00:01 26 Noyabr 2020 192
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 26.11.2020

NORBERT VİNER

(1894-1964)

Amerika alimi, riyaziyyatçı, kibernetikanın banisi Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olub. Orta məktəbi 11, ali məktəbi 14 yaşında bitirib, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını alıb. Harvard Universitetində təhsil alıb. Əsərləri riyazi məntiqə, funksional təhlilə, ehtimal nəzəriyyəsinə, Furye sıraları və çevirmələrinə, ümumi harmonik analizə, hesablama texnikasına və nəzəri fizikaya aiddir. Kibernetikanın vahid elm kimi formalaşmasında böyük rolu olub. Norbert Viner 1964-cü il martın 18-də Stokholm şəhərində vəfat edib.

MÜXLİS CƏNİZADƏ

(1928-1972)

Azərbaycanın əməkdar artisti, aktyor, bədii qiraətçi Müxlis Mirsabir oğlu Cənizadə 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və başqa tamaşalara quruluş verib, respublikanın bir sıra teatrlarında Azərbaycan və dünya dramaturqlarının əsərlərində yaddaqalan obrazlar yaradıb. Bir çox filmlərdə çəkilib. Gənc aktyorlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olub. Müxlis Cənizadə 1972-ci il dekabrın 10-da Bakıda vəfat edib.

HƏSƏN MİRZƏYEV

(1927-2015)

Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həsən İbrahim oğlu Mirzəyev 1927-ci ilin bu günü Qərbi Azərbaycanın Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb, daha sonra rayon xalq maarif şöbəsinin müfəttişi, Qovuşuq kənd orta məktəbinin direktoru olub. Daha sonra Bakıya köçüb və ömrünün sonunadək Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 200-dən çox elmi əsərin, 25 kitabın və 10-a yaxın dərs vəsaitinin müəllifidir. “Şöhrət” ordeninə layiq görülən Həsən Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib.

AYDIN ƏFƏNDİ

(1959-1996)

Rusdilli Azərbaycan şairi Aydın Niyazi oğlu Əfəndiyev 26 noyabr 1959-cu ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsində təhsil alıb. 24 yaşında fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Bədii yaradıcılığa 1981-ci ildə başlayıb. Yusif Səmədoğlunun təqdimatı ilə "Literaturnaya qazeta"da haqqında yazı və şeirləri dərc olunub. Əsərlərini rus dilində yazıb. “Öz adanı yarat”, “Yoxluq” və başqa kitabların, “Bakılılar” adlı yarımçıq qalmış romanın müəllifidir. Aydın Əfəndi 1996-cı il avqustun 20-də Bakıda vəfat edib və Şamaxı rayonunun Dədəgünəş kəndində dəfn olunub.

XEYRANSA MƏMMƏDOVA

(1966-1995)

Məşhur Azərbaycan müğənnisi Xeyransa Məmmədova 1966-cı il noyabrın 26-da Bakıda anadan olub. Paytaxtdakı 232 nömrəli orta məktəbdə oxuyub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndəlik sinfində təhsil alıb. 1977-ci ildə “Vətən” instrumental ansamblına qoşulub, ardınca “Oxu tar” müsabiqəsinə qatılaraq uğur qazanıb. 1980-ci ildə böyük səhnəyə çıxıb. Onun ifasında Səid Rüstəmovun “Oxu tar”, “Oxu gözəl”, Cahangir Cahangirovun “Necə əl çəkim”, Emin Sabitoğlunun “Azərbaycan, “Təklik”, “Ay bülbüllər” və “Sarı bülbül” mahnıları populyarlıq qazanıb. Moskva, Kiyev, Xarkov, İrəvan və Tiflis şəhərlərində də konsert proqramları ilə çıxış edib. Xeyransa Məmmədova 1995-ci il iyunun 2-də övlad dünyaya gətirən zaman vəfat edib və Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

CAVİD ABDURƏHMANOV

(1972-1992)

Şəhid Cavid Təvəkkül oğlu Abdurəhmanov 1972-ci ilin bu günü Şamaxıda anadan olub. Şamaxı şəhərində yerləşən Cəmo bəy Cəbrayılbəyli adına orta məktəbdə və Bakı Kooperativ Texnikumunda təhsil alıb. 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. Cavid Abdurahmanov 1992-ci il oktyabrın 19-da Kəlbəcər rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub və Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

QAFUR RƏŞAD MİRZƏZADƏ

(1884-1943)

Pedaqoq, naşir-mühərrir, tərcüməçi, coğrafiyaçı, publisist Qafur Rəşad Ələkbər oğlu Mirzəzadənin anım günüdür. O, 1884-cü il mayın 6-da Şamaxı rayonunda anadan olub. Şamaxıda mollaxanada, şəhər məktəbində, ikiillik Ali Pedaqoji İnstitutda, Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində təhsil alıb. Bakıda III Aleksandr kişi gimnaziyasında xüsusi komissiya qarşısında imtahan verərək, Azərbaycan dili müəllimi vəsiqəsi alıb. Şamaxı qəzasının Lahıc kənd ibtidai məktəbində, Bakıda “Nəşri-maarif” cəmiyyətinin müəllim hazırlığı kursunda, Rus-Azərbaycan məktəbində və Ali Pedaqoji İnstitutda müəllim işləyib. Azərbaycan Dövlət Universitetində, Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Azərbaycanda ilk coğrafiya dərsliklərinin tərtibçisi, Əbdürrəhman Tofiq Əfəndizadə ilə birlikdə “Məktəb” adlı sayca ikinci uşaq jurnalının və uşaqlara məxsus ədəbiyyat nəşr edən eyni adlı ilk mətbəənin təsisçisi olub. 18 dərslik və dərs vəsaitinin müəllifidir. Qafur Rəşad Mirzəzadə 26 noyabr 1943-cü ildə Bakıda vəfat edib.

VÜQAR NƏSİBOV

(1975-2015)

Şəhid polis serjantı Vüqar Əyyub oğlu Nəsibovun xatirə günüdür. O, 1975-ci ildə Bakıda anadan olub. Uşaq yaşlarından idmanla məşğul olub, kikboksinq üzrə Azərbaycan çempionu olub. 2012-ci ildə İtaliyada keçirilən dünya çempionatında uşu-sanda idman növü üzrə qızıl medal qazanıb. Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyatçı vəzifəsində çalışıb. Vüqar Nəsibov 26 noyabr 2015-ci ildə Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ağır yaralanaraq dünyasını dəyişib və II Fəxri Xiyabanda dəfn edilib. Azərbaycan Prezidentinin 27 noyabr 2015-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

İSMAYIL TAĞIYEV

(1977-2015)

Şəhid polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev də bu gün xatırlanır. O, 29 mart 1977-ci ildə Lənkəranda anadan olub. Orta təhsilini Lənkəran şəhərindəki 4 nömrəli məktəbdə alıb. 1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını, 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ağır atletika üzrə idman ustası, Azərbaycan və Avropa çempionu olub. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyatçı vəzifəsində çalışıb. İctimai asayişin təmin olunmasında, hüquq qaydalarının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə dəfələrlə fəxri fərmanlarla, 30 iyun 2006-cı ildə "İgidliyə görə " medalı ilə, 27 iyun 2014-cü ildə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. İsmayıl Tağıyev 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həlak olub və II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Prezidentinin 27 noyabr 2015-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın