00:01 18 Aprel 2021 118
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 18.04.2021

MƏCİD BEHBUDOV

(1873-1945)

Azərbaycan xanəndəsi Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Əvvəllər Qarabağda və Gəncədə xanəndə kimi fəaliyyət göstərsə də, sonralar uzun illər Tiflisdə yaşayıb və konsertlər verib. 1914-cü ildə onun səsi Riqadakı "Qrammofon" şirkətində vala yazılıb. “Mirzə Hüseyn segahı”, “Şüştər”, “Çahargah” muğamlarının mahir ifaçısı sayılan xanəndə Üzeyir Hacıbəylinin opera və operettalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-Mülk” operasındakı rolları ilə yadda qalıb. Ömrünün son illərini Məcid Behbudov Qazax rayonunda yaşayıb, burada mədəniyyət evində çalışıb, bir sıra istedadlı xanəndələr yetişdirib. Təbriz, İstanbul, Sofiya şəhərlərində konsertlər verib. Məcid Behbudov 1945-ci il sentyabrın 6-da Qazaxda vəfat edib. O, teatr və kino aktrisası Nəcibə Behbudovanın, SSRİ xalq artisti Rəşid Behbudovun və rejissor Ənvər Behbudovun atasıdır.

ŞÖVKƏT MƏMMƏDOVA

(1897-1981)

Azərbaycanın ilk peşəkar qadın müğənnisi, xalq artisti, teatr xadimi və opera artisti Şövkət Həsən qızı Məmmədova 1897-ci il aprelin bu günü Tiflis şəhərində anadan olub. Hacı Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbində, Bakıda və Tiflisdə musiqi məktəblərində təhsil alıb, daha sonra Kiyev Konservatoriyasına daxil olub. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə çıxış edib, 1948-ci ilədək fasilələrlə teatrın solisti olub, bir çox operalarda iştirak edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılıb, həm onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışıb. 1945-1981-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib. Fransa, İtaliya, Rusiya, Gürcüstan, İran kimi ölkələrdə konsertlər verib. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub. Yaradıcılığında "Şahsənəm", "Nərgiz", "Şah İsmayıl", "Arşın mal alan" kimi partiyalar xüsusi yer tutan xalq artisti 2 dəfə “Lenin”, 2 dəfə “Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. SSRİ Ali Sovetinin deputatı olmuş Şövkət Məmmədova 1981-ci il iyunun 8-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

VAQİF CƏFƏROV

(1949-1991)

Görkəmli dövlət xadimi Vaqif Cəfər oğlu Cəfərov 1949-cu il aprelin 18-də Şuşa şəhərində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib. 1973-cü ildə ordudan tərxis olunduqdan sonra Şuşaya qayıdıb. Müəyyən dövrlərdə "Şuşa" qəzeti redaksiyasında şöbə müdiri, DQMV Komsomol Komitəsinin təşkilat şöbəsində təlimatçısı, Ağdərə rayon komsomol komitəsinin II katibi, Azərbaycan SSR Kommunist Partiyasının Dağlıq Qarabağ Vilayət Komitəsində lektor, təlimatçı, şöbə müdirinin müavini, inzibati orqanlar və maliyyə-ticarət şöbəsinin müdiri vəzifələrində çalışıb. 1988-ci ilin avqust ayından 1991-ci ilin oktyabr ayınadək Şuşa rayon Partiya Komitəsinin I katibi olub. 1991-ci ildə Tikinti-Sənaye nazirinin müavini təyin edilib. SSRİ Ali Sovetinin deputatı Vaqif Cəfərov 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulmuş Mi-8 vertolyotunda bir çox görkəmli dövlət xadimləri ilə birlikdə şəhid olub və Fəxri Xiyabanda dəfn edilib.

RASİM İBRAHİMOV

(1962-1992)

Azərbaycanın Milli Qəhrəmanı Rasim Səxavət oğlu İbrahimov 18 aprel 1962-ci ildə Bakının Çilov adasında neftçi ailəsində doğulub. Buradakı 131 saylı məktəbdən məzun olduqdan sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. Təhsilini Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirib. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. Bir müddət Respublika Hərbi Komissarlığında çalışıb, Füzuli və Ağsu rayonlarında hərbi komissarın müavini olub. Rasim İbrahimov 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda gedən döyüş zamanı düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü partladıb və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Rasim İbrahimov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

ELŞAD AĞAYEV

(1967-1993)

Şəhid Elşad Aşur oğlu Ağayev 1967-ci ilin bu günü Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illərdə kənd tam orta məktəbində təhsil alıb, 1985-ci ilin noyabr ayında isə hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə-kəşfiyyat kursunu başa vurub. Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirməklə yanaşı, Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib. 1992-ci ilin mart ayında könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edib, Müdafiə Nazirliyi Baş Qərargahının xüsusi təyinatlı dəstəsində rota komandiri kimi xidmət edib. Elşad Ağayev 1993-cü il dekabrın 10-da düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub. Azərbaycan Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

FARİZ MƏDƏTOV

(1972)

Azərbaycanın Milli Qəhrəmanı Fariz Əlövsət oğlu Mədətov 18 aprel 1972-ci ildə Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnib, 1990-cı ildə isə hərbi xidmətə çağırılıb, iki il Almaniyanın Ordruf şəhərində xidmət edib. 776 saylı xüsusi təyinatlı hərbi hissənin tərkibində Qubadlı rayonunun Başarat kəndi, Füzuli, Kəlbəcər və Goranboy uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən ağır döyüşdə yaralanıb. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 1996-cı ildə ordudan tərxis olunaraq Yevlax Rayon Polis Şöbəsində əmək fəaliyyətinə başlayıb, 2003-cü ildə isə Polis Akademiyasında təhsilini başa vurub. Hazırda Yevlax Rayon Polis Şöbəsində Post Patrul Xidmətinin taqım komandiri vəzifəsində çalışır.

ƏLİQİSMƏT YAQUBLU

(1992-2020)

Şəhid Əliqismət Mükafat oğlu Yaqublu 1992-ci il aprelin 18-də Lerik rayonunun Kələxan kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əliqismət Yaqublu noyabrın 5-də Daşaltı döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib.

BƏHRAM MƏMMƏDZADƏ

(2000-2020)

Şəhid Bəhram Elman oğlu Məmmədzadə 2000-ci ilin bu günü anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Bəhram Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

FƏTULLA SİRACOV

(2001-2020)

Şəhid Fətulla Qasım oğlu Siracov 18 aprel 2001-ci ildə Şabran rayonunun Gəndov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib. Əsgər Fətulla Siracov 29 yanvar 2021-ci ildə xidmətdə olduğu Kəlbəcərdə ürək tutmasından dünyasını dəyişib və doğulduğu kənddə dəfn edilib.

NİHAT RZAXANOV

(2001-2020)

Şəhid Nihat Natiq oğlu Rzaxanov 2001-ci il aprelin 18-də Biləcəri qəsəbəsində anadan olub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Nihat Rzaxanov 6 noyabr 2020-ci ildə Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

ALBERT EYNŞTEYN

(1879-1955)

Müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteynin anım günüdür. O, 1879-cu il martın 14-də Almaniya da anadan olub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. Doqquz yaşına qədər danışa bilməyib. Əvvəlcə dərslərdə çox geridə qalsa da, 9-10-cu siniflərdə bütün həmyaşıdlarını qabaqlayır. 1896-cı ildə İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirib. Müxtəlif illərdə Sürix, Praqa və Berlin Universitetinin professoru olub. 1933-cü ildə siyasi səbəblərə görə Almaniya vətəndaşlığından imtina edərək ABŞ-a köçüb və Prinston Universitetində professor kimi çalışmağa başlayıb. Onun böyük şöhrət qazanması II Dünya müharibəsindən sonrakı illərə təsadüf edib. 1945-ci ildə ABŞ prezidenti Ruzveltə yazdığı məktubunda nüvə silahının yaradılması barədə xəbər verən fizik Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən dərin peşmanlıq hissi keçirib. Bu hadisədən sonra ömrünün sonuna qədər nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparıb. Albert Eynşteyn 1955-ci il aprelin 18-də Prinston şəhərində aorta anevrizmindən vəfat edib. Nəşi krematoriyada yandırılıb və külü havaya sovrulub.

İSGƏNDƏR AZNAUROV

(1956-1993)

Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Söhrab oğlu Aznaurovun anım günüdür. O, 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Ahıska türkü ailəsində dünyaya gəlib. 1973-cü ildə orta məktəbi bitirib, Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olub. 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb, burada cihazqayırma zavodunda işləyib. 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulub, "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunub. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası və canlı qüvvəsini məhv edib. 1993-cü il aprelin 18-də Gədəbəy istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə baş leytenant İsgəndər Aznaurov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

NAZİM CƏBRAYILOV

(1949-1994)

Şəhid Nazim İbrahim oğlu Cəbrayılovun xatirə günüdür. O, 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. 1966-cı ildə burada 1 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib və orada milis nəfəri kimi fəaliyyətə başlayıb. Daha sonra Kalininqrad Milis Məktəbində oxuyub və ikinci ixtisas alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdaraq, hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb və Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib. Nazim Cəbrayılov 1994-cü ilin aprelində şəhid olub. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

SƏNAN AXUNDOV

(1979-2016)

Şəhid Sənan Tahir oğlu Axundov da bu gün xatırlanır. O, 1979-cu il sentyabrın 29-da Füzuli şəhərində anadan olub. Bakı Ali Hərbi Dənizçilik Məktəbində, Bakı Dövlət Universitetinin hüquq fakültəsində və Almaniyada Hərbi Akademiyada təhsil alıb. Azərbaycan Müdafiə Nazirliyində informasiya şöbəsinin sektor müdiri vəzifəsində işləyib. Kəşfiyyatçı polkovnik-leytenant Sənan Axundov 2016-cı il aprelin 18-də Lələtəpədə minaya düşərək şəhid olub və Beyləqanda dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın