11:20 16 İyun 2015 8895
Ana səhifə Öncə Sağlıq

“Oturaq həyat tərzi hamı üçün risklidir”

“Fiziki aktivlik zamanı stress azalır, insan daha ayıq olur”

“Qanda xolesterinin miqdarının azaldılması üçün dərman müalicəsindən öncə fiziki aktivlik tövsiyə olunur”

“Oturaq həyat tərzi keçirənlər heç olmasa iki saatdan bir 10 dəqiqəlik gəzintiyə çıxmalıdırlar”

”Hərəkətsizlik ən çox damar sərtləşməsinə - ateroskleroza səbəb olur”

“Bu gün oturaq həyat tərzini tibdə yeni bir diaqnoz adlandırırlar. Bu, artıq dünyada yeni tibbi problem kimi qəbul olunur, xəstəlik səviyyəsinə qədər gəlib çıxıb”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında kardioloq, uzman doktor, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Ürək-damar Mərkəzinin əməkdaşı Elnur İsayev deyib.

Mütəxəssis bildirib ki, oturaq həyat tərzi bədənin normal fizioloji inkişafı üçün yetərli olmayan fiziki aktivlikdən sonra ortaya çıxan fiziki haldır:

“İnsan bədəni, insan fiziologiyası onun daimi olaraq hərəkətdə olmasını tələb edən bir quruluşdadır. Əzələlər, sümük sistemi hamısı buna uyğundur. Buna baxmayaraq, fiziki tələbat ödənmədikdən sonra orqanizmdə müəyyən dəyişikliklər baş verir. Bu da öz özlüyündə problemlərə səbəb olur. Buna əvvəl dayaq-hərəkət sistemi, sonra qan-damar sistemi cavab verir. Daha sonra endokrin pozğunluqları, ardınca mübadilə pozğunluqları başlayır. Ən sonda isə psixoloji problemlər ortaya çıxır. Bunların hamısının vəhdəti nəticəsində orqanizmdə ciddi problemlər yaranır”.

Onun sözlərinə görə, bütün dünyada qəbul olunan normalara görə gün ərzində beş saata yaxın oturduğu yerdən ayağa qalxmaya əqli və ya hər hansı fəaliyyətlə məşğul olan insanlar oturaq həyat tərzi keçirənlər sayılır: “Təbii ki, bu, hər bir insan üçün risk təşkil edir.

Aparılan araşdırmalar göstərir ki, beş saatdan artıq oturaq həyat tərzi keçirən insanlarla daha az oturanlar arasında ölüm halları ilə bağlı 40 faizə qədər fərq var. Normalara görə, beş saatdan artıq oturan insanda daha çox problemlər ortaya çıxır. Təkcə ofis şəraitində oturanlar deyil, gündə bu qədər divanda oturub televizora baxanlar da, avtomobil idarə edənlər də, başqa bir işdə eyni vəziyyətdə durub işləyənlər də qeyri-aktiv həyat tərzi keçirir və bu da oturaq həyat tərzi sayılır.

Tutaq ki, bir insan səhərlər yarım saat, 45 dəqiqə qaçır, ya da başqa idman növü ilə məşğul olur, amma sonra işə gedir və kompüter qarşısında 12 saat oturur. Təbii ki, bu da oturaq həyat deməkdir”.

Həkim bildirib ki, oturaq həyat keçirənlərlə fiziki aktiv olanların xəstəliklərə müqavimətində, yaranan problemin gedişatında, eləcə də psixoloji statusları arasında böyük fərqlər var.

Kardioloq vurğulayıb ki, oturaq həyat tərzi qanda xolesterinin, şəkərin, hormonların miqdarının artmasının da səbəb olur: “Elmi araşdırmalar göstərir ki, gündə on saatdan artıq oturan insanlarda qanda xolesterinin miqdarı artmağa başlayır.

Bu isə ürək xəstəliklərinin inkişafına təsir edir, ateresklerozun başlanmasına şərait yaradır. Qan təzyiqi artır. Eyni zamanda insulinə qarşı rezisitentlik əmələ gəlir və bu isə şəkərli diabetin inkişafına şərait yaradır. Atereskleroz, qanda təzyiqin, xolesterinin miqdarının artması infarkt üçün risk faktorlarıdır”.

Avropa Kardiologiya Cəmiyyətinin son tövsiyələrini xatırladan Elnur İsayev deyib ki, onlardan biri də qanda xolesterinin miqdarının azaldılması üçün dərman müalicəsindən öncə fiziki aktivliyin tövsiyə olunmasıdır:

“İnsanlar sadəcə, fiziki aktivliklə qanda olan pis xolesterin miqdarını 10-15 faizə qədər müalicəsiz azalda bilərlər”.

Aktiv həyat tərzinin normalarına gəlincə, kardioloq bildirib ki, burada hər şeydən əvvəl daimilik prinsipinə diqqət etmək lazımdır:

“Səhər idman olubsa, bu, idealdır. Ancaq bunu gün ərzində də davam etdirmək lazımdır. Məsələn, ofis şəraitində elementar hərəkətlər etmək vacibdir.

Ən azı saatbaşı aerobika hərəkətlər etmək qan dövranın yeniləmək, normada tutmaq, əzələləri tonusda saxlamaq olar. Axşamlar sürətli yeriş, qaçış olmalıdır.

Həftədə üç dəfə daha ciddi idmanla məşğul olmaz gərəkdir”.

Mütəxəssis onu da deyib ki, oturaq həyat tərzi keçirən insanlarda beyin funksiyaları latent, yuxu halına keçir, beyin avtomatlaşır. Amma fiziki aktivlik zamanı beyin yeni yollar axtarır, yeni informasiya qəbul edir, daha aktiv olur. Bu zaman stress də azalır, insan daha ayıq olur: “Təbii ki, beyni ayıq olan insanlar daha çox nailiyyətlər əldə edirlər.

Hər kəs özü-özünə qərar verməlidir, hər saatbaşı, mümkün deyilsə, iki saatdan bir 10-15 dəqiqə gəzinti olmalıdır. Heç olmasa iki saatdan bir ayağa qalxmaq lazımdır.

Bu bədənə müsbət təsir edir, həm də maddələr mübadiləsini sürətləndirir”.

E. İsayev onu da deyib ki, oturaq həyat tərzi keçirənlər daha balanslaşdırılmış şəkildə qidalanmalı, bitki mənşəli qidalara üstünlük verməlidirlər: “Təbii ki, karbohidrat, protein, yağ da qəbul olunmalıdır. Amma bitki mənşəli qidalar mümkün qədər üstünlük təşkil etməlidir”.

Kardioloqun sözlərinə görə, oturaq həyat tərzi ən çox damar sərtləşməsinə - ateroskleroza səbəb olur. Bundan başqa, qanda təzyiq yüksəlir, beyin-qan-damar pozğunluqları, ayrı-ayrıq orqanlarda problemlər başlayır, aşağı ətraflarda damar genişliyi, damar tutulmasına, şəkərli diabetin başlanmasına şərait yaranır.

Oturaq həyat tərzi nəticəsində dayaq-hərəkət sistemində ortaya çıxan problemlər haqda danışan kardioloq deyib ki, sümükdə problemlərin ortaya çıxması da qaçılmaz olur: “Oturaq həyatı olan insanlarda müəyyən zamandan sonra sümükdə olan kalsium miqdarı azalır. Sınıqların, travmalar olanda gec sağalır. Aktiv həyat tərzi keçirən insanların sümüyü daha möhkəm olur. Xəstəliklərə qarşı müqavimət də artır.

Bəzi ürək patologiyalarını çıxmaq şərti ilə hamı üçün aktiv həyat tərzi tövsiyə olunur. Hətta ürək çatışmazlığında belə xəstəliyin gedişatına uyğun şəkildə fiziki aktivlik tövsiyə edilir”...

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın