12:00 24 Aprel 2020 221
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 24.04.2020

ABDULLA FARUQ

(1907-1944)

1. Şair, tərcüməçi Abdulla Musa oğlu Əfəndiyev (Abdulla Faruq) 1907-ci il aprelin 24-də Göyçay rayonunun Poti kəndində əkinçi ailəsində doğulub. İlk təhsilini burada alıb, sonra Bakı Müəllimlər Seminariyasına göndərilib. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub, lakin Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinə göndərildiyindən, ictimai-tarix şöbəsini burada qurtarıb. Pedaqoji fəaliyyətə Göyçay rayonunda başlayıb, Bakı məktəblərində müəllimlik edib. "Qızıl Şərq" mətbəəsində Baş mətbuat idarəsinin nümayəndəsi işləyib. Qısa fasilələrlə "Ədəbiyyat qəzeti" və "Şərq qadını" jurnalları redaksiyalarında, “Azərnəşr”də çalışıb. "Sovet Gürcüstanı" və "Qızıl əsgər" cəbhə qəzetlərində mübariz şeirləri dərc olunub. "Qara Məmməd" mənzum pyesini, "Otuz qəhrəman" poemasını bu dövrdə qələmə alıb. Kiçik leytenant rütbəsi ilə İkinci Dünya müharibəsində cəbhədə iştirak edib və 1944-cü ildə Taqanroq ətrafında döyüşlərdə həlak olub. Ədəbi irsi ilk dəfə 1987-ci ildə "Qəlbimin sahilsiz dalğaları" adlı kitabda toplanıb.

ƏLƏŞRƏF ƏLİZADƏ

(1911-1985)

2. İki dəfə SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olub. 1930-1935-ci illərdə Azərbaycan Neft İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil alıb. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK-nın ikinci katibi seçilib. 1945-ci ildə Azərbaycan EA-nın yaradıcılarından biri olub. 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışıb. 1959-1977-ci illərdə Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru, 1977-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutunda regional geologiya və tektonika şöbəsinin rəhbəri olub, neft yataqlarının açılmasında iştirak edib. SSRİ Ali Sovetinin deputatı seçilən, orden və medallarla təltif olunan Ələşrəf Əlizadə 1985-ci il martın 23-də Bakıda vəfat edib.

ELXAN QASIMOV

(1945)

3. Azərbaycanın əməkdar artisti, aktyor və kinorejissor Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib, Leninqradda rejissorluq təhsili alıb. 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. "Əhməd haradadır" filmində oynadığı "Sürücü Əhməd" rolu onu böyük populyarlıq qazandırıb. Elxan Qasımov bədii, sənədli filmlərin və "Mozalan" kinojurnalında bir sıra süjetlərinin müəllifidir.

ŞƏHİD ELVİN HƏSƏNOV

(1994-2014)

4. 24 aprel Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elvin Çingiz oğlu Həsənovun doğum günüdür. O, 1994-cü ildə Sumqayıt şəhərində anadan olub. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən 34 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Elvin Həsənov 16 mart 2014-cü ildə erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

MƏHƏMMƏD MAQOMAYEV

(1916-1945)

5. Kino rəssamı Məhəmməd Maqomayev 1945-ci ilin bu günü dünyasını dəyişib. O, 1916-cı ildə Bakı şəhərində anadan olub. İkinci Dünya müharibəsində cəbhəyə yollanıb və 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olub, Polşada dəfn edilib. Məhəmməd Maqomayev bəstəkar Müslüm Maqomayevin oğlu, müğənni Müslüm Maqomayevin atasıdır.

BALAŞ AZƏROĞLU

(1921-2011)

6. Azərbaycanın xalq şairi, ədəbiyyatşünas, filologiya elmləri namizədi Balaş Allahbaxış oğlu Abizadənin (Balaş Azəroğlu) xatirə günüdür. O, 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada alıb. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərib. Hələ 16 yaşında ikən bədii yaradıcılığa başlayıb, “Dnepr” adlı ilk şeiri 1937-ci ildə Bakıda çapdan çıxıb. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən, burada fars ibtidai məktəbində təhsil alıb. Orada milli azadlıq hərəkatına qoşulub, İran Xalq Partiyasına daxil olub. Ərdəbil və Təbrizdə ilk şeir kitabları dərc olunub. Pişəvəri hərəkatının qan içində boğulmasından sonra yenidən Bakıya qayıdıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi və Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində çalışıb. Şairə Mədinə Gülgün ilə evli olan Balaş Azəroğlu 2011-ci il aprelin 24-də Bakıda vəfat edib.

TARİYEL VƏLİYEV

(1944-2012)

7. Azərbaycanın əməkdar incəsənət xadimi, kino və televiziya rejissoru, professor Tariyel Təyyar oğlu Vəliyev də xatırlanır. O, 24 fevral 1944-cü ildə İmişli rayonunda anadan olub. Orta təhsilini Bakının 172 saylı məktəbində, ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda alıb. 1967-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində radio rejissoru vəzifəsində işə başlayıb. Azərbaycan televiziya məkanında ilk çoxseriyalı televiziya tamaşasının - Aslan Qəhrəmanovun "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasının quruluşçu rejissorudur. İsi Məlikzadənin "Qaranquş yuvası", Anarın "Ötən ilin son gecəsi", "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam" və s. teletamaşalarını çəkib. Azərbaycan Dövlət Televiziyasında "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş rejissoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Televiziya rejissoru" kafedrasının müdiri olub. Tariyel Vəliyev 24 aprel 2012-ci ildə Bakıda vəfat edib.

ELÇİN HÜSEYNOV

(1973-1994)

8. Şəhid Elçin Əlif oğlu Hüseynovun anım günüdür. O, 19 fevral 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 16 aprel 1992-ci ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılıb, 703-cü hərbi hissənin kəşfiyyatçısı olub. Sıravi əsgər Elçin Hüseynov 24 aprel 1994-cü ildə Ağdərə bölgəsində döyüş zamanı şəhid olub. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın