10:00 19 Aprel 2016 3943
Ana səhifə Öncə Sağlıq

“Uşaqlarda şişlər vaxtında aşkarlansa, sağalma ehtimalı böyük olur”

"Uşaqlarda əsasən genlər arasında balans pozulduqda xərçəng yaranır"

“Azyaşlılarda olan şişlər embrional xarakterli olur, yəni ana bətnində formalaşır”

"Statistikaya görə, uşaqlarda əsasən 4 yaşa qədər olan şişlərə rast gəlinir"

"Uşaq onkologiyasında 80 faiz tam sağalma ehtimali var"

“Uşaqlarda ən çox rast gəlinən onkoloji problem leykozdur”

“İkinci yerdə beyin, mərkəzi sinir sistemi şişləri gəlir”

“3 yaşdan kiçik uşaqlarda ancaq lokal şüalanma aparıla bilər”

"Səhər acqarına qusma, iki görmə, yeriyərkən müvazinəti itirmək beyin şişlərinin əlaməti sayılır”

"Leykozun ilkin əlaməti solğunluq, dalaqda böyümə, yuxusuzluq, hemoqlobin azlığıdır"

“Azərbaycanda hər il təxminən 300 uşaqda onkoloji problem aşkarlanır. Bütün dünyada xəstəliyə tutulma faizi ildən-ilə artır. Amma Azərbaycanda onkoloji xəstə uşaqların sayında elə böyük bir artım yoxdur”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Onkologiyası şöbəsinin müdiri, tibb elmləri doktoru Reyman İsmayılzadə deyib.

Mütəxəssis bildirib ki, Azərbaycanda uşaq onkologiyası mərkəz olaraq 2012-ci ildə Milli Onkologiya Mərkəzində formalaşaraq fəaliyyətə başlayıb: “Ümumiyyətlə, uşaq onkologiyası cavan bir sahədir. Azərbaycanda bu mərkəz yaranmazdan əvvəl bu sahədə problemlər mövcud idi. Uşaqların əksəriyyəti Azərbaycandan kənarda, qonşu respublikalarda, ya da Azərbaycanın özündə qeyri-profilli şöbələrdə müalicə olunurdular.Amma indi vəziyyət dəyişib və Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Uşaq Klinikasında onkoloji problemlərdən əziyyət çəkən uşaqlar üçün yüksək şərait yaradılıb.Burada həm kimya terapiyası, həm şüa terapiyası, həm cərrahi, həm də digər müalicələr tətbiq olunur. Bir sözlə, dörd il ərzində uşaq onkologiyası sahəsində böyük uğurlar əldə olunub. Mərkəzin bütün şöbələri ən müasir avadanlıqlarla təchiz olunub.Bütün onkoloji problemlər, uşaq leykemiyaları istisna olmaqla, bizim mərkəzdə müalicə olunur. Uşaqlarda olan leykemiya, leykoz problemləri (xalq arasında buna ağqanlılıq deyilir) isə Elmi Tədqiqat Hematologiya İnstitutunda müalicə edilir.

Mənim üçün müqayisə aparmaq çətin deyil, çünki 30 il Belarusda çalışmışam, bir çox xarici ölkələrdə təcrübələr keçmişəm. Bizdə olan şərait, heç yerdə yoxdur.Mərkəz ən son model tibbi avadanlıqla təmin olunub, dərman təchizatı da yaxşıdır.Eləcə də kadr potensialımız barədə müsbət fikirlər söyləyə bilərəm. Amma həyat irəli gedir, biz üzərimizdə daha çox çalışmalı, müasir proqramları, protokolları mənimsəməliyik. Biz bu gün də bütün addımlarımızı beynəlxalq protokollara uyğun olaraq atırıq. Müayinələr, müalicələr beynəlxalq protokollara uyğun edilir.Əldə olan nəticələr barədə isə optimist fikirlər söyləmək mümkündür”.

Mütəxəssis deyib ki, uşaq onkologiyası ilə böyük onkologiyası arasına bərabərlik işarəsi qoymaq olmaz, uşaqlarda və böyüklərdə aşkarlanan şişlər başqa-başqa tipli problemlərdir:

“Uşaqlarda şişlər embrional xarakterlidir, yəni ana bətnində başlayır. Böyüklərdə olan şişlər, məsələn, böyrək, mədə, bağırsaq, ağciyər, dəri şişləri epitelyar şişlərdir, yəni onların biologiyası fərqlidir. Onların inkişafı da başqadır, burada kanseregen faktorlar mühüm rol oynanır, uzun zaman proses gedir və sonra xərçəngə çevrilir. Onları yaradan səbəblər də başqadır. Uşaqlarda isə hüceyrə genomasında baş verən dəyişikliklər, mutasiya nəticəsində, genlər arasında balans pozulanda şişlər yaranır. Elə hallar da olur ki, hələ uşaq ana bətnində olanda belə bir problem olduğu aşkarlanır.Bəzən uşağın, qaraciyərində, böyrəyində, ya böyrəküstü vəzində törəmə olduğu görünür”.

R. İsmayılzadə deyib ki, statistikaya görə uşaqlar arasında onkoloji problemlərə doğulandan 4 yaşa qədər olan müddətdə çox rast gəlinir. Dörd yaşdan sonra rastgəlmə halları azalır, sonradan isə artım 14, 15, 16 yaşlarında qeydə alınmağa başlayır. Həmin dövrlərdə sümük, limfa şişlərinə daha çox təsadüf olunur. Amma nadir hallarda uşaqlarda da böyüklərdə olduğu kimi, böyrək, mədə, digər orqanların xərçənginə rast gəlinə bilər.

Onkoloji xəstəliklərin müalicəsində erkən diaqnostikanın mühüm əhəmiyyətinin olduğunu vurğulayan mütəxəssis deyib ki, problem nə qədər tez aşkarlansa, onun aradan qaldırılması bir o qədər asan olur: “Bu gün bizim əsas məqsəd pediatrların bu sahəyə olan diqqətini gücləndirməkdir. Ana öz uşağını birbaşa onkoloqun yanına, Milli Onkologiya Mərkəzinə gətirmir ki. Uşaqları pediatrlar nəzarətdə saxlayır. Problem olanda da birinci pediatra müraciət olunur. Pediatrlar bu sahə ilə bağlı məlumatlı olsalar, xəstəni düzgün yönləndirsələr, problem zamanında aşkarlanar və xəstəliyin müalicəsi də asan olar. Diaqnoz nə qədər tez qoyulsa, aparılan müalicənin effekti bir o qədər yaxşı olur.

Uşaq onkologiyasında diaqnoz zamanında qoyulanda təqribən 80 faiz hallarda tam sağalma ehtimalı var. Bu, təbii ki, müasir müalicələrin nəticəsində mümkün olur”.

Mütəxəssis deyib ki, problemin aradan qaldırılmasında şüa terapiyasının böyük rolu var: “Müasir cihazlar imkan verir ki, verilən şüa patologiya olan toxumalara düşsün, ətraf toxumalar isə çox şüalanmaya məruz qalmasın. Belə müalicə zamanı əlavə fəsadlar da olmur. Nəzərə almaq lazımdır ki, böyüməkdə olan orqanizm şüa terapiyasına qarşı çox həssasdır. Balans elə olmalıdır ki, aparılan müalicələr ağır fəsadlar verməsin. Müalicə etdiyimiz uşaq sonradan ailə, cəmiyyət üçün yük olmamalıdır. Şüanın, dərmanın hansı dozada və nə zaman verilməsi mühüm məsələdir. Müalicə etmək, sağaltmaq olar, amma uşaq intellektual inkişafdan qala bilər. Ona görə də maksimum diqqətli olmaq vacibdir. Xüsusilə qeyd edim ki, 3 yaşdan kiçik uşaqlarda ancaq lokal şüalanma aparıla bilər”.

R. İsmayılzadə bildirib ki, uşaqlarda ən çox rast gəlinən onkoloji problem leykemiyadır.

Onkoloqun sözlərinə görə, leykemiya ilə bağlı ilkin əlamətlər əsasən, uşaqda solğunluq, hemoqlobin, trombosit sayının azlığı, halsızlıq, zəiflik, tez yorulmaq, diş ətinin qanaması, dəridə səpgilərin yaranması, baş ağrıları, yuxusuzluq, qaraciyər, dalaq böyüməsi, sümüklərdə ağrılar ola bilər: “Pediatrlar ilk növbədə bu əlamətlərə diqqət etməlidirlər. Laborant özü belə qan analizinin nəticələrinə baxanda burada patologiya olduğunu asanlıqla görə bilir”.

Həkim bildirib ki, leykozla bağlı dəqiq diaqnoz qoymaq üçün Azərbaycanda bütün avadanlıqlar var: “Əvvəllər biz dəqiq nəticələr əldə etmək üçün analizləri Türkiyəyə göndərirdik, amma indi buna ehtiyac yoxdur”.

Leykozlardan sonra uşaqlarda ən çox beyin, mərkəzi sinir sistemi şişlərinə rast gəlindiyini deyən onkoloq bildirib ki, bu şişlərin ilkin əlaməti kəllədaxili təzyiqin qalxması ilə əlaqədar olaraq başgicəllənməsi, baş ağrıları, iki görmə, yerişdə səndələmə və səhər tezdən heç bir səbəb olmadan qusma olmasıdır: “Gözdə çəplik əlaməti, eyni zamanda göz bəbəyində həddən artıq parlaqlıq yaranması da (buna pişikgözlülük də deyilir) onkoloji problemin əlaməti, daha doğrusu retinada yaranan şişlə bağlı ola bilər. Onu da deyim ki, bu da yaxşı müalicə olunan problemlərdən biridir”.

R. İsmayılzadə onu da vurğulayıb ki, elə onkoloji problemlər var ki, onların həlli çox çətinidir. Onun sözlərinə görə, dünyanın hər yerində beyin kötüyünün şişi müalicəyə tabe olmur: “Beyin kötüyündə çoxlu mərkəzlər yerləşdiyinə görə, şişi kəsib götürmək mümkün olmur. Şüa terapiyası ilə onu kiçiltmək mümkündür, bununla isə çox az hallarda real nəticə əldə etmək olur və uzun yaşama ehtimalı yaranır. Bu da təbii ki, şişin növündən asılı olan məslədir”.

Mütəxəssis onlar üçün əsas problemlərdən birinin də valideynlərin onkoloji problemə olan münasibəti ilə bağlı olduğunu deyib: “Müalicə zamanı müəyyən irəliləyiş olan kimi müalicəni yarımçıq qoyub uşağı evə aparır və sonradan həkimə müraciət etmirlər. Və yaxud da onkoloqdan sonra digər ixtisas sahiblərinə müraciətlər olunur.

Biz təbii ki, insanların xarici ölkələrə getmələrinin əleyhinə deyilik, bu, hər kəsin öz seçimidir. Amma dəqiq diaqnoz olmalıdır, müalicə düzgün aparılmalıdır.

İrana gedib, orada müalicə alıb qayıdanların əksər hallarda xəstəlik tarixçəsi olmur. Onkoloji problemlə bağlı iki il müalicə almış xəstə uşağın valideynindən soruşuram ki, hansı müalicələr olub, interval necə qurulub, şüa terapiyası nə zaman olub, deyirlər ki, bilmirik. Biz aparılan müalicələrlə bağlı heç bir sənəd əldə edə bilmirik. Hətta epikriz vermirlər valideynlərə. Müalicələrin proqram əsasında, standartlara uyğun aparılmadığının şahidi oluruq.

Xarici ölkələrin bir çoxu bu problemlə bağlı müalicələrin aparılması, xəstə cəlb etmək üçün reklam işi qurur. Amma həmin ölkələrdə müalicələr həddən artıq baha başa gəlir.

Əgər sümük iliyi köçürülməyibsə, leykozun müalicəsi üçün təxminən 80 min dollar vəsait tələb olunur.

Ölkəmizdə bütün imkanlar olduğu halda xarici ölkələrə müraciət etməyə ehtiyac yoxdur, Milli Onkologiya Mərkəzinin imkanları çox böyükdür.

Onu da deyim ki, Milli Onkologiya Mərkəzinin bazasında 2015-ci ildən başlayaraq Onkoloji Xəstələrin Registri (Kanser Registri) yaradılıb. Hansı rayondan gəlməsində asılı olmayaraq, bu problemlə bağlı müraciət edənlərin hamısı qeydiyyata düşür. Bölgələrdə də problem aşkarlandıqda bizə bu haqda məlumat verilir. Müəyyən müddətdən sonra biz ölkəmizdə olan xəstələrin dəqiq statistikasını açıqlaya biləcəyik.

Bəzi valideynlər ümumiyyətlə, uşaqlarında belə bir problem olduğunu gizlədirlər.

Onu da demək istəyirəm ki, vətəndaşlarımız pessimist olmasınlar. Vaxtilə onkoloji problemlərdən müalicə etdiyimiz insanlar bu gün bir çox sahələrdə mütəxəssis kimi çalışırlar, bu gün onlar ailə başçısı, valideyndirlər.

Dünyanın hər yerində onkoloji problemlərdən müalicə olunmaların arasında elm adamları, dövlət xadimləri də var. Bu gün uşaq onkologiyasında 80 faiz sağalma ehtimalı var, 30 il bundan qabaq bu rəqəm 40 faiz idi. Bu, zarafat deyil, böyük rəqəmdir. Ona görə də biz hər zaman deyirik ki, problem varsa, bunu gizlətmək olmaz, vaxtında mütəxəssisə müraciət etmək lazımdır.

Ümumdünya Uşaq Onkologiya Cəmiyyətinin bir şüarı var: Heç bir onkoloji xəstə uşaq dünyasını dəyişməməlidir. Bu, uşaq onkoloqlarının idealıdır. Biz də arzu edirik ki, Azərbaycanda hər bir onkoloji xəstə uşaq sağalsın. Ona görə də valideynlərə müraciət edirəm ki, uşaqlarda anormal, şübhəli hal olan kimi mütləq həkimə müraciət etsinlər”.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın