00:01 25 Mart 2021 101
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 25.03.2021

QULAM MƏMMƏDLİ

(1897-1994)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, teatrşünas Qulam Məmməd oğlu Məmmədli 1897-ci ilin bu günü Təbrizdə anadan olub. İbtidai təhsilini mollaxanada alıb, sonra Bakı teatr texnikumunda oxuyub. Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlayıb. Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləyib. Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor, dövlət mətbəəsində mürəttib olub. 1923-cü ilin iyun ayında Bakıya köçüb. Uzun illər radio və mətbuat sahəsində çalışıb. 1959-cu ildə fərdi təqaüdə çıxsa da, iki illik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini işləyib. Heyran xanımın, Mirzə Əli Möcüz, Şəbüstərinin əsərlərini, «Bəxtiyarnamə»ni çap etdirib. «Cahangir Zeynalov», «Molla Nəsrəddin», «Hüseyn Ərəblinski», «Üzeyir Hacıbəyov», «Cavid ömrü boyu» adlı salnamələr onun çoxillik və gərgin zəhmətinin bəhrəsidir. Qulam Məmmədli 18 noyabr 1994-cü ildə Bakıda dünyasını dəyişib.

ALMAS İLDIRIM

(1907-1952)

Azərbaycanın mühacir şairi, əsl adı Əbdülhəsən Almaszadə olan Almas İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində anadan olub. Varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilib. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunub. 1930-cu ildə Bakıya qayıdıb və "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirib. Lakin bu kitabın yayılması qadağan edilib, onu Yazıçılar Birliyinin üzvlüyündən xaric ediblər. Təqiblərə dözə bilməyərək Türkmənistana gedib. Buradan ailəsi ilə birlikdə İrana qaçmağa məcbur olub. Bir müddət sonra Türkiyəyə gedib, orada müxtəlif vəzifələrdə işləyib. Şeirləri Türkiyədə və Almaniyada çıxan qəzet və jurnallarda dərc olunub. Almas İldırım 1952-ci il yanvarın 14-də Elazığda dünyasını dəyişib.

RÜFƏT ƏHMƏDZADƏ

(1933-1988)

Azərbaycan yazıçısı, satirik şair, ssenari müəllifi Rüfət Zülfüqar oğlu Əhmədzadə 1933-cü il martın 25-də Bakıda dünyaya gəlib. Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilib və ailə Balakən rayonuna köçüb. Əmək fəaliyyətinə erkən yaşlarında orada başlayıb. 13 yaşında səyyar kinomexanik, Bakıya döndükdən sonra isə Pionerlər Evində direktor işləyib. Daha sonra "Kirpi" satirik jurnalına dəvət edilib və ömrünün sonuna qədər bu jurnalda çalışıb. SSRİ Yazıçılar İttifaqının və SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 11 kitab, 4 musiqili komediya, 3 televiziya tamaşası və yüzlərlə satirik telenovella-səhnəciklərin müəllifi olub. Bir çox tanınmış mahnılar onun şeirlərinə bəstələnib. "Sizinlə gülə-gülə" adlı sonuncu kitabı 2012-ci ildə dərc olunub. Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də vəfat edib.

MƏRDAN MEHDİZADƏ

(1979-2020)

Şəhid Mərdan Əhməd oğlu Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

ASİF KƏRİMOV

(1989-2020)

Şəhid Asif Məmməd oğlu Kərimov 25 mart 1989-cu ildə Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Baş leytenant Asif Kərimov noyabrın 3-də Şuşa döyüşlərində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

AKİF ABBASOV

(2001-2020)

Şəhid Akif Elşən oğlu Abbasov 2001-ci ilin bu günü Ağcabədi rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. Akif Abbasov 16 yanvar 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək şəhid olub və fevralın 22-də Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.

ŞÖVKƏT SÜRƏYYA AYDƏMİR

(1897-1976)

Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim Şövkət Sürəyya Aydəmir 1976-cı il martın 25-də dünyasını dəyişib. O, 1897-ci ildə Ədirnədə anadan olub. Məhəllə məktəbindən sonra hərbi məktəbdə, Ədirnə rüştiyəsi və müəllim məktəbində (bugünkü Ədirnə Liseyində) təhsil alıb. 11 yaşında ikən İttihad və Tərəqqi Cəmiyyətinin üzvü olub. 1918-ci ildə Nuxa şəhərinə müəllim işləməyə göndərilib. 1920-ci ilin martında Qarabağ erməniləri qiyam edən zaman Şəki könüllülərinin Əsgəran savaşına yollanmalarının təşəbbüskarı olub və hərbi təcrübəsi olan kiçik zabit kimi onlara rəhbərlik edib. Batumda Kommunist Partiyasına üzv olub, daha sonra Batumdan Moskvaya gedərək İqtisadi və İctimai Elmlər Məktəbində iqtisadçı təhsili alıb. Müfidə Feritin "Aydəmir" adlı turançılığı təbliğ edən romanındakı qəhrəmanın adını – "Aydəmir"i özünə soyad kimi götürüb. Türkiyəyə döndükdən sonra "Aydınlıq" jurnalında kommunizmi təbliğ edən məqalələrini dərc etdirib, 1924-cü ildə isə Sədrəddin Cəlal Antel ilə birlikdə hazırladığı “Lenin və leninizm” adlı kitabı çap olunub. Kommunizm təbliğatına görə 10 illik həbs cəzasına məhkum edilsə də, 1927-ci ildə azadlığa çıxıb. 1928-ci ildə Türkiyə Kommunist Partiyasından istefa verib və kamalizmə meyl edib. 1932-ci ildə Atatürkün təklifi ilə Yaqub Qədri Qaraosmanoğlu ilə birlikdə "Kadro" jurnalını çıxarıb. Ankarada dövlət məmuru, pedaqoq və iqtisadçı kimi müxtəlif dövlət vəzifələrində çalışıb. Ankara bələdiyyə sədrinin əmri ilə tabutu Türkiyə bayrağına sarılı olaraq dəfn edilib, yaşadığı evin yanından keçən küçəyə isə onun adı verilib.

MƏRDAN MUSAYEV

(1907-1982)

Sovet İttifaqı Qəhrəmanı Mərdan Məmməd oğlu Musayevin xatirə günüdür. O, 1 yanvar 1907-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində dünyaya gəlib. 1941-ci ildə hərbi xidmətə çağırılıb. İkinci Dünya müharibəsində 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olub, Borisov şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənib. 1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığındakı batalyon komandirinin həyatını xilas edib, elə həmin döyüşdə də sərrast atəşlə alman zabitini və 7 sıravi əsgəri zərərsizləşdirib. "Sevçenko" adına sovxoza hücum zamanı 20 hitlerçini məhv edib. Müharibədən sonra uzun müddət ticarət sistemində çalışıb. “Şöhrət” və “Lenin” ordenləri ilə təltif edilən Mərdan Musayev 1982-ci ildə Tovuzda vəfat edib.

CAHANGİR CAHANGİROV

(1921-1992)

Bu gün Azərbaycanın xalq artisti, bəstəkar Cahangir Şirgəşt oğlu Cahangirovun xatirə günüdür. O, 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1949-cu ildən Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Onun “Arazın o tayında” poeması, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyası, “Azad” və “Xanəndənin taleyi” operaları, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantataları, “Sabir” oratoriyası xor musiqisi sahəsində maraqlı əsərlərindəndir. Bəstəkarın “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və başqa mahnıları dillər əzbəridir. Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini, Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında “Ənəlhəq” adlanan mahnı-romans əsərini yazıb. Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

MÖHSÜN YAZIÇIOĞLU

(1954-2009)

Bu gün Türkiyənin məşhur siyasətçilərindən biri Möhsün Yazıçıoğlunun anım günüdür. O, 31 dekabr 1954-cü ildə Sivasın Sarkışla rayonunun Almalı kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alıb. 1972-ci ildə Ankara Universitetinin baytarlıq fakültəsinə daxil olub. Türkiyənin ağır siyasi dövrlər yaşadığı 1977-1978-ci illərdə Ülkü Ocaqlarının başqan müavini və başqanı vəzifələrində çalışıb, 1980-ci ilə kimi MHP lideri Alparslan Türkeşin müşaviri olub. Ülkücü hərəkatda önəmli bir yeri olan və Susurluq qəzasında həlak olan Abdullah Çatlının köməkçisi olub. 1980-ci il sentyabrın 12-də Türkiyədə baş verən hərbi çevrilişdən sonra 7 il yarım müddətinə həbs olunub. Həbsxanadan çıxdıqdan sonra 1987-ci ildə Milliyyətçi Çalışma Partiyasına qoşularaq, siyasi fəaliyyətini bərpa edib. 1991-ci ildə Sivasdan millət vəkili seçilib. 1992-ci ildə isə partiya lideri Alparslan Türkeşlə aralarında yaranmış fikir ayrılığı partiyadan istefa verməsi ilə nəticələnib. 1993-cü ildə milliyyətçilik əvəzinə türk-islam sintezinə üstünlük verən bir qrup dostu ilə Böyük Birlik Partiyasını təsis edib və partiyanın ilk qurultayında sədr seçilib. Son parlament seçkilərində Böyük Birlik Partiyası seçkiləri boykot etdiyinə görə Möhsün Yazıçıoğlu seçkilərə Sivasdan müstəqil namizəd qismində qatılıb və yenidən millət vəkili seçilib. 2007-ci ildə partiyanın sıralarına qayıdıb və 3-cü növbədənkənar qurultayda sədr seçilib. Möhsün Yazıçıoğlu 2009-cu ilin martın 25-də Kahramanmaraşda baş verən vertolyot qəzasında həlak olub və Ankarada dəfn edilib.

İSMAYIL HACIBƏYOV

(1949-2006)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Hacıbəyovun anım günüdür. O, 1949-cu il sentyabrın 2-də Bakıda SSRİ xalq artisti, bəstəkar Soltan Hacıbəyovun ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsil alıb. 1972-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasında dərs deyib. Bir çox məşhur əsərlərin müəllifidir. İsmayıl Hacıbəyov 2006-cı il martın 15-də Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

ELŞAD ABBASZADƏ

(?-2016)

Şəhid Elşad Raquf oğlu Abbaszadənin xatirə günüdür. O, Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Kiçik çavuş Elşad Abbaszadə 2016-cı il martın 25-də Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın