00:01 15 Aprel 2021 121
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 15.04.2021

LEONARDO DA VİNÇİ

(1452-1519)

Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltəraş, memar, musiqiçi və yazıçı Leonardo di ser Pyero da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən kiçik Ankiano kəndində anadan olub. Florensiyada məşhur usta Andrea del Verokkonun şagirdi, Rəssamların Florentina Qildiyasının üzvü olub. İntibah dövründə rəsm əsərlərinin əksəriyyəti dini mövzuda çəkilib və ya portretlər olub. “Mona Liza (Cokonda)”, “Sincab ilə qadın”, “Madonna Benua”, “Sonuncu şam yeməyi”, “Musiqiçinin portreti”, “Məsihin xaç suyuna salınması” əsərləri onun ən məşhur rəsmlərindəndir. Leonardo da Vinçi 2 may 1519-cu ildə vəfat edib.

ƏLİ QASIMOV

(1892-1983)

15 aprel pedaqoq, yazıçı, jurnalist və tərcüməçi Əli Camal oğlu Qasımovun doğum günüdür. O, 1892-ci ildə Babək rayonun Nehrəm kəndində anadan olub. 1913-cü ildə Qori Müəllimlər Seminariyasını, 1930-cu ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1914-cü ildən başlayaraq “Molla Nəsrəddin” jurnalında çıxış edib. “Solğun çiçək” adlı ilk kitabı 1914-cü ildə nəşr olunub. Bir müddət Bakıda müəllimlik etdikdən sonra Naxçıvana qayıdıb, həmyerlilərinin erməni-daşnak təcavüzünə qarşı mübarizəsində və könüllü xalq dəstələrinin yaradılmasında təşəbbüskarlıq göstərib. 1919-cu ilin yayında ingilis-daşnak hərbi hökumətinin Şərur-Naxçıvan ərazisində apardığı kütləvi repressiyalar zamanı həbs olunaraq, Aleksandropola (Gümrü) sürgün edilib. “Maarif işçisi” jurnalının redaktoru, “Azərnəşr”in bədii ədəbiyyat şöbəsində redaktor, Azərbaycan Yazıçılar İttifaqının ədəbiyyat fondunun sədri vəzifələrində çalışan Əli Qasımov 1983-cü il fevralın 19-da Bakıda dünyasını dəyişib.

SADIQ DADAŞOV

(1905-1946)

Azərbaycan sovet memarlığının banilərindən biri, əməkdar incəsənət xadimi, professor Sadıq Ələkbər oğlu Dadaşov 15 aprel 1905-ci ildə Bakıda doğulub. Bakı Politexnik İnstitutunu bitirib. Memarlığa dair əsərlərini Mikayıl Hüseynovla birlikdə yaradıb. Sadıq Dadaşovun layihəsi ilə Azərbaycanın bir çox şəhərlərində yaşayış, ictimai və mədəni məişət binaları tikilib. Əsas işləri Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası, Nizami Kinoteatrı, Nizami adına Ədəbiyyat Muzeyi və digərləridir. 1941-ci ildə SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib, Dövlət Mükafatına layiq görülüb. Sadiq Dadaşov 1946-cı il dekabrın 24-də 41 yaşında Bakıda vəfat edib.

NİKİTA XRUŞŞOV

(1894-1971)

Sovet İttifaqı Qəhrəmanı, üçqat Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin ən məşhur rəhbərlərindən biri Nikita Serqeyeviç Xruşşov 1894-cü ilin bu günü dünyaya gəlib. Rusiyada vətəndaş müharibəsinin, Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı olub. 1931-ci ildən Moskva partiya təşkilatının katibi vəzifəsində çalışıb. 1953-cü ilin sentyabrından Sov.İKP MK-nın baş katibi, 1958-ci ildən 1964-cü ilə kimi SSRİ Nazirlər Sovetinin sədri olub və hakimiyyətdə olduğu 10 il müddətində daha çox stalinizmin ifşası ilə məşhurlaşıb. Stalinin sağ əli olan Lavrenti Beriyanın həbsi, SSRİ ilə ABŞ-ı müharibənin bir addımlığına gətirən “Karib böhranı” onun adı ilə bağlıdır. 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxarıb tribunaya döyəcləməklə SSRİ-ni tənqid edənləri hədələyib. Həmin məşhur ayaqqabılar 2007-ci ildə Xruşşovun nəvəsi tərəfindən 30 min dollara ABŞ vətəndaşına satılıb. Ginnesin Rekordlar Kitabına düşən ən bahalı teleqram da Nikita Xruşşovun 12 aprel 1961-ci ildə Yuri Qaqarinə ünvanladığı teleqramdır. Həmin teleqram 1993-cü ildə Amerikada keçirilən hərracda 68 500 dollara satılıb. 1964-cü ildə saray çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Nikita Xruşşov 1971-ci il sentyabrın 11-də Moskvada vəfat edib.

İSMAYIL AXUNDOV

(1907-1969)

Azərbaycanın xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa kəndində doğulub. Azərbaycan Rəssamlıq Məktəbində və Moskva Poliqrafiya İnstitutunda təhsil alıb. Uzun müddət "Kirpi" jurnalında fəaliyyət göstərib. Əsasən qrafika, dekorativ tətbiqi sənəd və teatr rəssamlığı sahəsində çalışıb. Kitab illüstrasiyaları, karikatura və plakatlar da çəkib. Akademik Milli Dram Teatrında 30-dan çox tamaşanın bədii tərtibatını verib. 1950-ci ildə Stalin mükafatı ilə təltif olunan İsmayıl Axundov 1969-cu il sentyabrın 13-də Polşanın Krakov şəhərində vəfat edib.

SƏKİNƏ ƏLİYEVA

(1925-2010)

Azərbaycanın dövlət xadimi, Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması haqqında qərarı imzalamış Səkinə Abbas qızı Əliyeva 1925-ci ilin aprelin 15-də Naxçıvan şəhərində dünyaya gəlib. 1945-ci ildə Naxçıvan Müəllimlər İnstitutunda təhsilini başa vurub, 1951-1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Eyni zamanda Ali Partiya Məktəbini bitirib. 1951-ci ilə qədər Statistika Komitəsində çalışıb. 1951-1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində əvvəlcə təlimatçı, sonra müdir və mühazirəçilər qrupunun rəhbəri olub. 1958-1961-ci illərdə Naxçıvan MSSR maarif naziri, 1961-1963-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi, 1963-1990-cı illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifələrində çalışıb. 19 yanvar 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında Naxçıvanın SSRİ tərkibindən çıxması və özünü müstəqil respublika elan etməsi haqqında qəbul edilən qərara imza atan Səkinə Əliyeva 7 avqust 2010-cu ildə Bakı şəhərində dünyasını dəyişib.

ALLA PUQAÇOVA

(1949)

SSRİ xalq artisti, müğənni və aktrisa Alla Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 5 yaşından valideynlərinin təkidi ilə piano ilə məşğul olmağa başlayıb. Dövlət Musiqili pedaqoji İnstitutunu bitirib. 1967-ci ildə ilk dəfə televiziyada çıxış edib və ilk qastrol səfərinə çıxıb. Səhnə fəaliyyəti ərzində yüzlərlə uğurlu konsert verib, müxtəlif mükafatlara layiq görülüb. Müğənninin 60 illiyi ərəfəsində "Gənc qvardiya" nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş "Bioqrafiya davam edir" kitabını nəşr edib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığının maraqlı məqamları yer alıb. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib. Beş dəfə ailə quran Alla Puqaçova hazırda teleaparıcı və şoumen Maksim Qalkinlə evlidir.

KADİR İNANIR

(1949)

Məşhur Türkiyə aktyoru, rejissor, ssenari müəllifi, prodüser və aparıcı Kadir İnanır 15 aprel 1949-cu ildə Ordunun Fatsa rayonunda doğulub. İstanbul Heydərpaşa Liseyini və Marmara Universitetini bitirib. 1967-ci ildə “Səs” jurnalının təşkil etdiyi "Film Sənətçi Yarışı"nda finala qədər gəlib çıxıb. 1970-ci ildə ilk dəfə baş rolda oynadığı Atif Yılmazın “Qara gözlüm” filmində Türkan Şorayla baş rolları bölüşüb. Ümumən 182 kino filmində və 7 televiziya serialında oynamış aktyorun ən uzun serialı “Marziye” olub. Kadir İnanır 1995-1996-ci illərdə “Kanal D”-də nəşr olunan “Belə Getməz” adlı xəbər proqramında aparıcılıq edib.

RAİL RAMAZANOV

(1997-2020)

Şəhid Rail Arif oğlu Ramazanov 1997-ci ilin bu günü Qusar rayonunun Hil kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kiçik çavuş Rail Ramazanov noyabrın 1-də Qırmızı Bazar istiqamətində şəhid olub və yanvarın 7-də doğulduğu kənddə dəfn edilib.

İLKİN QULİYEV

(2002-2020)

Şəhid İlkin Rəfail oğlu Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 310 saylı tam orta məktəbdə və Qərb Universitetinin Kollecində təhsil alıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. İlkin Quliyev oktyabrın 10-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub və Sabunçu rayon Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

SADİQ BAĞIRZADƏ

(2002-2020)

Şəhid Sadiq Şahin oğlu Bağırzadə 2002-ci il aprelin 15-də Astara rayonunun Ərçivan qəsəbəsində doğulub. İdmanla məşğul olub, boks üzrə Azərbaycan milli komandasının üzvü, müxtəlif yarışların qalibi, o cümlədən respublika birincisi olub. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə yollanıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib. Əsgər Sadiq Bağırzadə sentyabrın 30-da Murovdağ düşmən gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

TOĞRUL FEYZİZADƏ

(2002-2020)

Şəhid Toğrul İlqar oğlu Feyzizadə 2002-ci ilin bu günü Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Toğrul Feyzizadə noyabrın 6-da Xocavənd döyüşləri zamanı şəhid olub və Binə qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

AVRAAM LİNKOLN

(1809-1865)

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolnun anım günüdür. O, 1809-cu il fevralın 12-də Kentukki ştatında anadan olub. 1834-cü ildə İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilib. 1861-ci ildə ABŞ prezidenti seçilib. Onun hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın ləğvinin əleyhinə çıxan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək, ABŞ-ın tərkibindən çıxdıqlarını elan ediblər. 4 il davam edən vətəndaş müharibəsi sonda şimal ştatlarının qələbəsi ilə nəticələnib. Avraam Linkoln bu qələbədən 6 gün sonra - 15 aprel 1865-ci ildə teatrda tamaşaya baxarkən aktyor Con Uilks But tərəfindən qətlə yetirilib. Bununla da qətlə yetirilmiş ilk ABŞ prezidenti kimi tarixə düşüb. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

ZƏRİFƏ ƏLİYEVA

(1923-1985)

Məşhur Azərbaycan oftalmoloqu, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, 1923-cü il aprelin 28-də Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olub. 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti və professoru vəzifələrində çalışıb, laboratoriya rəhbəri olub. O, əsasən kimya və elektrotexnika istehsalı sahəsində çalışanların peşəsi ilə əlaqədar göz xəstəliklərinin öyrənilməsini, profilaktika və müalicə üsullarını tədqiq edib. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurub. Bu evlilikdən 18 oktyabr 1955-ci ildə Sevil Əliyeva, 24 dekabr 1961-ci il isə İlham Əliyev dünyaya gəlib. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda atasının məzarı yanında dəfn olunub.

TELMAN ADIGÖZƏLOV

(1953-2010)

Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Telman Adıgözəlovun anım günüdür. O, 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən ordubadlıdır. Hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb. Dövlət Televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə" kimi filmlərdə xarakterik rollar oynayıb. Telman Adıgözəlov 2010-cu il aprelin 15-də vəfat edib və Fatmayı kənd qəbiristanlığında torpağa tapşırılıb.

MƏHƏMMƏD BAĞIROV

(1975-1994)

Şəhid Məhəmməd Gülhəsən oğlu Bağırov da bu gün xatırlanır. O, 1975-ci il sentyabrın 2-də Lənkəran rayonunun Girdəni kəndində dünyaya göz açıb. 1993-cü ildə burada orta təhsilini başa vurduqdan sonra könüllü şəkildə Qarabağ uğrunda gedən döyüşlərə qatılıb. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən Məhəmməd Bağırov 1994-cü il aprelin 15-də şəhid olub və doğulduğu kənddə dəfn olunub. Təhsil aldığı Girdəni kənd orta məktəbi onun adını daşıyır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın