00:01 29 Mart 2021 107
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 29.03.2021

FAZİLƏ SƏMƏDOVA

(1929-2020)

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Fazilə İbrahim qızı Səmədova 29 mart 1929-cu ildə Şamaxıda anadan olub. 1946-cı ildə Bakıdakı 132 nömrəli orta məktəbi qızıl medalla bitirib. 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsini bitirib. Bir il yeni Bakı Neftayırma Zavodunda mühəndis işlədikdən sonra Azərbaycan Sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olub və 1955-ci ildə aspiranturanı bitirib. 1956-cı ildə namizədlik, 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1956-60-cı illərdə Azərbaycan Sənaye İnstitutunda "Neftin kimyası və texnologiyası" kafedrasında müxtəlif vəzifələrdə çalışıb. 1960-cı ildən Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda "Yağların kimyası və texnologiyası" laboratoriyasında baş elmi işçi işləyib. 1982-ci ildən "Neftlərin tədqiqi və yağların texnologiyası" laboratoriyasının müdiri vəzifəsinə təyin edilib. Bir sıra gözəl şeir və bayatıların da müəllifi olan Fazilə Səmədova 1 yanvar 2020-ci ildə Bakıda vəfat edib.

KAYAHAN

(1949-2015)

Türk pop musiqisinin məşhur nümayəndələrindən biri, müğənni, bəstəkar və şair Kayahan Açar 1949-cu ilin bu günü İzmirdə anadan olub. Uşaqlıq və gənclik illərini Ankarada keçirən müğənni daha sonra İstanbula köçüb. İstanbuldan sonra uzun müddət Balıkesir-Göməçdəki İnta Sevgi kəndində yaşayıb. Bu kənddəki bütün prospekt və küçələr onun mahnılarının adlarından ibarətdir. İlk olaraq məşhur müğənni Nilufərə verdiyi gözəl mahnılarla adını eşitdirməyə başlayıb. 3 iyun 1991-ci ildə çıxardığı “Yemin Ettim” adlı albomu ilə satış rekordu qıran müğənni “Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə görüşərik” şüarı ilə tanınıb. Uşaqlar üçün də mahnılar yazan ifaçı televiziyada uşaq proqramı da hazırlayıb. Musiqi fəaliyyəti ərzində 13 kaset və CD yazdıran sənətçi 1986-cı ildə ilk dəfə “Altın Portağal” mükafatına layiq görülüb. 1989-cu ildə Türkiyəni “Eurovision” mahnı müsabiqəsində “Gözlerinin hapsindeyim” mahnısı ilə təmsil edib. Kayahan 2015-ci il aprelin 3-də xərçəng xəstəliyindən dünyasını dəyişib və İstanbulun Kanlıca məzarlığında dəfn olunub.

AZAD ƏLİYEV

(1951-2014)

Azərbaycanın əməkdar incəsənət xadimi, professor, Azərbaycan Televiziyasının Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib. Pedaqoji fəaliyyətə 1980-ci ildə 6№-li musiqi məktəbindən başlayıb. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində və Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1974-1982-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972-1980-ci illərdə Respublika Sarayının baş səs rejissoru olub. 1980-ci ildən Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsində çalışıb. Müavin işlədiyi dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orkestrlə müxtəlif konsertlərdə çıxış edib. 1992-ci ildən Şövkət Məmmədova adına Opera Studiyasının direktoru, bədii rəhbəri və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi olub. Pedaqoji fəaliyyətlə yanaşı, ifaçı kimi də fəaliyyət göstərib. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını hazırlayıb. 1999-cu ildən isə Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi olub. 2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb. Azad Əliyev 30 mart 2014-cü ildə Bakı şəhərində vəfat edib.

ŞƏFA HÜSEYNOVA

(1975-2005)

Azərbaycan müğənnisi Şəfa Səyyad qızı Hüseynova 29 mart 1975-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. 1992-ci ildə Türkiyənin Egey Universitetinin Türk filologiyası fakültəsinə daxil olsa da, 1993-cü ildən təhsilini Bakı Dövlət Universitetində davam etdirib. Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa "Dağlar" adlı şeiri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verilişində çıxış edib. Qısa bir zamanda xalqın sevimlisinə çevrilən Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzasında anası ilə birlikdə həlak olub.

İLQAR İSMAYILOV

(1959-1992)

Azərbaycanın Milli Qəhrəmanı İlqar Sədi oğlu İsmayılov 29 mart 1959-cu ildə Bakı şəhərində anadan olub. 1966-1976-cı illərdə Bakının Nərimanov rayonundakı 45 saylı orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub, dzüdo üzrə idman ustası olub. 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra 1986-cı ilə qədər “Dinamo” İdman Klubunda məşqçi işləyib. Sonra Daxili İşlər Nazirliyinin Sabunçu rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilib, polis kapitanı rütbəsi alıb. 1991-ci ilin dekabrından başlayaraq tez-tez döyüş bölgələrinə ezam olunub. Şuşa rayonunun Malıbəyli, Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazisində gedən döyüşlərdə böyük igidliklər göstərib. 1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunub. Onun rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləyib. İlqar İsmayılov 1 oktyabr 1992-ci ildə qəhrəmancasına həlak olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 19 oktyabr 1992-ci il tarixli fərmanı ilə kapitan İlqar İsmayılova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı küçələrindən biri onun adını daşıyır, 45 saylı orta məktəbin önündə isə büstü qoyulub. Ailəli idi, iki övladı yadigar qalıb.

ETİBAR İSMAYILOV

(1964-1994)

Azərbaycanın Milli Qəhrəmanı Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra kənddəki Su Artezianları İstismarı İdarəsində çilingər kimi əmək fəaliyyətinə başlayıb. İki il sovet ordusunda hərbi xidmətdən sonra Azərbaycana qayıdıb. 1990-cı ildən başlayaraq Vətən torpaqlarının müdafiəsinə qoşularaq, əvvəlcə Ağdam, daha sonra Ağcabədi özünümüdafiə batalyonuna yazılıb. 4 yanvar 1994-cü ildə mühasirəyə düşən döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atıb, ermənilərin tankını ekipajla birlikdə məhv edib və özü qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Etibar İsmayılova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

FUAD NƏSİROV

(1971-1994)

Şəhid Fuad Məhərrəm oğlu Nəsirov 1971-ci il martın 29-da Xocavənd rayonunun Muğanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar könüllü olaraq Milli Ordu sıralarına yazılıb. 1994-cü il aprelin 21-də səhər saatlarında Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirib geriyə qayıdarkən pusquda dayanmış ermənilərlə səkkiz nəfər arasında qeyri-bərabər döyüş başlanıb. Bu döyüşdə kəşfiyyat dəstəsinin yeddi üzvü, o cümlədən Fuad Nəsirov şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn edilib.

İSMAYIL TAĞIYEV

(1977-2015)

Şəhid polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev 1977-ci ilin bu günü Lənkəranda anadan olub. Orta təhsilini Lənkəran şəhərindəki 4 nömrəli məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını, 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ağır atletika üzrə idman ustası, Azərbaycan və Avropa çempionu olub. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyatçı vəzifəsində çalışıb. İctimai asayişin təmin olunmasında, hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə fəxri fərmanlarla, 30 iyun 2006-cı ildə "İgidliyə görə" medalı ilə, 27 iyun 2014-cü ildə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. İsmayıl Tağıyev 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həlak olub və II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

ƏSƏD ƏSƏDOV

(1978-2020)

Şəhid Əsəd Cəmaləddin oğlu Əsədov 29 mart 1978-ci ildə Neftçala rayonunun Tatarməhlə kəndində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində, kredit təşkilatlarında məsul vəzifələrdə çalışıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib. Baş leytenant Əsəd Əsədov 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və Neftçala rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

ORXAN HƏMİDOV

(1980-2016)

Şəhid Orxan İbrahim oğlu Həmidov 1980-ci il martın 29-da Füzuli rayonunun Əhmədalılar kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Kiçik gizir Orxan Həmidov 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

CƏLİL CAVADOV

(1989-2020)

Şəhid Cəlil Ağaddin oğlu Cavadov 1989-cu ilin bu günü Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Kapitan Cəlil Cavadov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı şəhid olub və Lerik rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

SƏNAN KƏRİMOV

(1991-2020)

Şəhid Sənan Rəhman oğlu Kərimov 29 mart 1991-ci ildə Ağdam rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Kapitan Sənan Kərimov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

RUSİF KAZIMOV

(1997-2020)

Şəhid Rusif Yusif oğlu Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Rusif Kazımov noyabrın 5-də Laçın dəhlizi istiqamətində gedən döyüşlərdə şəhid olub və Cəlilabad rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

SÜLEYMAN SANİ AXUNDOV

(1875-1939)

Azərbaycan yazıçısı, nasir, dramaturq Süleyman Sani Rzaqulu bəy oğlu Axundovun anım günüdür. O, 1875-ci il oktyabrın 3-də Şuşada dünyaya gəlib. 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. "İkinci il" adlı dərs kitabının, "Qonaqlıq", "Kövkəbi-hürriyyət", "Yuxu", "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa əsərlərin müəllifidir. Onun məşhur “Qaraca qız” hekayəsi əsasında film də çəkilib. Süleyman Sani Axundov 29 mart 1939-cu ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

FEYZULLA QASIMZADƏ

(1898-1976)

Azərbaycanın əməkdar elm xadimi və əməkdar müəllimi, filologiya elmləri doktoru, professor, akademik Feyzulla Səməd oğlu Qasımzadənin xatirə günüdür. O, 1898-ci il fevralın 22-də Bakının Mərdəkan kəndində anadan olub. Uzun müddət Bakı Dövlət Universitetində Tarix kafedrasının və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub. 600-dək elmi məqalənin, onlarla dərslik və monoqrafiyaların müəllifidir. Üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Qafqazın müdafiəsinə görə” və “Böyük Vətən müharibəsində əmək igidliyinə görə” medalları ilə təltif edilib. Feyzulla Qasımzadə 1976-cı il martın 29-da vəfat edib və Mərdəkanda dəfn olunub.

KƏRİM KƏRİMOV

(1917-2002)

Azərbaycanın tanınmış hərbi xadimi, general-leytenant Kərim Abbasəli oğlu Kərimov da bu gün xatırlanır. O, 1917-ci il noyabrın 14-də Bakıda anadan olub. Azərbaycan Sənaye İnstitutunda və Dzerjinski adına Artilleriya Akademiyasında təhsil alıb. 1942-ci ildən sovet ordusunda xidmət etməyə başlayıb. 1943-1945-ci illərdə müdafiə sənayesinə aid müxtəlif zavodlarda hərbi nümayəndə kimi fəaliyyət göstərib, müharibədən sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatında çalışıb. 25 ildən artıq müddətdə kosmik gəmilərin uçuşu üzrə Dövlət Komissiyasına rəhbərlik edib, Ümumi Maşınqayırma Nazirliyində fəaliyyət göstərib. Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini, Azərbaycan EA-nın Aerokosmik Tədqiqatlar Mərkəzində Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olub. AMEA-nın fəxri üzvü seçilib. Səmərəli elmi-texniki fəaliyyətinə görə müxtəlif illərdə SSRİ Dövlət Mükafatına, "Şöhrət", “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenlərinə və müxtəlif medallara layiq görülüb. Kərim Kərimov 2002-ci il martın 29-da Moskvada dünyasını dəyişib.

NİZAMİ MƏMMƏDOV

(1958-1992)

Azərbaycanın Milli Qəhrəmanı Nizami Murad oğlu Məmmədovun anım günüdür. O, 1958-ci il yanvarın 12-də Xankəndi şəhərində dünyaya göz açıb. Nizami Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olub. Daha sonra polis zabiti olaraq Şuşaya köçüb. Özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edib, Daşaltı, Malıbəyli və Qaladərəsi kimi mühüm əməliyyatlara qatılıb. Nizami Məmmədov 1992-ci il martın 29-da düşmənin snayper gülləsindən həlak olub və Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

TABİL HƏSƏNOV

(1960-1992)

Azərbaycanın Milli Qəhrəmanı Tabil Qasım oğlu Həsənovun xatirə günüdür. O, 4 iyul 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1977-ci ildə burada orta məktəbi bitirib, 1980-ci ildə isə hərbi xidmətə çağırılıb. Xocalının Kosalar kəndində rabitə şöbəsində işləyib. Qarabağ müharibəsi başlayandan sonra Vətənin müdafiəsi məqsədilə silaha sarılıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə “Qırxqız qartalı” adını alıb. 1992-ci il martın 29-da düşmənin Kosalar kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub və bu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Tabil Həsənov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

CƏMİL NİFTƏLİYEV

(1968-1992)

Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev də bu gün xatırlanır. O, 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olub. 233 saylı məktəbdə təhsil alıb. 1986-cı ildə həqiqi hərbi xidmətə çağırılıb, Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilib. Ordudan tərxis olunduqdan sonra Səbail rayon Yanğından Mühafizə İdarəsində işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar silaha sarılıb. Cəmil Niftəliyev 1992-ci il martın 29-da Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ZAUR AXUNDOV

(1971-1994)

Şəhid Zaur Valeh oğlu Axundovun anım günüdür. O, 6 iyul 1971-ci ildə Tovuz rayonunda anadan olub. 1988-ci ildə burada orta məktəbi bitirib. 1989-1991-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub. Azərbaycana qayıtdıqdan sonra Tovuz rayonunun müdafiəsində yaxından iştirak edib. 1992-1994-cü illərdə düşmənlə üzbəüz mövqelərdə döyüşüb. 1994-cü il martın 29-da Tovuz rayonunun Koxanəbi kəndi ərazindəki Sulutəpə zirvəsində düşmənin atdığı tank mərmisinə tuş gələrək, 11 döyüşçü yoldaşı ilə birlikdə həlak olub. Zaur Axundov Tovuzun Şəhidlər Xiyabanında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın