20:40 22 Sentyabr 2015 8596
Ana səhifə Öncə Sağlıq

“Mədə-bağırsaq pozğunluqları ölümə də səbəb ola bilər”

“Mədə-bağırsaq pozğunluqları ölümə də səbəb ola bilər”

“İlkin olaraq bu pozğunluqların mənşəyini aydınlaşdırmaq çətin olur”

“Virus mənşəli mədə-bağırsaq infeksiyalarında antibiotiklərlə müalicə yanlışdır”

“Antibiotiklərin virus mənşəli infeksiyalara qarşı heç bir təsiri yoxdur, əksinə bu zaman onun tətbiqi ağırlaşmalara səbəb ola bilər”

“Mədə-bağırsaq pozuntuları bütün yaş qruplarında geniş yayılan bir problemdir.

Amma gedişatına görə uşaqlar arasında daha çox təsadüf olunur. Ağır formalarına da uşaqlar arasında geniş rast gəlinir. Bu da uşaq orqanizminin daha həssas olmasından irəli gəlir. Ona görə də uşaqlar arasında daha qabarıq formada özünü büruzə verir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında qastroenteroloq, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Anar Salayev deyib.

Mütəxəssis bildirib ki, mədə-bağırsaq problemləri adətən müxtəlif amillərin təsiri nəticəsində yaranır. Onun sözlərinə görə, mədə-bağırsaq pozğunluğunun əsas səbəbi qidalanma, şəxsi gigiyenanın gözlənilməməsidir: “Yay aylarında qida toksik infeksiyaları və virus mənşəli infeksiyalar çox yayılır. Adətən yüngül formadan başlayıb, ağır formalara keçir və hətta ölümə də səbəb olur. Ona görə də belə hallarda həkimə müraciət olunmalıdır, zamanlında diaqnoz qoyulmalı və müalicə aparılmalıdır”.

Anar Salayev deyib ki, ilkin olaraq mədə-bağırsaq pozğunluqlarının hansı mənşəli olduğunu aydınlaşdırmaq çətin olur: “Onların klinik gedişi və əlamətləri bir-birinə çox oxşadığı üçün ilk növbədə ayırd etməkdə çətinlik yaranır. Bunları ayırd etmək üçün ilk növbədə dəqiq, düzgün laborator analizlər aparmaq lazımdır.

Yay aylarında virus infeksiyaları geniş yayılır. Amma bu o demək deyil ki, bakterial infeksiyalara rast gəlmək mümkün deyil. Bakterial infeksiyalar da çox geniş yayılır və ağır fəsadlara da səbəb olması mümkündür.

Əgər mədə-bağırsaq pozğunluqları ağır formaya keçibsə, mütləq həmin şəxs infeksion şöbələrə yerləşdirilməlidir”.

Qastroenteroloq onu da qeyd edib ki, virus infeksiyaları zamani antibiotiklərlə müalicə yanlışdır: “Bəzən yanlış olaraq, əsassız şəkildə virus infeksiyalarında antibiotiklərdən istifadə edilir, təyin olunur. Çox zaman da valideynlər özfəaliyyət şəklində uşaqlara antibiotik verirlər. Antibiotiklərin virus mənşəli infeksiyalara qarşı heç bir təsiri yoxdur, əksinə bu zaman onun tətbiqi ağırlaşmalara səbəb ola bilər. Amma bu o demək deyil ki, virus mənşəli mədə-bağırsaq pozğunluqlarında heç bir tədbir görmək lazım deyil. Təbii ki, müəyyən müalicəvi vasitələrdən istifadə etmək gərəkdir”.

Mütəxəssis virus infeksiyaları zamani orqanizmi möhkəmləndirən müalicənin vacib olduğunu vurğulayıb: “Virusun orqanizmdə törədə biləcəyi fəsadları minimuma endirmək üçün lazımi tədbirlər görülməlidir.

Məsələn, kəskin bağıraq pozğunluqları zamanı, ishal hallarında hətta ağır fəsadlar - qıc olmalar, huşun itməsi də mümkündür. Bu zaman xüsusi tədbirlər görülməlidir. Ağır əlamətlərdən biri də temperaturun qalxmasıdır. Xüsusən də bakterial infeksiyalar zamanı bu hal daha çox müşahidə edilir. Bu, bizim üçün həyəcan siqnalı olmalıdır.

Çox kiçik yaşlı uşaqlarda temperaturun 38 dərəcədən yuxarı qalxması qıcolma ilə nəticələnə bilər. Xəstənin temperaturu qalxarsa, artıq dezintoksikasiya aparmaq və ehtiyac varsa, antibiotik təyin etmək lazımdır”.

Onun sözlərinə görə, mədə-bağırsaq infeksiyaları zamani davamlı ishal, qusma və sidik ifrazının azalması ciddi fəsadlara gətirib çıxara bilər: “Hətta ürək fəaliyyətinin pozulması, tənəffüs iflici, böyrəklərin fəaliyyətində ciddi fəsadlar ortaya çıxar. Vaxtında tədbir görülməsə, susuzlaşma aradan qalxmasa, ölüm baş verə bilər. Ələlxüsus uşaqlarla bağlı bu kimi hallara ciddi yanaşmaq lazımdır.

Mədə-bağırsaq pozğunluqları zamanı ilkin olaraq ev şəraitində dərmanlarsız tədbirlər görmək mümkündür.

Yüngül formalarda düzgün tədbir görüləndə dərmansız da qarşısını almaq mümkün olur. Amma ağır formalarda ev şəraitində tədbir görmək düzgün deyil, mütləq həkimə müraciət olunmalıdır”.

Həkim deyib ki, bağırsaq infeksiyaları zamani düyü sıyığı, qara qarağat və nar qabığı kiselləri, bişmiş meyvə püreləri ilə qidalanmaq daha doğru olar. Mədə-bağırsaq infeksiyaları zamani tərkibində konservant olan, qazlı qidalardan istifadə olmaz.

Toyuq, balıq bulyonları, istər buxarda bişmiş, istər yağda qızardılmış kotletləri qida rasionundan çıxarmaq lazımdır. Əgər susuzlaşma, qusma, qaytarma varsa varsa, o zaman ev şəraitində adi sodalı su, xörək duzunda hazırlanan xüsusi məhlullar qəbul olunmalıdır.

Amma Anar Salayev deyib ki, davamlı təkrar qusma hallarında xəstəyə xüsusi məhlul qatılmış su vermək olmaz. Çünki bu məhlullar özləri mədə bağırsağı qıcıqlandıra, ishalı, qusmanı artıra bilər, əlavə fəsad yaranar.

Mütəxəssis onu da vurğulayıb ki, əgər orqanizmdə su itkisi daha çoxdursa, xəstəxana şəraitində damar daxili müalicəyə keçmək lazımdır.

Onun sözlərinə görə, xəstədə genetik və xroniki mədə-bağırsaq probleminin olması, həyat tərzi, qida rejimi, aşkar olunmamış kolitlər tez-tez mədə-bağırsaq infeksiyalarının baş verməsinə səbəb ola bilər.

Həkim qeyd edib ki, bir çox dərmanlar da mədə-bağırsaq pozuntusu yarada bilər.

Müəllif | Apa.Tv

Məhbubə Qasımbəyli

Kodu kopyalayın