00:01 27 Mart 2021 111
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.03.2021

XIDIR MUSTAFAYEV

(1905-1976)

Sovet İttifaqı Qəhrəmanı Xıdır Həsən oğlu Mustafayev 1905-ci ilin bu günü Qərbi Azərbaycanın Kirovakan rayonunun Gözəldərə kəndində doğulub. 1937-1941-ci illərdə Tiflis Ali Piyadalar Məktəbində hərbi təhsil alıb, müharibənin ilk günlərində motoatıcı batalyonun komandiri olub. Stalinqrad, Kiyev, Jitomir, Kazatin, Berdiçev, Prokursov, Ternopol və Fastov şəhərləri uğrunda döyüşlərdə şücaət göstərib. 1945-ci ildə Bakıya qayıdıb, bir müddət İçərişəhərdə yerləşən Bakı Hərbi Komendaturasına rəhbərlik edib. Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyində şöbə rəisi, 1 nömrəli Bakı Taksomotor Parkının direktoru vəzifələrində çalışıb. Xıdır Mustafayev 21 may 1976-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

DƏMİR GƏDƏBƏYLİ

(1939-2019)

Şair, filologiya elmləri doktoru Dəmir Müseyib oğlu Qasımov (Dəmir Gədəbəyli) 1939-cu il martın 27-də Gədəbəyin Ataxal kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1961-1991-ci illərdə AzTV-də müxbir, redaktor, baş redaktor və məsul katib işləyib. 1991-1994-cü illərdə "20 Yanvar" qəzetinin baş redaktoru olub. Elza İbrahimovanın bəzi mahnılarının söz müəllifidir. Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və s. dillərə tərcümə edilib. Azərbaycan bəstəkarları tərəfindən sözlərinə yüzlərlə mahnı bəstələnib. "Ayrılıgın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və başqa mənzum dram əsərlərinin müəllifidir. 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb. Dəmir Gədəbəyli 6 may 2019-cu ildə Bakıda vəfat edib.

VAQİF GƏRAYZADƏ

(1961)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Əzizağa oğlu Gərayzadə 27 mart 1961-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Bakının Bakıxanov qəsəbəsindəki 4 saylı musiqi məktəbinin fortepiano sinfində alıb. Azərbaycan Dövlət Konsert Birliyində, Filarmoniyada işləyib. 1983-1987-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun kütləvi tamaşalar rejissoru fakültəsini bitirərək, təhsilini bu ali məktəbin aspiranturasında davam etdirib. Mədəniyyət və İncəsənət Universitetində mədəniyyət tarixi və nəzəriyyəsi, estrada populyar musiqi kafedralarının müəllimi və müdiri olub. Vaqif Gərayzadə bir sıra beynəlxalq festival və müsabiqələrin qalibi, “Şeron”, “Aypara”, “Şərq ulduzları” musiqi qruplarının yaradıcısı, müxtəlif janrlarda caz, pop musiqisində əsərlərin müəllifidir.

ALEKSANDR KƏRİMOV

(1970-1990)

20 Yanvar şəhidi Aleksandr Ramazan oğlu Kərimov 1970-ci il martın 27-də Sverdlovsk vilayətinin Aqit kəndində anadan olub. Orta texniki təhsil alıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə yaralıları və həlak olanları maşınla daşıyarkən sovet əsgərləri tərəfindən atəşə tutulub və ağır yaralanıb. Fevralın 5-də xəstəxanada dünyasını dəyişən Aleksandr Kərimov Bakının Şəhidlər Xiyabanında dəfn edilib.

VALEH MƏMİYEV

(1994-2020)

Şəhid Valeh İsbat oğlu Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəçi kəndində anadan olub. Azərbaycan Ali Hərbi Məktəbində və Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təhsil alıb. 2015-ci ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb, tank bölük komandiri vəzifəsinə yüksəlib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 23-də dünyasını dəyişib. Doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

GÜLŞAD XƏLİLOV

(2001-2020)

Şəhid Gülşad Elşad oğlu Xəlilov 27 mart 2001-ci ildə Masallı rayonunun Kürdəbazlı kəndində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Gülşad Xəlilov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ELŞƏN İBRAHİMOV

(2002-2020)

Şəhid Elşən Cahangir oğlu İbrahimov 2002-ci ilin bu günü Şəki şəhərində anadan olub. Bakı Sosial-İqtisadi Kollecində təhsil alıb. 2020-ci ilin həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Elşən İbrahimov oktyabrın 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Şəkidə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

İLKİN MƏMMƏDOV

(2002-2020)

Şəhid İlkin Fərhad oğlu Məmmədov 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində iştirak edib və noyabrın 6-da şəhid olub. Əsgər İlkin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

MİRZƏ FƏRƏC RZAYEV

(1847-1927)

Bu gün görkəmli tar ifaçısı Mirzə Fərəc Rza oğlu Rzayevin anım günüdür. O, 15 mart 1847-ci ildə Bakı şəhərində anadan olub. Onun ifaçılıq sənəti Bakı muğam ifaçılığı məktəbi ilə bağlıdır. İlk dəfə bir tarzən kimi bakılı xanəndə Baladadaş ilə məclislərdə çıxış edib, eyni zamanda Məşədi Məlik Mənsurovun musiqi məclisinin fəal üzvlərindən biri olub, musiqişünas kimi də tanınıb. 1905-ci ildən sonra Keçəçi oğlu Məhəmmədin dəstəsinə qoşulub. Şərq Konservatoriyasında, Ramana fəhlə klubunda və Bakı Musiqi Texnikumunda tar dərsi deyib. 1925-ci ildə Üzeyir Hacıbəyovun rəhbərliyi ilə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak edib, "Muğam komisyonu"nun üzvü olub. Mirzə Fərəc Rzayev 1927-ci ilin 27 martında Bakıda vəfat edib.

BABA ƏLİYEV

(1915-1991)

Azərbaycanın xalq rəssamı Baba Balababa oğlu Əliyevin xatirə günüdür. O, 22 mart 1915-ci ildə Bakının Zirə qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləyib, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib, SSRİ Rəssamlar İttifaqının üzvü olub. "Növbə qabağı", "Aylı gecə", "Neftçilərin istirahəti", "Şaftalılar", "Göygöldə axşam" və başqa əsərlərin müəllifidir. Baba Əliyev 27 mart 1991-ci ildə Bakıda vəfat edib.

NƏRMİNƏ MƏMMƏDOVA

(1932-1997)

Azərbaycan müğənnisi Nərminə Ağası qızı Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən dünyasını dəyişib. O, 1932-ci ildə Qazaxda ziyalı ailəsində anadan olub. İlk adı Fəridə olub, lakin “Çalıquşu” romanında əziyyətli həyat sürən Fəridə adının qızına uğursuzluq gətirdiyinə inanan anası onun adını dəyişib və Nərminə qoyub. 13 yaşından Pionerlər Evinə yazılıb, məşqlərdə iştirak edib, uzun müddət radioda işləyib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Oxuduğu mahnılar ona böyük şöhrət qazandırıb.

YURİ QAQARİN

(1934-1968)

Dünyanın ilk kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Yuri Alekseyeviç Qaqarinin xatirə günüdür. O, 9 mart 1934-cü ildə Smolensk vilayətinin Qjatsk (indiki Qaqarin) şəhərində anadan olub. 1949-cu ildə orta məktəbi bitirərək, Lyubertsı Peşə Məktəbinə daxil olub. 1951-ci ildə Saratov Sənaye Kollecinin tələbəsi olarkən aviasiya ilə maraqlanıb və 25 oktyabr 1954-cü ildə ilk dəfə Saratov aeroklubuna gəlib. İyun ayında Saratov Sənaye Kollecini bitirib, iyul ayında “Yak-18” təyyarəsində ilk uçuşunu edib. 1955-ci ildə Sovet Ordusu sıralarına çağırılıb və K.E.Voroşilov adına 1-ci Çkalov Hərbi Aviasiya Məktəbində oxumaq üçün Orenburq şəhərinə göndərilib, 1957-ci ildə isə Şimal Donanmasının qırıcı aviasiya alayına qatılıb. 1960-cı ildə Hərbi Hava Qüvvələrində məşqlərə başlayıb. 12 aprel 1961-ci ildə Baykonur kosmodromundan “Vostok” kosmik gəmisi ilə birlikdə dünyada ilk dəfə kosmosa uçub və cəmi 108 dəqiqədən sonra Saratov vilayətinin Smelovka kəndi yaxınlığında eniş edib. Yuri Qaqarin 1968-ci il martın 27-də saat 10:18-də Vladimir Sereginlə Çkalovsk aeroportundan qalxan təyyarədə növbəti sınaq uçuşunu keçirərkən qəzaya uğrayaraq həlak olub.

SƏMƏNDƏR RZAYEV

(1945-1986)

Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru, qiraət ustası Səməndər Mənsim oğlu Rzayevin xatirə günüdür. O, 2 yanvar 1945-ci ildə Ağsuda doğulub. Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964-1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1968-ci ildə baş rejissor Tofiq Kazımovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul edilib. İlk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Bir sıra tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradan Səməndər Rzayev 27 mart 1986-cı ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

RAUF BABAYEV

(1937-2020)

Azərbaycanın xalq artisti Rauf Yusif oğlu Babayev də bu gün xatırlanır. O, 30 dekabr 1937-ci ildə Qərbi Azərbaycanda anadan olub. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində, 1957-1962-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1965-ci ildən yaradıcılıq taleyini "Qaya" estrada ansamblı ilə bağlayıb. 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının "Qaya" estrada ansamblının vokalçısı, 1968-1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində "Qaya" kvartetinin, 1972-1987-ci illərdə "Qaya" dövlət ansamblının, 1987-2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində "Qaya" dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olub. 2001-ci ildən "Qaya" dövlət orkestrinin, 2003-cü ildən "Qaya" dövlət ansamblının "Bəri bax" vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Mədəniyyət Nazirliyinin Dövlət "Qaya" Ansamblının bədii rəhbəri işləyib. Rauf Babayev 27 mart 2020-ci ildə Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

ÜLFƏT KƏRİMOV

(1971-1993)

Qarabağ müharibəsi iştirakçısı, tanınmış kəşfiyyatçı Ülfət Ələkbər oğlu Kərimovun anım günüdür. O, 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra Azərbaycan Neft-Kimya İnstitutuna daxil olub. 1992-ci ilin sentyabrında təhsilini yarımçıq qoyub və könüllü olaraq Qarabağ müharibəsinə yollanıb. 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girib. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub. Ülfət Kərimov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

QALİB ZÜLFÜQARLI

(1992-2016)

Şəhid Qalib Laim oğlu Zülfüqarlının xatirə günüdür. O, 1992-ci il dekabrın 20-də Lənkəran şəhərində anadan olub. Şəhər 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2014-cü ildə leytenant rütbəsi ilə cəbhənin ön sıralarında hərbi xidmətini davam etdirib. 2015-ci il martın 27-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub və Lənkəran rayonunun Vilvan kəndində dəfn edilib. Qalib Zülfüqarlı ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın