14:00 25 Avqust 2015 8381
Ana səhifə Öncə Sağlıq

Ağız, üz, çənə qüsurları: nə zaman və necə aradan qaldırmaq olar?

“Bu qüsurlar aradan qaldırılmasa, çeynənmə normal getmir, həzm prosesi normal icra olunmur”

“Uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağı sorması, ananın uşağa uzun müddət süd verməsi və tənəffüs problemləri çənə qapanmasında qüsurlara səbəb olur”

“Ağız üz və çənə qüsurlarının yaranmasında genetik faktorun da böyük önəmi var”

“Nəsildə dodaq yarığı, çənə problemi varsa, 3-4 nəsil sonra da üzə çıxma ehtimalı yüksəkdir”

“Ağız, üz, çənə qüsurları anadangəlmə və sonradan qazanılma olmaqla iki yerə bölünür. Təbii ki, anadangəlmə qüsurlar deyəndə öncə xalq arasında dodaq, damaq yarıqları göz önünə gəlir. Bundan başqa, hamiləlik dövründə alt çənənin tamamilə inkişafdan qalması, üst çənədə yaranan fərqli sindromları da qeyd etmək olar”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında ağız , üz və çənə cərrahı, uzman doktor, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının əməkdaşı İlham Mehdiyev deyib.

Mütəxəssis bildirib ki, bu qüsurlar aradan qaldırılmasa, funksional olaraq hərəkətlər düzgün icra olunmur. Məsələn, çeynənmə normal getmir, həzm prosesi normal icra olunmur. Çənə bağlanışı normal bir şəkildə olmasa, daha yuxarı yaşlarda gicgah-çənə oynaqlarında problemlər ortaya çıxır: “Həm də ən əsas məqamlardan biri də budur ki, belə problemi olan insanlar böyük kompleks içində olurlar. Məsələn, onlar sərbəst olmurlar, danışmaqdan, şəkil çəkdirməkdən yayınırlar, psixoloji baryerləri heç bir şəkildə aşa bilmirlər. Bu, onların həyatlarını istədikləri şəkildə qurmalarına mane olur”.

İlham Mehdiyev deyib ki, uşaqların əmzikdən daha çox istifadə etməsi, barmağını sorması, ananın uşağa uzun müddət süd verməsi və tənəffüs problemləri çənənin qapanmasında qüsurlara səbəb olur: “Çənənin bəlli bir şəkildə qapanma forması var. Amma qüsur olanda alt çənə tamamilə önə çıxmış, üst çənə isə alt çənəni tamamən örtmüş bir şəkildə olur. Bəzən isə üst çənə tamamilə inkişafdan qalır və gözaltı bölgənin çökük şəklində qalmasına səbəb olur”.

Onun sözlərinə görə, anadangəlmə ağız, üz-çənə qüsurları hamiləliliyin müəyyən dönəmlərində ultrasəs müayinəsi ilə müəyyən edilir və onları izləmək mümkündür: “Bu gün üçün həm dünya, həm də Azərbaycan üçün ən aktual problemlərdən biri də dodaq, damaq yarıqlarıdır. Bunlar təbii ki, bəlli yaş dönəmlərində, dodaq yarıqları uşaqların altı aylığında, damaq yarıqları isə 1-18 aylığında əməliyyatla aradan qaldırılmalıdır.

Amma əməliyyatdan sonra belə uşaqların ortodont nəzarətində olmaları önəmlidir. Çünki dodaq, damaq problemi olan uşaqlarda dişlər arasındakı məsafədə yarıq olanda üst şənə inkişafdan geri qalır. İnkişafdan qaldığı üçün ortodontun tətbiq etdiyi vasitələr üst çənədə problem yaranmasının qarşısı alına bilər. Yuxarı yaşlara gələnə kimi bu problemlər aradan qaldırılır. Bu hallar zamanında aradan qaldırılmasa, üst çənədə qüsurlar, çeynəmədə, udmada narahatlıq, pozğunluq yaranır”.

İ. Mehdiyev qeyd edib ki, ağız üz və çənə qüsurlarının yaranmasında genetik faktorun da böyük önəmi var. Nəsildə dodaq yarığı, çənə problemi varsa, 3-4 nəsil sonra da üzə çıxa bilər. Yəni sonradan ortaya çıxma ehtimalı yüksəkdir”.

Cərrah deyib ki, bütün valideynlər üz-çənə qüsurları ilə bağlı diqqətli olmalıdırlar. Əgər uşaqlarda ortodontik olaraq problemlər varsa, o zaman yubanmadan həkimə müraciət olunmalıdır: “Üz-çənə qüsurları həkim müayinəsi və rentgenlə aşkar olunur.

Valideynlər özləri də çox zaman bu qüsurları sezə bilirlər. Yandan baxanda çənənin nisbətən uzun olduğu görünürsə, mütəxəssisə nə qədər tez müraciət olunsa, bir o qədər faydalı olar. Qızlarda çənə formalaşması 16, oğlanlarda isə 18 yaşda başa çatır. Bu dönəmlərdə, bəzən isə daha tez, hətta problem ciddidirsə, məsələn 8 yaşda da breketlərdən istifadə olunması zərurəti ortaya çıxır.

İlkin olaraq breketler vasitəsilə problemi həll etməyə çalışmaq lazımdır. Əgər nəticə olmasa, o zaman cərrahiyyə əməliyyatlarının aparılmasına lüzum qalır, cərrahi tədbirlər görülür”...

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın