00:22 27 May 2020 315
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 27.05.2020

SÖHRAB TAHİR (1926-2016)

Azərbaycanın xalq şairi, nasir və publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Sovet Ordusunun İrana daxil olmasından sonra Pişəvərinin rəhbərlik etdiyi xalq hərəkatında fəal iştirak edib. Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim, Azərbaycan Demokrat Firqəsi Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbənin müdiri, redaktor, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini vəzifələrində çalışıb. "21 Azər" medalı, "Şöhrət" ordeni və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. 1000-dən çox şeir, 57 poema, 8 roman, 10 povest, 70-dən çox hekayə və 800-dən artıq ədəbi, elmi və publisistik məqalənin müəllifi olan Söhrab Tahir 2016-cı il mayın 4-də dünyasını dəyişib və II Fəxri xiyabanda dəfn olunub.

MAŞALLAH ABDULLAYEV

(1950)

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Babakişi oğlu Abdullayev 1950-ci ilin bu günü Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olub. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil alıb. Əmək fəaliyyətinə 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İdarəsində başlayıb. 1969-1971-ci illərdə hərbi xidmətdə olub. Bir müddət Neft Daşlarında işləyib. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olub və buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilib. Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. 1992-ci ildə mayor rütbəsi ilə briqada komandirinin müavini vəzifəsinə təyin olunub. 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Şurasının sədridir. “General Məhəmməd Əsədov” mükafatı laureatıdır. Ailəlidir, bir övladı var.

NAMİQ ABBASOV

(1975-1992)

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi Namiq Bəyəhməd oğlu Abbasov 1975-ci il 27 mayda Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. 1992-ci ildə hərbi xidmətə çağırılaraq, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatılıb. Namiq Abbasov 1992-ci ildə şəhid olub və Xudat şəhərində dəfn edilib.

CƏVAHİRLƏL NEHRU

(1889-1964)

27 may Hindistan milli azadlıq hərəkatının rəhbərlərindən biri, dövlət xadimi Cəvahirləl Nehrunun anım günüdür. O, 15 avqust 1889-cu ildə Allahabad şəhərində doğulub. 1912-ci ildə Kembric Universitetini bitirib və Hindistan Milli Konqresinə daxil olub. 1921-ci ildə ingilislər əleyhinə təbliğat apardığına görə həbs edilib. Həyatının 10 ildən çoxunu həbsxanada keçirib. Həbsdən çıxdıqdan sonra Hindistan Milli Konqresində yüksək vəzifələr tutub. 1938-ci ildə gələcək müstəqil Hindistan üçün iqtisadi quruculuq proqramı hazırlayıb. 1946-cı ildə Hindistan müvəqqəti hökumətində baş nazirin müavini və xarici işlər naziri, 1947-ci ildən ömrünün sonuna qədər bu ölkənin baş naziri olub. Cəvahirləl Nehru 1964-cü il mayın 27-də vəfat edib. O, dünyanın ikinci qadın baş naziri İndira Qandinin atasıdır.

SƏMƏD VURĞUN

(1906-1956)

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın ilk xalq şairi, Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Səməd Yusif oğlu Vəkilovun (Səməd Vurğun) xatirə günüdür. O, 1906-cı il martın 21-də Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini isə kənddəki rus-tatar məktəbində alıb. 6 yaşı olarkən anası vəfat etdiyindən, atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Qazax Müəllimlər Seminariyasını və Moskva Universitetinin ədəbiyyat fakültəsini bitirib. Qazax, Quba və Gəncədə müəllim işləyib. Qələmə aldığı «Vaqif», «Xanlar», «Fərhad və Şirin», «İnsan» pyesləri dramaturgiyamızın inciləri hesab edilir. «Muğam», «Aygün», «Komsomol poeması», «Bəsti», «Talıstan» və başqa poemaları Azərbaycan poeziyasının ən gözəl nümunələrindəndir. Puşkinin «Yevgeni Onegin», Rustavelinin «Pələng dərisi geymiş pəhləvan», Nizaminin «Leyli və Məcnun» poemalarını Azərbaycan dilinə çevirib. Onun “Azərbaycan” şeirini bilməyən azərbaycanlı demək olar ki, yoxdur. İki dəfə “Stalin” mükafatı, iki dəfə “Lenin” ordeni ilə təltif edilən Səməd Vurğun 1956-cı ilin bu günü Bakıda dünyasını dəyişib və mayın 30-da Fəxri Xiyabanda dəfn olunub. Bakıda və Qazaxda heykəli qoyulub. Şairin övladları da atalarının yolunu davam etdirib və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu xalq yazıçısı, Vaqif Səmədoğlu xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

MUSTAFA NƏSİROV

(1921-2012)

Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun anım günüdür. O, 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində anadan olub. 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə Dağıstan Dövlət Müəllimlər İnstitutunu bitirib. 1942-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Xidmətini 1941-ci ilin 15 oktyabrında 194-cü atıcı alayında əsgər kimi başlayıb. 1942-ci ilin avqust ayında Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilib. 1943-cü ilin aprel ayından leytenant hərbi rütbəsində Sərhəd Qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifəsində çalışıb. 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olub. 1948-ci ilin oktyabrında SSRİ Dövlət Təhlükəsizlikyi Nazirliyinin Hərbi İnstitutunun müdavimi olub. 1962-1968-ci illərdə Naxçıvan sərhəd dəstəsinə komandanlıq edib. 1964-cü ildə polkovnik rütbəsi alıb, 1968-ci ilin oktyabr ayında Azərbaycan SSR DTK-nin sədri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda SSRİ DTK-nın Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilib. 1993-cü ilin avqustunda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləyib. Dörd dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, “Şöhrət” ordeni ilə təltif olunub. Mustafa Nəsirov 2012-ci ilin bu günü Bakıda dünyasını dəyişib.

ELŞAD QULİYEV

(1941-2008)

Əməkdar incəsənət xadimi Elşad Heybət oğlu Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik etdikdən sonra Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində işləyib. Bir müddət tərcüməçi, sonra isə televiziya proqramlarının baş redaktoru olub. 1972-ci ildə Komitə sədrinin birinci müavini təyin edilib. 1983-1990-cı illərdə Dövlət Teleradio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanın ilk müstəqil televiziya kanalı - BMTİ-nin baş direktoru işləyib. 1990-cı ildən həm də "Bilik" Maarifçilik Cəmiyyətinin sədri olub. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü Elşad Quliyev 2008-ci il mayın bu günü dünyasını dəyişib. O, əməkdar incəsənət xadimi Cəmil Quliyevin atasıdır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın