00:00 08 Avqust 2020 403
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 08.08.2020

MƏHƏMMƏD MURSİ

(1951-2019)

Misirin beşinci prezidenti Məhəmməd Mursi İsa əl-Əyyat 1951-ci il avqustun 20-də Şərqiyyə vilayətinin əl-Adva kəndində anadan olub. Qahirə Universitetində təhsil alıb, ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib. 1992-ci ildə “Müsəlman Qardaşları” hərəkatına qoşulub. 2000-ci ildə parlamentin deputatı, 2011-ci ilin aprelində isə “Müsəlman Qardaşları” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasının sədri seçilib. Misirin 30 illik diktatoru Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən inqilaba dəstək verib, 2012-ci ildə isə ölkənin demokratik seçkilərlə hakimiyyətə gələn ilk prezidenti olub. 2013-cü ilin iyun-iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs olunub. Məhəmməd Mursi 17 iyun 2019-cu ildə Qahirədə "casusluq" ittihamı ilə mühakimə olunduğu məhkəmə zalında dünyasını dəyişib.

AKİF İSLAMZADƏ

(1948)

Azərbaycanın tanınmış müğənnisi Akif Qədir oğlu İslamzadə 8 avqust 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində fəaliyyət göstərib. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsert Birliyinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi olub. Səsinin tutulması onu sənətindən ayrı salsa da, səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub. 2016, 2017 və 2018-ci illərdə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Akif İslamzadə xalq artisti, xanəndə Sara Qədimovanın oğludur.

RASİM BALAYEV

(1948)

Azərbaycanın xalq artisti, aktyor Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda dünyaya göz açıb. 1965-ci ildə Ağsuda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İlk dəfə “Bakı” kinostudiyasında "Ulduzlar sönmür" filmində kiçik bir rolda çəkilib. "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində yaratdığı rollar ona böyük tamaşaçı sevgisi qazandırıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən teatr studiyasında da çalışıb. "Özbəkfilm", "Mosfilm" və başqa kinostudiyalarda da filmlərə çəkilib. 1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Rasim Balayev "Şöhrət" və "Şərəf" ordenləri laureatı, Prezident təqaüdçüsüdür.

MƏMMƏDQULU BƏY KƏNGƏRLİNSKİ

(1864-1905)

Çar ordusunun zabiti, ştabs-kapitan, vəkil, 1901-ci ildə Qafqazda qızlar üçün ilk Rus-Azərbaycan məktəbinin banisi Məmmədqulu bəy Məhəmmədşəfi bəy oğlu Kəngərlinin anım günüdür. O, 1864-cü ildə Naxçıvanda anadan olub. İlk təlim-tərbiyəsini atasından, ibtidai təhsilini xüsusi müəllimdən alıb. Sonra Tiflis hərbi məktəbinə - kadetlər korpusuna daxil olub. Daha sonra təhsilini Sankt-Peterburqdakı Mixaylovski ali topçu məktəbində davam etdirib. Burada 1882-ci ildə unter-zabit rütbəsinə yüksəlib. Ştabs-kapitan rütbəsində ikən istefa verərək Naxçıvana qayıdıb. Bir müddət burada qaldıqdan sonra İrəvana köçüb və vəkillik edib. 1905-ci ilin avqustunda İrəvanı tərk edib Fransaya gedərkən Batumda erməni daşnakları tərəfindən öldürülüb.

DAVUD BƏY ŞƏRİFOV

(1885-1952)

Azərbaycan arxeoloqu, etnoqraf və coğrafiyaşünas Davud bəy Mikayıl bəy oğlu Şərifovun anım günüdür. O, 8 iyun 1885-ci ildə Tiflis şəhərində hərbçi ailəsində anadan olub. Səkkiz yaşında I Tiflis oğlanlar gimnaziyasının kiçik yaşlılar üçün nəzərdə tutulmuş kursuna daxil olub. 1902-ci ildə gimnaziyanı bitirdikdən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Lakin tələbə nümayişlərində iştirakına görə universitetdən kənarlaşdırılıb. 1903-1907-ci illərdə Novorossiysk İmperator Universitetinin tarix-filologiya fakültəsində təhsil alıb. 1908-1920-ci illərdə Qazax, Qars, Tiflis və Bakıda tarix və coğrafiya fənlərini tədris edib. 1920-1922-ci illərdə torpaq komitəsinə sədr seçilib. Rəsmi elmi fəaliyyətinin ilk mərhələsi 1922-ci ilin oktyabr ayında Azərbaycan Ali Qiyabi Pedaqoji İnstitutunda müəllimliklə başlayıb. Bir il sonra Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin olunub. 1923-cü ildə arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb. 1924-cü ildə müəllimlər üçün “Coğrafiya” adlı dərslik çap etdirib. 1937-1943-cü illərdə Bakı Xalq Təhsili Şöbəsinin müfəttiş-metodisti, 1944-1951-ci illərdə Bakıda Qiyabi Pedaqoji İnstitutda baş müəllim kimi vəzifələrdə çalışıb. Davud bəy Şərifov 8 avqust 1952-ci ildə dünyasını dəyişib.

MUSA ABDULLAYEV

(1927-1979)

Azərbaycanın görkəmli hematoloq alimi, tibb elmləri doktoru, professor, filoloq-tərcüməçi Musa Mirməmməd oğlu Abdullayevin xatirə günüdür. O, 27 noyabr 1927-ci ildə Masallı rayonunun Qızılağac kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini, eləcə də Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsini bitirib. 1942-1943-cü illərdə yaradılan “İldırım” antisovet millətçi tələbə-gənclər təşkilatına üzv olub. 1948-ci il noyabrın 11-də SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən həbs olunub və 10 il müddətinə Sibirə sürgünə göndərilib. 1955-ci il iyulun 22-də SSRİ Ali Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib, 1956-cı ildə bəraət alıb. 1958-ci ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya Mərkəzində çalışarkən qanın laxtalanma sistemini tədqiq edib. 1963-1966-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda elmi katib işləyib. 1970-1979-ci illərdə Tibb İnstitutunun ikinci daxili xəstəliklər kafedrasına rəhbərlik edib. Əməkdar elm xadimi Fuad Əfəndiyevin yetirməsi olan Musa Abdullayev 8 avqust 1979-cu ildə Bakı şəhərində vəfat edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın