00:01 26 Mart 2021 189
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 26.03.2021

ŞİRƏLİ MÜSLÜMOV

(1805-1973)

Dünyanın ən uzunömürlü sakinlərindən biri olmuş Şirəli Fərzəli oğlu Müslimov 26 mart 1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olub. Şirəli baba 3 dəfə evlənib və 23 övlad sahibi olub. 1966-cı ildə “Azərbaycan” kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkilib. Uzunömürlülüyünə görə Ginnesin Rekordlar Kitabına düşüb. Onun yaşını təsdiqləyən yeganə sənəd pasportu olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığından, yaşı şübhə doğurur. Şirəli Müslimov 2 sentyabr 1973-cü ildə vəfat edib.

FATMA MUXTAROVA

(1893-1972)

Azərbaycanın xalq artisti, Gürcüstanın əməkdar artisti, müğənni Fatma Abbas qızı Muxtarova 26 mart 1893-cü ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 12 yaşından küçələrdə mahnılar oxuyaraq pul qazanıb. Onu Saratovda "Katya Muxtarova" və ya "Şarmankaçı Katya" olaraq tanıyıblar. İki il Konservatoriya təhsili aldıqdan sonra Saratovdan Moskvaya yola düşüb və burada məşhur musiqiçi Fyodor Şalyapinlə tanış olub. 1913-cü ildə ilk dəfə Bakıya gəlib. Daha sonra Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxuyub, 1938-1953-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. “Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif edilən Fatma Muxtarova 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

YAVƏR KƏLƏNTƏRLİ

(1902-1979)

Azərbaycanın əməkdar artisti, xanəndə Yavər Abbas qızı Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olub. 1932-1937-ci illərdə Azərbaycan radiosunun, 1937-1941 və 1945-1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Teatrda Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unda Leyli, "Əsli və Kərəm"də Əsli, Müslüm Maqomayevin "Şah İsmayıl"ında Ərəbzəngi kimi rollar oynayıb. Muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısı olan Yavər Kələntərli 5 fevral 1979-cu ildə Bakıda vəfat edib.

ƏLƏSGƏR ƏLƏKBƏROV

(1910-1963)

Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru, VI çağırış SSRİ Ali Sovetinin deputatı Ələsgər Hacıağa oğlu Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. Bir neçə il Tiflis Azərbaycan Teatrında və Gəncə Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb, bir çox tamaşalarda maraqlı obrazlar yaradıb. "Varislər", "Böyük dayaq", "Fətəli xan", "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" kimi filmlərdə yaddaqalan rollar oynayıb. Ələsgər Ələkbərov 1 yanvar 1963-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

SABİT RƏHMAN

(1910-1970)

Azərbaycanın əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, Sabit Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə anadan olub. İlk təhsilini burada aldıqdan sonra Bakıda nümunə məktəbində oxuyub, sonra Bakı Darülmüəlliminə köçürülüb, burada ona Hüseyn Cavid, Abdulla Şaiq və Seyid Hüseyn kimi qüdrətli sənətkarlar dərs deyib. Məktəbi bitirdikdən sonra yenidən Şəkiyə qayıdaraq, vaxtilə oxuduğu zəhmət məktəbinə müəllim təyin olunub. Bir müddət sonra isə ali təhsil dalınca Bakıya gəlib və Bakı Ali Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsilini davam etdirib. Sonra isə Moskvada Kinematoqrafiya İnstitutunun ssenari kurslarını bitirib. 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi felyetonlarla ədəbi fəaliyyətə başlayıb. 1931-ci ildə ilk hekayələr məcmuəsi dərc olunub. O, Azərbaycan kinokomediyasının banilərindəndir. «Arşın mal alan», «O olmasın, bu olsun», «Koroğlu», «Əhməd haradadır» filmlərinin ssenari, «Ulduz», «Hicran» musiqili komediyalarının libretto müəllifidir. İki dəfə “Qırmızı Əmək Bayrağı ordeni” ilə təltif olunan Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

OQTAY ƏFƏNDİYEV

(1926-2013)

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi Oqtay Əbdülkərim oğlu Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, bir il sonra ali təhsilini Moskvada davam etdirib və 1946-1950-ci illərdə burada Şərqşünaslıq İnstitutunun İran bölməsində oxuyub. Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda başlayıb, burada kiçik elmi işçi və baş elmi işçi olub, 1975-ci ildən ömrünün sonunadək isə “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri vəzifəsini tutub. Azərbaycan Səfəvilər dövlətinin sosial-iqtisadi, siyasi və mədəni tarixinə dair araşdırmaları ilə geniş şöhrət qazanıb. 2006-2007-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix üzrə ekspert şurasının sədri olan Oqtay Əfəndiyev 26 fevral 2013-cü ildə Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

VASİF MEHBALIYEV

(1994-2020)

Şəhid Vasif Gülhəsən oğlu Mehbalıyev 1994-cü il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Hadrut və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Vasif Mehbalıyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Bacısı Gülər onun şəhid olması xəbərini eşidən kimi intihar edib. Ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

ADƏM HEYDƏROV

(2000-2020)

Şəhid Adəm İkram oğlu Heydərov 26 mart 2000-ci ildə Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Adəm Heydərov oktyabrın 13-də Ağdərə döyüşləri zamanı şəhid olub və doğulduğu qəsəbədə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

EHTİRAM ƏHMƏDOV

(2001-2020)

Şəhid Ehtiram Teyyub oğlu Əhmədov 2001-ci ilin bu günü Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Ehtiram Əhmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və noyabrın 9-da şəhid olub. Doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

LÜDVİQ VAN BETHOVEN

(1770-1827)

Dahi alman bəstəkarı və pianoçusu Lüdviq van Bethovenin anım günüdür. O, 17 dekabr 1770-ci ildə Bonn şəhərində anadan olub. 11 yaşında işləməyə başlayıb, kilsədə orqan çalanı əvəz edib, 14 yaşında knyaz sarayında orqan çalıb, varlı ailələrə musiqi dərsi deyib. Haydn və Salyerinin tələbəsi kimi Vyana klassik musiqi məktəbinin sonuncu mogikanı, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiquru sayılır. 27 yaşında ikən eşitmə qabiliyyətini demək olar ki, itirsə də, dünya musiqi xəzinəsinə əvəzsiz əsərlər bəxş edib. Lüdviq van Bethoven 1827-ci il martın 26-da Vyanada vəfat edib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

YUSİF AĞA DADAŞOV

(1870-1918)

Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi Yusif Ağa Hacıağa oğlu Dadaşovun xatirə günüdür. O, 1870-ci il martın 18-də İçərişəhərdə doğulub. Stokholm Universitetini bitirən Yusif Ağa 20 yaşından gəmiçiliklə məşğul olub, kontorda idarəçilik işləri görüb, bir neçə gəmiçilik idarəsinin sahibi, daha sonra bankir olub. Gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə sərf edilib. Bakı-Batum neft kəmərinin çəkilməsini, Bakı Duması binasının inşasını maliyyələşdirib, Bibiheybət məscidini bərpa etdirib. Səməd Vurğun küçəsindəki Diaspor Komitəsinin binası, 28 May küçəsindəki 23 saylı məktəbin binası, “Metropol” hoteli də (Nizami muzeyinin binası) Dadaşovların mülkü olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın olduğundan, Müsavat Partiyasının ilk qurultayı da bu binada keçirilib. Azərbaycanda milli hökumətin yaradılmasına, Müsavat Partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edib. 1918-ci il mart hadisələri zamanı vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq Bakıya çoxlu silah gətirtdirib və xalqı silahlandırıb. 1918-ci il martın 26-da növbəti dəfə Zirə kəndinə - silah ardınca Rusiyaya göndərdiyi gəmiləri qarşılamağa gedib. Silahları arabalara yüklətdirib geri qayıdarkən Lalayanın quldur dəstəsi ilə qarşılaşıb və daşnaklar tərəfindən amansızcasına doğranılıb. Qəbrinin yeri hələ də naməlumdur. Cəsədinin mart qırğınlarında öldürülən insanlarla birgə toplu məzarlıqlarda dəfn olunduğunu ehtimal edilir.

ƏHMƏD BAKIXANOV

(1892-1973)

Azərbaycanın xalq artisti, tarzən, pedaqoq, əməkdar müəllim Əhməd Məmmədrza oğlu Bakıxanov 1973-cü ilin bu günü vəfat edib. O, 5 sentyabr 1892-ci ildə Bakıda anadan olub. İlk təhsilini İranda alıb, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnib. 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalışıb, müəllimlik edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deyib. Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb. “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları” kimi not nəşrlərinin müəllifi olan Əhməd Bakıxanov tarixçi Abbasqulu ağa Bakıxanovun nəvəsi, bəstəkar Tofiq Bakıxanovun atasıdır.

ƏLİSƏTTAR MƏLİKOV

(1892-1971)

Aktyor, rejissor Əlisəttar Muradəli oğlu Məlikov 26 mart 1971-ci ildə vəfat edib. O, 15 mart 1892-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə 1920-ci illərdə Türk İşçi Teatrında başlayıb. “Paris Notr-Dam kilsəsi”, “Bürünc büt”, “Balta haqqında poema”, “Tufan”, “Yanğın”, “Hind qızı” tamaşalarında müxtəlif obrazlar yaradıb. Kinoaktyor kimi 1933-cü ildə “Neft simfoniyası” sənədli filmində çəkilib. Əlisəttar Məlikov 1948-ci ildən rejissor assistenti kimi də fəaliyyət göstərib.

ƏKBƏR QARDAŞBƏYOV

(1923-2001)

Azərbaycanın xalq artisti Əkbər Hacı oğlu Qardaşbəyov 26 mart 2001-ci ildə Naxçıvanda vəfat edib. O, 15 mart 1923-cü ildə Naxçıvanda doğulub. Orta məktəbdə oxuyarkən dram dərnəklərində çıxış edib. 1942-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrının truppasına daxil olub. 50 ilə yaxın səhnə fəaliyyəti müddətində müxtəlif obrazlara həyat verib.

ELMƏDDİN ƏLİBƏYZADƏ

(1925-2015)

Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Elməddin Məhəmməd oğlu Əlibəyzadənin anım günüdür. O, 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olub və filologiya fakültəsini bitirib. İslama qədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusilə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və digər məsələlərin tədqiqi ilə məşğul olub. Ömrünün sonuna kimi AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışan Elməddin Əlibəyzadə 26 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib.

TOFİQ BƏHRAMOV

(1925-1993)

Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi və futbolçu Tofiq Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. O, 1925-ci il yanvarın 29-da Ağdamda dünyaya göz açıb. Futbolçu karyerasına 1940-cı ildə başlayıb. Əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftçi”yə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub. Ancaq sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. 1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alan azərbaycanlı hakim 1964-cü ildən beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçı onu məşhurlaşdırıb. Hesab 2:2 ikən əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib. Sonradan daha bir qol vuran İngiltərə yığması 4:2 hesab ilə qələbə sayəsində dünya çempionu olub. Tofiq Bəhramov sonrakı dünya çempionatında da hakimlik edib. AFFA-da Hakimlər Komitəsinin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. O, dünya futbol tarixində heykəli qoyulan və adı stadiona verilən ilk hakimdir.

DAVUD NƏSİB

(1942-2003)

Şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı, Ümumittifaq komsomolu mükafatı laureatı Davud Məcid oğlu Nəsib 2003-cü ilin bu günü avtoqəza nəticəsində dünyasını dəyişib. O, 1942-ci il avqustun 25-də Qazaxda anadan olub. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" adlı rayon qəzetində dərc edilən "Mənim doğma çayım - Mənim Kür çayım" adlı ilk şeiri ilə başlayıb. Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar", "Ocaq daşları" şeirlər kitabları çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləyib. Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdaraq "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olub, sonra burada poeziya şöbəsinə rəhbərlik edib.

GÜMRAH RƏHİMOV

(1944-1994)

Azərbaycan aktyoru Gümrah Kərim oğlu Rəhimov da bu gün xatırlanır. O, 1944-cü il dekabrın 6-da Borçalı mahalının Sarvan kəndində anadan olub. Marneuli Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Cəfər Cabbarlı adına kino studiyasının aktyorluq şöbəsində işləyib. “Bəyin oğurlanması”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Qərib Cinlər ölkəsində”, “Tütək səsi”, “Babək”, “Nəsimi” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. “Qaçaq Nəbi” filmindəki Tunc Vəli obrazına görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Gümrah Rəhimov 1994-cü ilin martın 26-da Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın