00:01 30 Noyabr 2020 182
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 30.11.2020

30 NOYABR

MARK TVEN

(1835-1910)

Mark Tven imzası ilə tanınan məşhur Amerika yazıçısı Semyuel Klemens 30 noyabr 1835-ci ildə Missuri ştatının Florida şəhərində doğulub. Ədəbi yaradıcılığa felyeton və yumoristik hekayələrlə başlayıb. Dünya uşaq ədəbiyyatının ən gözəl əsərlərindən olan “Tom Soyerin macəraları”, “Şahzadə və dilənçi”, “Qızıl suyuna çəkilmiş əsr”, “Heklberri Finnin macəraları” kitabları ona böyük şöhrət gətirib. Bir çox əsərləri Azərbaycan dilinə də tərcümə olunub. Mark Tven 21 aprel 1910-cu ildə Konnektikutda vəfat edib.

UİNSTON ÇÖRÇİLL

(1874-1965)

Böyük Britaniyanın siyasi, dövlət və hərbi xadimi Uinston Leonard Spenser Çörçill 1874-cü il noyabrın 30-da Oksford yaxınlığında doğulub. 1911-1922-ci illərdə liberallar hökumətində müxtəlif nazir vəzifələri daşıyıb, sonra Mühafizəkarlar Partiyasına keçib. Bir müddət maliyyə naziri olub. 1930-1939-cu illərdə jurnalist kimi fəaliyyət göstərib, 1940-cı ilin mayında baş nazir seçilib. 1945-ci ildə seçkilərdə məğlub olsa da, 1951-1955-ci illərdə yenidən Britaniya hökumətinə rəhbərlik edib. 1953-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb. Uinston Çörçill 24 yanvar 1965-ci ildə Londonda dünyasını dəyişib.

ELMİRA NƏZİROVA

(1928-2014)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, professor Elmira Mirzərza qızı Nəzirova 1928-ci ilin bu günü Bakıda doğulub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor G.Şaroyevin fortepiano sinfində, professor B.Zeydmanın bəstəkarlıq sinfində təhsil alıb. Konservatoriyada fortepiano sinfində dərs deyib. Simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir. Böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı “Ərəb mövzusunda fortepiano üçün konsert” Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olub. 1990-cı ildən İsraildə yaşayan bəstəkar orada pedaqoji fəaliyyətlə məşğul olub. “Şərəf nişanı” ordeni ilə təltif edilən Elmira Nəzirova 23 yanvar 2014-cü ildə İsrailin Hayfa şəhərində dünyasını dəyişib.

İLYAS TAPDIQ

(1934-2016)

Azərbaycan şairi və tərcüməçi İlyas Oruc oğlu Tapdıq 30 noyabr 1934-cü ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbdə, Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeiri ilə başlayıb. “Uşaqgəncnəşr”də redaktor, “Azərnəşr”də redaktor, böyük redaktor, "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində Gənclər redaksiyasının baş redaktoru, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri, Ankara şəhərində Türk Standartları İnstitutunda müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri vəzifələrində işləyib. “Kəndimizin çobanı”, “Bulaq başında”, “Arxalı dağlar”, “Təpələr” və başqa əsərlərin müəllifidir. İlyas Tapdıq 25 dekabr 2016-cı ildə Bakıda vəfat edib və Badamdar qəbiristanlığında dəfn olunub.

OSKAR UAYLD

(1854-1900)

İngiltərənin görkəmli şair və yazıçısı Oskar Uayldın anım günüdür. O, 1854-cü il oktyabrın 16-da Dublində dünyaya göz açıb. Milliyyətcə irland olub. Dublin Triniti Kollecində və Oksford Universitetində təhsil alıb. Bədii yaradıcılığa tələbəlik illərindən şeir yazmaqla başlayıb. Daha sonra yazıçı və tənqidçi kimi məşhurlaşıb. "Xoşbəxt şahzadə və digər nağıllar", "Nar ev", "Bülbül və qızılgül", “Paduya hersoginyası” və bir çox əsərlərin müəllifidir. “Dorian Qreyin portreti” romanı XIX əsr İngiltərə ədəbiyyatının ən yaxşı nümunələrindəndir. Oskar Uayld 1900-cü il noyabrın 30-da Parisdə vəfat edib.

ƏLİRZA RASİZADƏ

(1884-1923)

Azərbaycanın maarif, ictimai-siyasi və dövlət xadimi Əlirza Abdulla oğlu Rasizadənin xatirə günüdür. O, 1884-cü il sentyabrın 28-də Naxçıvanda din xadimi Abdulla Rasizadənin ailəsində anadan olub. 1900-cü ildə Qori Müəllimlər Seminariyasına daxil olub. Naxçıvanda rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi, İrəvan quberniyasının Naxçıvan qəzasında Xalq Təhsili Departamentinin rəisi işləyib. 1920-ci ildə Naxçıvan Xalq Komissarları Şurasında xalq maarifi komissarı vəzifəsinə təyin olunub. Bir sıra orden və medallarla təltif olunub. Əlirza Rasizadə 1923-cü il noyabrın 30-da Bakıda vəfat edib. O, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşıdır.

İZZƏT SEYİDOVA

(1910-1973)

Əməkdar incəsənət xadimi, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova da bu gün xatırlanır. O, 20 noyabr 1910-cu ildə Xarkovda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Peşəkar karyerasına 1938-ci ildə Azərbaycan Opera və Balet Teatrında başlayıb. "Bir qadının portreti", "Şair Mirvarid Dilbazi", "Sidqi Ruhullanın porteti" və bir çox rəsmlərin müəllifidir. Uzun illər Bakı İncəsənət Texnikumunda dekorasiya kompozisiyası üzrə dərs deyib. Əsərləri günümüzdə Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Teatr Muzeyi kimi bir çox muzeylərdə sərgilənir. "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunan İzzət Seyidova 30 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın