanaması nəticəsində hemorragik insultlar yaranır.

Hemorragik insultların daha ağır hesab edildiyini qeyd edən həkim “Amma burada patologiya, prosesin, həcmi və harada yerləşməsi əsas sayılır. Yəni hemorragik insult elə yerdə baş verər ki, bu zaman heç əlamət də verməz. Bəzən işemik insult o qədər geniş ola bilər ki, daha təhlükəli hesab edilər”, deyə bildirib.

Bundan başqa, insultların tranzitor işemik həmlə adlanan bir növünün də olduğunu vurğulayan S. Hüseynova deyib ki, bu insult növü əmələ gələndən 24 saat ərzində əlamətlərinin bərpa olunması ilə fərqlənir və buna keçib gedən həmlə də deyilir: “Bu həmlə zamanı insultda olduğu kimi müxtəlif nevroloji əlamətlər, hərəki pozğunluqlar, nitq pozğunluqları inkişaf edə bilir. Bu insult növünü digərlərindən fərqləndirən hal əlamətlərin bərpa olunmasıdır. Əgər əlamətlər bərpa olunmazsa, artıq bu, işemik insult sayılır”.

Mütəxəssis deyib ki, tranzitor işemik həmlə böyük insultların başlanğıcı hesab olunur. Bu həmlədən sonra səbəb olan faktorlar araşdırılmazsa, prosesin qarşısı alınmazsa, müalicə olunmazsa, işemik insult inkişaf edir.

Həkim insult keçirən xəstələrdə birinci növbədə hərəki, hissiyyat pozğunluqlarının ortaya çıxdığını açıqlayıb.

Hər insultun həyati təhlükə yaratmadığını deyən mütəxəssis deyib ki, insultun sahəsi, harada yerləşməsi önəmlidir.

S. Hüseynovanın sözlərinə görə, insultun risk faktorları içərisində ürək-damar xəstəliklərində olduğu kimi birinci yeri arterial hipertenziya tutur, sonra şəkərli diabet, atereoskleroz, hiper xolesterinemiya problemlər, psixi-emosional gərginlik, alkoqoldan, siqaretdən istifadə, artıq çəki və s. amillər gəlir.

İnsultun keçirilməsində genetik amilin rolu barədə danışan mütəxəssis deyib ki, ümumiyyətlə, müasir tibdə bütün xəstəliklərin keçirilməsində irsi amili araşdırmaq lazım gəlir: “Bu məsələdə irsi və ailə faktorlarını ayırmaq lazımdır. İrsi faktor dedikdə nəsildən nəslə keçən xəstəliklər, bu halda isə bir ailənin bir neçə üzvündə təkrarlanan xəstəliklər nəzərdə tutulur”.

Həkim onu da vurğulayıb ki, insultla bağlı arterial hipertenziyanın həddi əsas göstərici deyil: “Elə insan var ki, onun normal fizioloji təzyiqi 80-60, 90-60 olur. Həmin şəxslərin arterial təzyiqi 130, 135, 140-a qalxanda belə insult olmaq təhlükəsi ilə üzləşə bilirlər.

Başqa bir qrup insanlarda isə sistolik təzyiq 200 və daha çox, diastolik təzyiq isə 100 və daha çox olsa da, onlar bunu klinik şəkildə hiss etmirlər. Əgər bu hiss olunsa, sağlamlıq üçün daha təhlükəsiz olar. Yəni bu bir siqnal olar və hansısa tədbirlər görülər”.

S. Hüseynova adətən işemik insultların yaşlı şəxslərdə, arterial təzyiqi yüksək olanlarda gecə saatlarında və səhərə yaxın inkişaf etdiyini açıqlayıb.

Onun sözlərinə görə, hemorragik insultlar isə başqa cür inkişaf edir. Onların yaranması tək arterial təzyiqin yüksək olmasına bağlı olmur, əmələ gəlməsində çox zaman beyin damarlarında olan anadangəlmə damar defektləri rol oynayır: “Onların partlaması nəticəsində beynə qan yığılır. Belə xəstələrdə hər şey qəfildən baş verir. Qəfildən baş ağrısı yaranır, ürək bulanma olur. Burada yaşın çox olması əsas deyil. Hemorragik insultlar hər yaşda inkişaf edə bilər”.

Həkim qeyd edib ki, damarlarda olan patologiyaların, anevrizmaların heç də hamısı insultlara gətirib çıxarmır: “Adətən onların 3-5 faizə qədərinin insulta gətirib çıxardığı bildirilir. Burada yardımçı faktorlar, hipertenziya, atereoskleroz, sinir-psixi gərginliklər də rol oynayır”.

İnsultun profilaktikası barədə danışan S. Hüseynova deyib ki, bir çox hallarda yüksək təzyiqi olan şəxslər özlərinə çox biganə yanaşırlar. Bəzən isə həkimlər onlara məsələnin ciddiliyini çatdırmırlar. Təzyiq dərmanları vaxtında içilmir, təzyiq nəzarətdə saxlanmır və bu sonda qorxulu hallarla nəticələnir: “Yüksək təzyiqi olan şəxslər üçün hədəf 140-90, şəkərli diabet xəstələri üçün isə bu norma bir qədər də aşağı - 130-80 olmalıdır. Eyni zamanda insult riskindən qaçmaq üçün şəkərlə bağlı göstəricilərin də normada saxlanması vacibdir.

Artıq çəkisi olan insanlar ilk növbədə onu azaltmaq haqda düşünməli, düzgün qidalanma rejiminə əməl etməli, fiziki aktivliyi artırmalıdırlar”.

Statistik rəqəmlərə istinad edən S. Hüseynova deyib ki, insultlardan sonra xəstələr 10 faiz hallarda öz sağlamlıqlarını tam bərpa edirlər, 2,5 faiz hallarda cüzi əlamətlər qalır, 40 faiz hallarda isə əlillik yaranır.

Onun sözlərinə görə, insult keçirmiş şəxs tam sağalandan sonra da onun yenidən insult olmaq riski olur: “Bir dəfə hətta minimal defekti olan insult keçirmiş şəxs həkimin tövsiyəsi əsasında daim profilaktik tədbirlər həyata keçirməlidir”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın