00:00 21 Noyabr 2020 231
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 21.11.2020

NEFT DAŞLARINDA FACİƏ

(1957)

21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında faciəli hadisə baş verib. Saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa nəticəsində Neft Daşlarının əsasını qoyanlardan M.P.Kaveroçkinin və S.Bağırovun rəhbərlik etdiyi 2 qazma briqadasının 21 üzvü həlak olub. Bu hadisə Neft Daşlarının tarixində baş vermiş ən faciəvi hadisədir.

ÜMUMDÜNYA SALAM GÜNÜ

(1973)

Hər il noyabrın 21-i Ümumdünya Salam Günü kimi qeyd olunur. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərib və məktubu oxuyandan belə bir məktubdan, heç olmasa, daha on nəfərə göndərməyi xahiş ediblər. Bu fikir hamı tərəfindən dəstəklənib və 1973-cü ildən etibarən hər ilin 21 noyabr tarixi şən emosiyalar və xoş əhval-ruhiyyəli Ümumdünya Salam Günü kimi qeyd edilir.

YAP-IN TƏSİS KONFRANSI

(1992)

1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin sədrliyi ilə baş tutub. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verib, partiyanın Proqram və Nizamnaməsini qəbul edib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilib.

FRANSUA VOLTER

(1694-1778)

Fransa yazıçısı, şair, filosof və maarifçi Fransua Volter 21 noyabr 1694-cü ildə Parisdə anadan olub. Əsl adı Fransua-Mari Aruedır. O, feodal qaydalarına və katolik kilsəsinə qarşı çıxışları ilə şöhrət qazanıb. Ədəbi fəaliyyətini fəlsəfi və ictimai baxışları ilə bağlayan ədibin lirik şeirlərində epikürizmə meyl güclüdür. Onun dramaturgiyasında isə maarifçilik ideyaları üstünlük təşkil edib. Bir çox əsərlərin müəllifi olan Fransua Volter 30 may 1778-ci ildə Parisdə vəfat edib və Seller abbatlığında torpağa tapşırılıb.

FİRUDİN İBRAHİMİ

(1918-1947)

Görkəmli dövlət xadimi, natiq və publisist Firidun Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də Güney Azərbaycanın Astara şəhərində doğulub. Tehran Universitetinin Hüquq fakültəsində təhsil alıb. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan "Şərq xəbəri" qəzetinin redaktoru, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi, 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. 1946-cı ildə Parisdə keçirilən sülh konfransında iştirak edib. “Zəfər” , “Rəhbər”, “Azərbaycan” və başqa qəzetlərlə əməkdaşlıq edib, yazıları çap olunub. Firudin İbrahimi 1947-ci il mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asılaraq edam edilib.

FİRUDİN MEHDİYEV

(1967-1992)

Şəhid Firudin Sovet oğlu‎ Mehdiyev 1967-ci ilin bu günü Bakıda müəllim ailəsində anadan olub. Nəsimi rayonundakı 42 saylı orta məktəbdə və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye-mülki tikinti fakültəsində təhsil alıb. 1992-ci ilin fevral ayında könüllü olaraq Milli Ordunun sıralarına qatılıb. Füzuli rayonunda batalyonun kəşfiyyat qrupunda vuruşub. Çimən, Cəmilli, Hoğa, Veysəlli, Gövşadlı və Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şücaət göstərib. 1992-ci il iyunun 26-da Xocavənd rayonunun Tuğ kəndinin girəcəyində erməni hərbi hissələri batalyonu mühasirəyə alıb. 6 saatlıq döyüş zamanı Firudin Mehdiyev xeyli sayda erməni əsgərini, piyadaların 2 döyüş maşınını və 3 snayperini zərərsizləşdirib, özü isə qəhrəmancasına həlak olub.

MEHMAN SAYADOV

(1972-1992)

Azərbaycanın Milli Qəhrəmanı Mehman Qəzənfər oğlu Sayadov 21 noyabr 1972-ci ildə Basarkeçər rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan torpaqlarına düşmən təcavüzü başlayandan sonra vətənin müdafiəsinə qalxıb və 1991-ci il noyabrın 5-də könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq, cəbhənin Şuşa istiqamətinə gedib. 1992-ci il mayın 9-da Şuşanın Nəbilər kəndinin müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Mehman Sayadova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın