04:40 12 Mart 2020 114
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 12.03.2020

HƏMİD BƏY ŞAHTAXTİNSKİ

(1880-1944)

1. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü Həmid bəy Xəlil ağa oğlu Şahtaxtinskinin doğum günüdür. O, 1880-ci ildə Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olub, ilk təhsilini mollaxanada alıb və üçüncü dərəcəli şəhər məktəbində oxuyub. 1899-cu il iyunun 5-də İrəvan Müəllimlər Seminariyasının tam kursunu bitirib və sentyabrın 1-də İrəvan rus-tatar məktəbinə müəllim təyin edilib. 1902-1907-ci illərdə İrəvan Müəllimlər Seminariyasında türk dili dərslərini tədris edib. 1907-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub, 1912-ci ildə ali təhsilini başa vurduqdan sonra Bakıya qayıdıb. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin Təhsil işləri üzrə səlahiyyətli nümayəndəsi kimi bir müddət orada qalıb. 1918-ci ildə F.X.Xoyskinin formalaşdırdığı ikinci və üçüncü hökumət kabinetlərində Xalq Maarifi və Dini Etiqad nazirinin müavini olub. 1919-cu ildə N.Yusifbəylinin yaratdığı ikinci hökumət kabinetində Maarif və Dini Etiqad naziri təyin olunub və 1920-ci il martın 5-dək bu vəzifədə çalışıb. Bakı Xalq Maarifi şöbəsi nəzdindəki ikiillik Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Tibb İnstitutunda da işləyən Həmid bəy Şahtaxtinski 1941-ci ildə həbs olunaraq sürgün edilib, 1944-cü il fevralın 3-də isə Arxangelsk vilayətində sürgündə həlak olub.

MİRZƏ ABBAS ABBASZADƏ

(1870-1920)

2. Maarif xadimi, pedaqoq, folklorşünas Mirzə Abbas Kərbəlayı Ələkbər oğlu Abbaszadə 1870-ci il mart ayının 12-də Gəncədə Ozan məhəlləsində mütərəqqi fikirli ruhani ailəsində anadan olub. İlk təhsilini atasının xüsusi məktəbində alıb, sonra Şah Abbas məscidi yanındakı məktəbdə davam etdirib. 1885-ci ildə ibtidai təhsilini başa vurub, 1892-ci ilədək Gəncə mədrəsəsində oxuyub. Burada məşhur müdərris Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs alıb, ərəb, fars və türk dillərinə dərindən yiyələnib. Bir il atasının açdığı məktəbdə müəllimlik etdikdən sonra 1893-cü ildə səyahətə çıxaraq İranı, İraqı və Türkiyəni gəzib. 1894-cü ildə Gəncə şəhər məktəbində işə düzələrək ana dili və şəriət fənlərini tədris etməyə başlayıb. 1898-ci il aprelin 23-də Gəncənin Bağmanlar yaşayış sahəsində əhalinin topladığı vəsait hesabına açılmış ilk rus-tatar (Azərbaycan) məktəbində Azərbaycan dili və şəriət müəllimi təyin edilib. Rus-Azərbaycan məktəbində işləməyə başlayarkən əlifbada apardığı islahatlar əsasında "Birinci il Əlifba" dərsliyini tərtib edib və əlyazma şəklində 1900-cü ildə Gəncədə çap etdirib. 1907-1908-ci illərdə rus-Azərbaycan məktəbinin müəllimi kimi 7 kitab nəşr etdirib. Mirzə Abbas Abbaszadə 1920-ci ildə dünyasını dəyişib.

SÜLEYMAN RÜSTƏM

(1906-1989)

3. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, dramaturq, tərcüməçi, və Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Əliabbas oğlu Rüstəmzadə 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib. Birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçildikdən sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub. Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki "Qırmızı Əmək Bayrağı" ordeni, II dərəcəli Stalin mükafatı və bir sıra medallarla təltif olunub. 1971-1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri seçilən Süleyman Rüstəm 1989-cu il iyunun 10-da Bakıda vəfat edib.

CABİR NOVRUZ

(1933-2002)

4. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 1933-cü ilin bu günü Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikumunda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirib. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. 1995-ci ildə isə I çağırış Milli Məclisin deputatı olan Cabir Novruz 2002-ci il dekabrın 12-də vəfat edib.

MƏHƏMMƏD BAHARLI

(1948-2019)

5. Bu gün həm də nasir, publisist Məhəmməd Əhməd oğlu Baharlının doğum günüdür. O, 1948-ci il martın 12-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. 1970-1971-ci illərdə ordu sıralarında xidmət edib. "Azərbaycan məktəbi", "Kənd həyatı", "Gənclik" və "Molodost" jurnalları redaksiyasında şöbə müdiri, məsul katib, "Təhsil" qəzetinin baş redaktoru olub. 1993-cü ildən “Azərbaycan müəllimi” qəzetinin fəaliyyətini bərpa edib və 2002-ci ilədək onun baş redaktoru olub. Dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində çalışıb. "Dan ulduzu", "Qızıl qələm", "Ustad" və "Araz" mükafatları laureatıdır. "SSRİ Maarif Əlaçısı", "Azərbaycan SSR Qabaqcıl Maarif Xadimi" döş nişanlarına layiq görülüb. Satira yaradıcılığı üzrə bir sıra müsabiqələrin qalibidir. Məhəmməd Baharlı 2019-cu il iyunun 14-də Bakı şəhərində vəfat edib.

MƏBUD MƏHƏRRƏMOV

(1957)

6. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Məbud Əliəsgər oğlu Məhərrəmov 1957-ci il martın bu günü Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib. 2000-ci ildə əməkdar artist, 2006-cı ildə isə xalq artisti fəxri adlarına, eləcə də Prezident Mükafatına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

TEYMUR RƏCƏBOV

(1987)

7. Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymur Boris oğlu Rəcəbov 1987-ci ilin bu günü Bakı şəhərində dünyaya gəlib. O, 2001-ci ilin martında, 14 yaşında qrossmeyster adını qazanaraq tarixin ən gənc 2-ci qrossmeysteri olub. 2003-cü ildə Linares turnirində o vaxtkı dünya birincisi Harri Kasparovu məğlub etdikdən sonra dünya birincisini məğlub edən ən gənc şahmatçı kimi beynəlxalq gündəmə çıxıb. Eyni ildə keçmiş dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində qələbələr qazanıb. Bu nəticə ilə bir ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir. 2012-ci ilin noyabrında əldə etdiyi maksimum reytinq olan 2793 reytinqlə dünya şahmatçılar cədvəlində 4-cü sıraya yerləşib. 2011 və 2013-cü illərdə iki dəfə Namizədlər Turnirində mübarizə apararaq, 2020-ci ilin Dünya Şahmat Çempionatına vəsiqə qazanıb. 2009, 2013 və 2017-ci illərdə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatının qalibi olub. Onun əsas fərdi uğurları arasında 2007-ci ildə Veyk-an-Zee turnirini, 2008-ci ildə Elista Qran Prisini, 2017 Cenevrə Qran Prisini və 2019-cu ildə Dünya Şahmat Kubokunu qazanması yer alır.

QAÇAQ NƏBİ

(1854-1896)

8. 12 mart Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda qaçaq hərəkatının fəal iştirakçısı Qaçaq Nəbinin anım günüdür. O, 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində Alı kişinin ailəsində dünyaya gəlib. Kəndliləri zülmkarlardan qorumaq üçün müxtəlif kəndlərdən gəlmiş narazı şəxslərdən ibarət dəstə yaradıb, Naxçıvan və Zəngəzur qəzalarında qaçaqlıq edib. Həyat yoldaşı Həcər də onun silahdaşı olub. Çar hökuməti düz 20 il Qaçaq Nəbinin dəstəsini məhv etməyə çalışsa da, məqsədinə nail olmayıb. Sonda 1896-cı ildə martın 12-də xəyanət nəticəsində Qaçaq Nəbi öldürülüblər. Şəninə dastanlar qoşulub, nəğmələr və şeirlər yazılıb.

ƏLFİ QASIMOV

(1927-1985)

9. Azərbaycan yazıçısı, publisist, tərcüməçi Əlfi Səhlik oğlu Qasımovun xatirə günüdür. O, 5 yanvar 1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində doğulub. Şelli-Qaradağlı kənd yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib. Sonra Ağdamda iki ilik Müəllimlər İnstitutunda təhsilini davam etdirib. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirdikdən sonra "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləyib. Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olub. Əlfi Qasımov 1985-ci il martın 10-da Bakıda dünyasını dəyişib.

ELGİZ KƏRİMOV

(1971-1992)

10. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elgiz Kərimovun anım günüdür. O, 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub. 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb. Erməni işğalçılarının torpaqlarımıza təcavüzü ilə barışa bilməyərək, 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. 1992-ci il martın 12-də mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəlib və burada gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən üç ay sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın