00:01 21 Mart 2021 122
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 21.03.2021

NOVRUZ BAYRAMI

21 Mart – Azərbaycanda Novruz bayramıdır. Bu gün Şərq təqvimi ilə yeni il başlayır. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il Novruzdan, günün bərabərləşməsindən əvvəl 4 çərşənbə qeyd olunur. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir, çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar qoğal, şəkərbura, paxlavadır. Bu şirniyyatlar səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və Keçəl Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı tərənnüm edir.

İOHANN SEBASTYAN BAX

(1685-1750)

Alman bəstəkarı, orqan musiqiçisi, çoxsəsli (polifonik) musiqinin banisi İohann Sebastyan Bax 1685-ci il martın 21-də Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olub. Atası İohann Ambrisius Bax Müqəddəs Georq kilsəsinin orqan ifaçısı olub. 1703-cü ildə nüfuzlu Müqəddəs Mixael məktəbini bitirib və Veymar şəhərində Hersoq İohann Ernstin saray musiqiçisi postuna təyinat alıb. Bir müddət sonra Müqəddəs Bonafes kilsəsində orqan ifaçısı, saray orqançısı, konsert maestrosu, kapelmeyster, Leypsiqdə Müqəddəs Tomas məktəbi kontorunun, eləcə də şəhərdəki bütün əsas kilsələrin musiqi direktoru vəzifələrində çalışıb. Mindən artıq musiqi əsəri yaradıb və opera istisna olmaqla, o dövrün bütün məlum musiqi janrlarına müraciət edib. İohann Sebastyan Bax 1750-ci ildə göz əməliyyatı keçirib və iyulun 28-də əməliyyatın fəsadları nəticəsində vəfat edib.

KAZIM ZİYA

(1896-1956)

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı Kazım Ziya 1896-cı ilin bu günü Ordubad rayonunun Yuxarı Əylis kəndində dünyaya gəlib. 1922-ci ildən 1938-ci ilədək Bakı, İrəvan və Tiflis Dram teatrlarında işləyib. 1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bu dövrdə yaratdığı rollardan «Ölülər» pyesində Şeyx Nəsrullah, «Vaqif»də Vaqif, «Yaşar» pyesində İmamyar obrazları ona böyük şöhrət gətirib. «Bismillah», «Səbuhi» filmlərində çəkilib. Yüksək aktyorluq texnikasına, aydın diksiyalı məlahətli səsə malik sənətkar bədii qiraət ustası kimi də tanınıb. 1939-cu ildən İncəsənət İnstitutunda dərs deyib. Tolstoyun «Canlı meyit» pyesini Azərbaycan dilinə çevirib, 1949-cu ildə «Səhnə dili» kitabı çapdan çıxıb. Kazım Ziya 1956-cı il noyabrın 20-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

İSMAYIL TALIBLI

(1898-1967)

Azərbaycanın xalq artisti, aktyor İsmayıl Məmmədəli oğlu Talıblı 21 mart 1898-ci ildə Bakıda doğulub. 1918-ci ildən səhnə fəaliyyətinə başlayıb. 1919-cu ildə yenicə yaranmış Hökumət Teatrosuna (hazırkı Akademik Milli Dram Teatrı) qəbul edilib. Dram Teatrından və Azad Tənqid Təbliğ Teatrından sonra Gəncəyə gedərək, ömrünün sonuna qədər Gəncə Dram Teatrında çalışıb, bir müddət bu teatrın direktoru olub. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradan aktyorun kinoda ən mükəmməl işi "Onu bağışlamaq olarmı?" filmindəki Mirzə Veysəl roludur. İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncədə vəfat edib və orada torpağa tapşırılıb.

ZÜLFÜQAR MƏMMƏDOV

(1903-1971)

Akademik, tibb elmləri doktoru, professor Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il martın 21-də Gəncədə anadan olub. 1921-ci ildə Yelizavetpol gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub və 1926-cı ildə oranı bitirib. Cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olub. Elmi fəaliyyətinin əsas istiqamətlərini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil edib. 130-a qədər elmi əsərin, 8 monoqrafiyanın, "Ümumi cərrahlıq" dərsliyinin müəllifi olan Zülfüqar Məmmədov 5 iyul 1971-ci ildə Bakıda vəfat edib və öz vəsiyyəti ilə anadan olduğu Gəncə şəhərində dəfn olunub.

SƏMƏD VURĞUN

(1906-1956)

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın ilk xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Elmlər Akademiyasının akademiki, akademiyanın vitse-prezidenti Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 1906-cı ilin bu günü Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini isə kənddəki rus-tatar məktəbində alıb. 6 yaşı olarkən anası vəfat etdiyindən, Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Qazax Müəllimlər Seminariyasını və Moskva Universitetinin ədəbiyyat fakültəsini bitirib. Qazax, Quba və Gəncədə müəllim işləyib. Səməd Vurğunun qələmə aldığı «Vaqif», «Xanlar», «Fərhad və Şirin», «İnsan» pyesləri dramaturgiyamızın inciləri hesab edilir. «Muğam», «Aygün», «Komsomol poeması», «Bəsti», «Talıstan» və başqa poemaları Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Puşkinin «Yevgeni Onegin», Rustavelinin «Pələng dərisi geymiş pəhləvan», Nizaminin «Leyli və Məcnun» poemalarını Azərbaycan dilinə çevirib. Onun “Azərbaycan” şeirini bilməyən azərbaycanlı demək olar ki, yoxdur. İki dəfə Stalin mükafatı, iki dəfə “Lenin” ordeni ilə təltif edilən Səməd Vurğun 1956-cı il mayın 27-də Bakıda dünyasını dəyişib və mayın 30-da Fəxri Xiyabanda dəfn olunub. Bakıda və Qazaxda heykəli qoyulub. Şairin övladları da atalarının yolunu davam etdirib və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu xalq yazıçısı, Vaqif Səmədoğlu xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

HÜSEYNAĞA SADIQOV

(1914-1983)

Azərbaycanın xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. 1931-ci ildə Gənc Tamaşaçılar Teatrında teatr truppasına götürülən aktyor bu tamaşada əlli ildən çox aktyorluq edib, onlarla yaddaqalan obraz canlandırıb. 1966-cı ildə Moskvada Maksim Qorki adına kinostudiyada lentə alınan “Ələddinin sehrli çırağı” filmində əsas rollardan olan baş vəziri canlandırıb, Moskvada bəzi filmlərin səsləndirilməsində iştirak edib. “Ad günü”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və digər filmlərdə yaratdığı rollar ona xalq sevgisi qazandırıb. Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.

AĞA MEHDİYEV

(1920-2003)

Azərbaycanın xalq rəssamı, peyzaj, portret rəssamı Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olub. 1938-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumunu bitirib. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. Əsərlərində xalqımızın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunub. 1987-ci ildə "37-ci il" tablosunu yaratmaqla Azərbaycan rəssamları arasında repressiya ilə bağlı ilk tablonu ərsəyə gətirib. 1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində fərdi sərgiləri təşkil olunub, əsərləri bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Ağa Mehdiyev 2003-cü il mayın 15-də Bakıda vəfat edib.

MİKAYIL AZAFLI

(1924-1990)

Azərbaycanın əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Zeynalov‎ (Mikayıl Azaflı) 1924-cü il martın 21-də Tovuz rayonunun Azaflı kəndində anadan olub. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub. 1961-ci ildə “Ağ şalvarda qara yamaq
Kommunizmə gedirik biz” misrasına görə həbs edilib, “oğurluqda və qanunsuz silah saxlamaqda təqsirli bilinərək” 5 il azadlıqdan məhrum olunub.
Xalq şairi Süleyman Rüstəmin, əməkdar mədəniyyət işçisi Aşıq Əkbər Cəfərovun və başqa sənət dostlarının köməyi ilə bir il tez buraxılıb. Məhbəs həyatından “Zindan məktubları” adlı kitabı yadigar qalıb. Mikayıl Azaflı 12 noyabr 1990-cı ildə doğulduğu Azaflı kəndində dünyasını dəyişib. Ölümündən sonra Tovuz şəhərində bir küçəyə adı verilib və Azaflı kəndində oxuduğu məktəbin önündə büstü qoyulub.

NİZAMİ MƏMMƏDOV

(1933-1974)

Jurnalist, radio və televiziya diktoru, filologiya elmləri namizədi Nizami Şamil oğlu Məmmədov 1933-cü il martın 21-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin diktoru, SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Radio və televiziyada diktor, böyük redaktor vəzifələrində çalışıb, diktor kimi məşhurlaşaraq “Azərbaycanın Levitam” adlandırılıb. 1971-ci ildən ömrünün sonunadək “Gənclik” redaksiyasının baş redaktoru olub. Bir sıra verilişlərin ssenari müəllifi olub. Bir sıra dövlət mükafatları, orden və medallarla təltif olunan Nizami Məmmədov 1974-cü il aprelin 20-də Bakıda vəfat edib.

ZÜLFÜ HACIYEV

(1935-1991)

Azərbaycanın görkəmli dövlət xadimi Zülfü Saleh oğlu Hacıyev 1935-ci ilin bu günü Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirdikdən sonra təyinatla Rusiyanın Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddət sonra Sumqayıt şəhərinə qayıdıb, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan Qırmızı Əmək Bayrağı Ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsinə irəli çəkilib. Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışıb. 1976-cı ildən ömrünün sonunadək isə 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin üzvü olub, son vaxtlar isə həmin komitəyə sədrlik edib. “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu”, “Şərəf Nişanı” ordenləri və əməkdar inşaatçı fəxri adı ilə təltif edilib. Zülfü Hacıyev 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində erməni terrorçuları tərəfindən vurulan vertolyotda Azərbaycanın bir sıra dövlət xadimləri ilə birlikdə həlak olub və Fəxri Xiyabanda dəfn olunub. Sabirabad rayon 7 saylı tam orta məktəbi, Sumqayıt şəhər 17 saylı orta məktəbi onun adını daşıyır.

ZAKİR ZEYNALOV

(1939-2000)

Tanınmış ictimai-siyasi xadim, hüquq elmləri doktoru, baş ədliyyə müşaviri, II çağırış Milli Məclisin deputatı Zakir Əlixan oğlu Zeynalov 1939-cu il martın 21-də Tovuz rayonunun Mülkülü kəndində anadan olub. 1957-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Müxtəlif illərdə Zaqatala rayon prokuroru, Respublika Prokurorluğunun Ümumi Nəzarət İdarəsinin rəisi, Respublika Prokurorluğu İstintaq idarəsinin rəisi, baş prokurorun müavini, Sabunçu rayonunda, Sumqayıt şəhərində prokuror, Laçın rayonunda prokuror köməkçisi, Gəncə şəhərində prokuror vəzifələrində çalışıb. Milli Məclisin vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədr müavini olub. Zakir Zeynalov 6 dekabr 2000-ci ildə Bakıda dünyasını dəyişib.

FƏXRƏDDİN İSAYEV

(1963-1990)

20 Yanvar şəhidi Fəxrəddin Xudu oğlu İsayev 21 mart 1963-cü ildə Bakıda anadan olub. Cənub geologiya idarəsində sürücü işləyib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təxminən saat 24 radələrində evdən çıxaraq, XI Qızıl Ordu meydanına gedib. Fəxrəddin İsayev dinc əhaliyə qarşı silahlı basqın olunanda yaralıların bir qisminə kömək edən zaman baş, sinə və qarın nahiyəsindən güllə yarası alaraq şəhid olub və Şəhidlər Xiyabanında dəfn edilib.

OQTAY KƏRİMOV

(1964-1990)

20 Yanvar şəhidi Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də Qərbi Azərbaycanın Göyçə mahalının Ardanış kəndində anadan olub. Arxangelsk vilayətində Ali Partiya Məktəbində təhsil alıb. 28 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyən Oqtay Kərimov 1990-cı il yanvarın 19-da «Gənclik» metrosunun yanında sovet əsgərlərinin günahsız adamları atəşə tutduğunu eşidərək onlara kömək etmək üçün metronun yanına gəlib. Respublika Stadionunun şimal qapısının yanında güllələnib və təxminən 3 saat vurulduğu yerdə qalıb. Mərhumun meyiti yanvarın 21-də mərkəzi ölüxanadan tapılıb. Oqtay Kərimov Şəhidlər Xiyabanında dəfn olunub.

FƏRİD İZZƏTLİ

(1994-2020)

Şəhid Fərid Aydın oğlu İzzətli 1994-cü ilin bu günü Şəki şəhərində anadan olub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Leytenant Fərid İzzətli oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub və Şəkidə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

SƏRXAN MUSTAFAYEV

(1994-2020)

Şəhid Sərxan İslam oğlu Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Sərxan Mustafayev oktyabrın 31-də Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

TAMERLAN MAHMUDOV

(1995-2020)

Şəhid Tamerlan Fuad oğlu Mahmudov 21 mart 1995-ci ildə Bakının Suraxanı rayonunda anadan olub. Körpə yaşlarından hər iki valideynini itirdiyi üçün Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 2 saylı internatda böyüyüb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Tamerlan Mahmudov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub və Suraxanı rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

BAYRAM QASIMOV

(2001-2020)

Şəhid Bayram Arzu oğlu Qasımov 2001-ci ilin bu günü Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Bayram Qasımov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub və Gədəbəy rayonunda dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

RÖYAN HÜSEYNOV

(2001-2020)

Şəhid Röyan Sübhan oğlu Hüseynov 2001-ci ilin bu günü Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Gəncə İdman Klubunda peşəkar idmanla məşğul olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edib. Əsgər Röyan Hüseynov oktyabrın 10-da Hadrut uğrunda döyüşlərdə şəhid olub və Gəncənin Şəhidlər Xiyabanında dəfn edilib.

SƏFİYAR BEHBUDOV

(1967-1992)

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğlu Behbudovun anım günüdür. O, 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olub. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra sovet ordusu sıralarına çağırılıb. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirib. 1988-ci ildə başlayan milli azadlıq hərəkatının fəal iştirakçılarından olub. Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq, gəncləri öz ətrafında toplayıb. Qarabağ savaşı başlayandan sonra bölmə komandiri təyin edilib. 1992-ci il martın 11-də Əsgəran yaxınlığındakı döyüşdə düşmən tərəfindən mühasirəyə alınaraq əsir götürülüb. On gün davam edən dəhşətli işgəncələrdən sonra üzərinə neft tökülməklə yandırılıb. Düşməndən çətinliklə alınan cəsədi Bərdə rayonunun Mollalı kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Səfiyar Behbudova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Təhsil aldığı orta məktəb onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın