00:01 20 Mart 2021 126
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 20.03.2021

HÜSEYNQULU SARABSKİ

(1879-1945)

Azərbaycanın xalq artisti, opera müğənnisi, aktyor, rejissor, pedaqoq, peşəkar musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabski 1879-cu ilin bu günü Bakıda anadan olub. Aktyorluq sənətini seçməsində və püxtələşməsində tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunda səhnəyə çıxıb. Sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində müxtəlif xarakterli rollar oynayıb. Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili teatra, operaya gətirib. Bu tamaşa zamanı o, Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb edib. Dahi bəstəkar onu öz operasında baş rola – Məcnun roluna dəvət edib. 30 ildən artıq bir müddətdə bu rolu 400 dəfə oynayan Hüseynqulu Sarabski 1945-ci ildə fevralın 16-da Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

CƏFƏR CABBARLI

(1899-1934)

Azərbaycanın görkəmli dramaturqu Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Xızıda yoxsul kəndli ailəsində dünyaya göz açıb. 3 yaşı olanda atası vəfat edib, evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. İlk müəllimləri arasında Süleyman Sani Axundov və Abdulla Şaiq də olub. Ədəbi yaradıcılığa çox tez başlayıb. İlk şeri 16 yaşında ikən dərc olunub. Müxtəlif jurnallarda müntəzəm çıxış edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin stenoqrafı olub. 1922-ci ildə əmisi qızı Sona xanımla ailə qurub, bu evlilikdən Aydın və Gülarə adlı iki övladı dünyaya gəlib. Onun «Solğun çiçəklər», «Aydın», «Oqtay Eloğlu», «Sevil», «Almaz», «1905-ci ildə», «Dönüş», «Yaşar» pyeslərinin tamaşaları 1920-ci illərdən etibarən bir çox aktyor nəslinin yetişməsində misilsiz rol oynayıb. Görkəmli ədib Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinə həm də ustad şair və nasir, tərcüməçi, teatr və kino rejissoru, aktyor kimi daxil olub. Cəfər Cabbarlı 31 dekabr 1934-cü ildə Bakıda ürək xəstəliyindən dünyasını dəyişib və 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilən vida mərasimindən sonra Fəxri Xiyabanda dəfn olunub.

MƏMMƏDƏLİ ŞƏRİFLİ

(1909-1969)

Görkəmli tarixçi-alim, şərqşünas, tarix elmləri doktoru, professor Məmmədəli Xəlil oğlu Şərifli 1909-cu il martın 20-də Göyçayda anadan olub. 1931-ci ildə Ali Pedaqoji İnstitutun Tarix fakültəsinə daxil olub, aspiranturanı 1941-ci ildə Leninqradda bitirib. Azərbaycanın bir çox rayonlarında müəllimlik edib, 1941-ci ildən Tarix İnstitutunda elmi fəaliyyətə başlayıb və ömrünün sonunadək burada direktor müavini, direktor vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib və xüsusi kurslar aparıb. 40 illik elmi-tədqiqat fəaliyyəti ərzində professor bir neçə monoqrafiya, 100-dən çox elmi əsər çap etdirib. Məmmədəli Şərifli 1969-cu il sentyabrın 5-də dünyasını dəyişib və Göyçayda dəfn olunub.

ATİF ZEYNALLI

(1927-1991)

Azərbaycan şairi, ədəbiyyatşünas Atif Əbdülbaqi oğlu Zeynallı 1927-ci il martın 20-də Bakıda anadan olub. 1944-1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlayıb, eyni zamanda gündüzlər "Azərnəşr"də redaktor kimi çalışıb. Ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeiri ilə gəlib, ömrünün sonuna qədər on dörddən artıq şeir kitabı dərc edilib. Üç iri monoqrafik əsəri, mətbuatda çıxan çoxlu resenziya və məqalələri XX əsr ədəbiyyatının böyük simaları olan Cəfər Cabbarlıya, Süleyman Rüstəmə və Səməd Vurğuna həsr edilib. Elmi fəaliyyəti ömrünün sonuna qədər AMEA Ədəbiyyat İnstitutu ilə bağlı olub, orada kiçik elmi işçi, sonra isə böyük elmi işçi olub. “Sirlər yuvası", "Nəriman ata", "Məmmədəli kurorta gedir", "Ləkə" və digər pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə qoyulub. Atif Zeynallı 1991-ci il yanvarın 28-də vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

FAİQ BAĞIRZADƏ

(1926-1988)

Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 1970-1987-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş Faiq Məmməd oğlu Bağırzadə 1926-cı ilin bu günü Bakıda doğulub. 1949-cu ildə Azərbay­can Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakül­təsini mühəndis-geoloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1949-cu ildə “Qobustanneftkəş­fiy­yat” tres­tin­də başlayıb. Müxtəlif illərdə mühəndis-geoloq, partiya rəisi, mü­əllimi, dosent, dekan, kafedra müdiri vəzifələrində çalışıb. 100-dən artıq elmi əsər, 12 monoqrafiya, geologi­ya­ və geokimyanın müxtəlif problemləri üzrə çoxsaylı dərsliklər və tədris və­saitləri nəşr etdirib. “Oktyabr İnqilabı”, “Qırmızı Əmək Bay­rağı” ordenlərinə, bir qrup alimlərlə birlikdə “Azərbaycan SSR-in neft və qaz yataq­ları və perspektivli strukturları xəritə­si”nin tərtibinə görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1982-1988-ci illərdə Sovet Azərbaycanına rəhbərlik etmiş Kamran Bağırovun qardaşı olan Faiq Bağırzadə 1988-ci il martın 30-da Bakıda dünyasını dəyişib.

FƏRAMƏZ MAQSUDOV

(1930-2000)

Akademik, fizika-riyaziyyat elmləri doktoru, 1997-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Fəraməz Qəzənfər oğlu Maqsudov 20 mart 1930-cu ildə Naxçıvan şəhərində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Uni­versitetini bitirib, müxtəlif illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü, “Əlincə” Xeyriyyə Cəmiyyətinin sədri, İslam Akade­miyasının həqiqi üzvü olub. 300-dən artıq elmi işin və 11 monoqrafiyanın müəllifi olub. Əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir, onun təşəb­büsü ilə Milli Elmlər Akademiyasının və Dövlət Neft Şirkətinin Birləşmiş Elmi-Texniki Şurası yara­dıl­ıb. “Xalqlar dost­luğu” və “İstiqlal” ordenləri ilə təltif edilən Fəraməz Maqsudov 2000-ci il iyulun 30-da Bakıda vəfat edib və Fəxri Xiya­banda dəfn edilib.

VALEH KƏRİMOV

(1944)

Azərbaycanın xalq artisti, aktyor Valeh Seyfulla oğlu Kərimov 20 mart 1944-cü ildə Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirdikdən sonra taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb, bir sıra tamaşalarda 70-ə yaxın obrazlar yaradıb. “Bəxt üzüyü” tamaşasında və filmində yaratdığı Moşu obrazı ilə populyarlıq qazanan aktyor 2015-ci ildən etibarən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib.

KAMAL ƏLƏKBƏROV

(1948-2009)

Azərbaycanın xalq rəssamı, heykəltəraş Kamal Camal oğlu Ələkbərov 1928-ci ilin bu günü Füzuli şəhərində dünyaya gəlib. 1948-ci ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1948-1954-cü illərdə Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1953-cü ildən sərgilərdə iştirak edib, "Neftçi", “Əcəmi Naxçıvani”, "Qız", "Xanım" və başqa heykəltəraşlıq portretlərini yaradıb. Prezident təqaüdçüsü olan Kamal Ələkbərov 2009-cu il mayın 21-də Bakıda vəfat edib.

FƏRMİN ƏLİYEV

(1996-2020)

Şəhid Fərmin Fərman oğlu Əliyev 1996-cı il martın 20-də Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Fərmin Əliyev sentyabrın 29-da Tərtər rayonunun Talış qəsəbəsi uğrunda gedən döyüşlər zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

ŞAMİL ƏLİYEV

(1996-2020)

Şəhid Şamil Xançoban oğlu Əliyev 20 mart 1996-cı ildə Füzuli rayonunun Bəhmənli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Şamil Əliyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

ƏTRAF QƏNİMƏTOV

(1997-2020)

Şəhid Ətraf Oktay oğlu Qənimətov 1997-ci ilin bu günü Şəkidə anadan olub. Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbində və Sumqayıt Dövlət Universitetində təhsil alıb. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil olunan “Ehtiyat zabit hazırlığı kursu”nda təhsil alıb. 2019-cu il iyunun 4-də kursu bitirib və leytenant rütbəsi ilə Azərbaycan Ordusunda xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Leytenant Ətraf Qənimətov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub və oktyabrın 30-da Şəkinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

QURBAN XƏLİLOV

(1906-2000)

Azərbaycan-sovet dövlət xadimi Qurban Əli oğlu Xəlilovun xatirə günüdür. O, 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Kəhralan kəndində anadan olub. Azərbaycan Neft İnstitutunda təhsil alıb. Zavodda mühəndis, emalatxana müdiri, maşınqayırma zavodlarının direktoru, Bakı Şəhər Partiya Komitəsinin katibi, "Azneftkəşfiyyat" birliyinin rəis müavini, Dövlət Təsərrüfatı nazirinin müavini, tikinti idarəsinin rəisi, Azərbaycan SSR Tikinti Materialları Sənayesi nazirinin müavini vəzifələrində çalışıb. Müxtəlif illərdə Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, Azərbaycan SSR Yerli Sənaye naziri, Maliyyə naziri, Ali Sovetin Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədri vəzifələrini icra edib. Bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı olub. Qurban Xəlilov 20 mart 2000-ci ildə Bakıda vəfat edib.

MİRVARİ NOVRUZOVA

(1923-1994)

Azərbaycanın əməkdar artisti, aktrisa Mirvari Balaqardaş qızı Novruzovanın anım günüdür. O, 17 aprel 1923-cü ildə Bakıda anadan olub. 1939-cu ildən Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirib. "Eşq və intiqam", "Qaçaq Nəbi", "Vaqif", "Solğun çiçəklər", "Nişanlı qız", "Toy", "Hacı Qara", "Pəri-cadu", "Dumanlı Təbriz" və başqa tamaşalarda çıxış edib. Aktyor Əli Zeynalovun həyat yoldaşı olan Mirvari Novruzova 1994-cü il martın 20-də Bakıda vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın