20:00 14 Oktyabr 2015 4696
Ana səhifə Öncə Sağlıq

Dərmanlardan qeyri-düzgün istifadə hansı fəsadlar yaradır?

“Bir neçə dərmanın bir saat, bir gün ərzində qəbul olunması onların toksiki təsirlərinin güclənməsinə səbəb olur”

“Virus infeksiyaları dövründə antibiotik qəbulu immuniteti zəiflədir”

““Bəzi dərmanların birdən-birə kəsilməsi xəstəliyin əvvəlki əlamətlərinin kəskinləşməsi ilə nəticələnir"

“Müalicənin effektivliyi dərmanın qəbulu və qida rejiminə düzgün əməl etməkdən asılıdır”

“Ağrıkəsicilərin reseptsiz qəbulu mədə və on iki barmaq bağırsaq xorasının qanaxmasına səbəb ola bilər"

“Dərmanlardan qeyri-düzgün istifadə halları geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada insanların 50 faizi dərmanlardan düzgün istifadə etmirlər. Dərmanların nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir. Ümumiyyətlə, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına səbəb olur”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-konsultant Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, xəstəliyin müalicəsinin effektivliyi dərman vasitələrinin qəbulu və qida rejiminə düzgün əməl etməkdən asılıdır.

Y. Abdıyeva deyib ki, dərmanlardan qeyri-düzgün istifadə çox geniş məfhumdur. Buraya bir neçə dərmanının birdən-birə, birdəfəyə qəbulu da daxildir: “Hər bir dərmanın müsbət olduğu kimi mənfi, əlavə təsirləri də var. Bir neçə dərmanının bir saat, ya da bir gün ərzində qəbul olunması onların istər-istəməz mənfi, toksiki təsirlərinin güclənməsinə səbəb olur.

Soyuq aylarda insanlar çox zaman həkim göstərişi olmadan antibiotik terapiyası qəbul edirlər. Hətta kəskin virus infeksiyaları zamanı buna yol verilir. Halbuki bu, çox yanlış addımdır, çünki antibiotiklər virus infeksiyalarına heç bir təsir etmir. Bu zaman əksinə immunitet zəifləyir, mikroblar patogen hala keçir, prosesə ikincili infeksiya qoşulur və xəstə daha gec sağalır. Ümumiyyətlə, antibakterial müalicədən öncə bakterioloji müayinə lazımdır”.

Hər bir dərmanın arzuolunmaz effektlərinin olduğunu vurğulayan mütəxəssis deyib ki, bu gün ən böyük problemlərdən biri də insanların apteklərdə reseptsiz satılan dərmanlar əsasında özlərini müalicə cəhdləridir: “Bu mənada daha çox ağrıkəsicilərdən, qeyri-steroid preparatlardan istifadə olunur. Baş davamlı ağrıyır amma səbəbi aydınlaşdırılmır, davamlı olaraq ağrıkəsicilər qəbul olunur. Qeyri-steroid ağrıkəsicilərin reseptsiz qəbulu mədə və on iki barmaq bağırsaq xorasının qanaxmasına səbəb ola bilər".

Onun sözlərinə görə, müalicə dövründə bir sıra dərmanların istifadəsinin birdən-birə dayandırılması doğru deyil: “Məsələn, hormonal, təzyiq əleyhinə preparatların, antikauqulyantaların birdən-birə kəsilməsi yanlış addımdır. Belə olan halda klinik əlamətlər birdən-birə kəskinləşə bilir.

Bu kimi dərmanlar adətən əvvəl bir, sonradan yarım, daha sonra ¼ hala keçirilərək qəbul olunur. Təzyiq dərmanı birdən-birə kəsiləndə müalicə nəticəsində stabilləşən təzyiq qəflətən yüksələ bilir. Onların qəbulunu birdən-birə dayandırmaq olmaz”.

Y. Abdıyeva onu da deyib ki, bir qrup hormonal preparatları günün birinci yarısında və mütəmadi olaraq eyni vaxtda qəbul etmək lazımdır.

Mütəxəssis qeyd edib ki, bəzən xroniki qəbizliyi olan insanlar apteklərdən həkim göstərişi olmadan işlədicilər alıb, istifadə edirlər. Bu da qanda kaliumun miqdarının azalmasına səbəb olur: “Kaliumun miqdarının azalması isə həm mərkəzi sinir sistemi, həm ürək, həm də yuxarı tənəffüs yollarında bir sıra fəsadların yaranmasına səbəb olur. Hətta ürəkdə problemlər olduğu halda bu kimi dərmanların nəzarətsiz qəbulu ölümlə nəticələnə bilir.

Elə dərman preparatları var ki, hətta normal dozada işləndiyi halda belə, fəsadlara səbəb olur. Buraya bir sıra antibiotikləri misal göstərmək olar. Onların nəzarətsiz qəbulu kartlığa, böyrək patologiyalarına, böyrək çatışmazlığına gətirib çıxarır.

Həkim nəzarəti olmadan levometsin, tetrasiklin preparatları da daha çox qəbul olunur. Bu isə qanda fosfor miqdarının azalmasına, sümüklərdə yumşalmaya səbəb olur. Onların qəbulu ancaq həkim təyinatı əsasında olmalıdır. Kortəbii olmaz. Hətta uşaqlara tetrasiklin tez-tez verilir. Nəzərə almaq lazımdır ki, 8 yaşa qədər uşaqlara tetrasiklin preparatı vermək olmaz. Bu sümük, qan əmələ gəlmə prosesini pozur”.

Həkim-konsultant qeyd edib ki, dərman terapiyası zamanı qaydalara düzgün əməl olunmalıdır. O, həmçinin vurğulayıb ki, ağrıkəsiciləri yeməkdən əvvəl qəbul etmək olmaz. Müalicə müddətində spirtli və qazlı içkiləri rasiondan çıxarmaq lazımdır.

Onun sözlərinə görə, hamiləlikdən bir ay öncə əlavə embriotoksik təsiri olan dərman vasitələrinin qəbulunu da dayandırmaq lazımdır...

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın