00:00 03 Avqust 2020 562
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 03.08.2020

QƏZƏNFƏR ƏKBƏROV

(1917-1944)

Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Qulam oğlu Əkbərovun anım günüdür. O, 1917-ci il aprelin 4-də Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Naxçıvan Müəllimlər İnstitutunda və Tiflis Topçuluq Məktəbində təhsil alıb. Qoşadizə kənd məktəbinin müdiri işləyib. 1942-ci ildə sovet ordusu sıralarına çağırılaraq Şimali Qafqaza göndərilib, döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayıb. Topçu komandir kimi Ukrayna və Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib. Qəzənfər Əkbərov 1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərib və həlak olub. Cəhri kəndində abidəsi qoyulub, adına küçə və məktəb var.

ALEKSANDR SOLJENİTSIN

(1918-2008)

Rus yazıçısı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr İsayeviç Soljenitsının xatirə günüdür. O, 11 dekabr 1918-ci ildə Rusiyanın Kislovodsk şəhərində anadan olub. Rostov Universitetinin riyaziyyat fakültəsində təhsil alıb. Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunu qiyabi bitirib. İkinci Dünya müharibəsində sovet ordusunda xidmət edib, kapitan rütbəsi alıb. Ancaq cəbhədən yazdığı məktublarındakı anti-Stalin baxışlarına görə 8 il həbs cəzası alıb. 1950-ci ildə üç il yaşadığı Qazaxıstanın Ekibastus şəhərindəki siyasi məhbuslar üçün xüsusi düşərgəyə göndərilib, sonra isə düşərgədən deportasiya edilib. 1970-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 1974-cü ildə sovet hökuməti tərəfindən SSRİ vətəndaşlığından məhrum edilib. İllərlə İsveçrə və ABŞ-da sürgündə yaşayıb. 1991-ci ildə sürgünə dair qərarı rəsmi olaraq qaldırıb. 1994-cü ildə Rusiyaya qayıdan Aleksandr Soljenitsın 2008-ci ilin avqustunda Moskvada vəfat edib.

FUAD QASIMZADƏ

(1929-2010)

Azərbaycan filosofu, akademik Fuad Feyzulla oğlu Qasımzadə də bu gün xatırlanır. O, 1929-cu il oktyabrın 22-də Bakı şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Univer­si­te­tin­in ­Tarix fakül­təsini fəlsə­fə ixti­sa­sı üzrə bitirib. 60 il ərzində Azərbaycan Dövlət Universi­tetində müəllim və fəlsəfə kafedrasının müdiri vəzifəsində, Müdafiə Şurasının üzvü və sədri kimi fəaliyyət göstərib. 1989-cu ildə AMEA-nın müxbir, 2001-ci ildə isə həqiqi üzvü seçilib. Elmi yaradıcılığı dövründə 30 kitab və 500-dən çox elmi məqalə çap etdirib. Onun əsas tədqiqat sahəsi Azərbaycan fəl­səfi ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olub. "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilən Fuad Qasımzadə 2010-cu ilin avqustunda Bakı şəhərində vəfat edib.

SƏLVƏR ASLANOV

(1930-2001)

Azərbaycanın əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü, professor Səlvər Rza oğlu Asla­novun anım günüdür. O, 1930-cu il oktyabrın 11-də Bakıda anadan olub. 1954-cü ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitu­tunun rektoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun professoru, kafedra müdiri və rektoru vəzifələrində çalışıb. AMEA-nın Milli Müna­si­bət­lər İnstitutunun baş elmi işçisi, Azərbaycan Dövlət Pe­da­qo­ji İnstitutunda və Azərbaycan Dövlət Universite­tində tarix üzrə İxtisaslaşmış Müdafiə şuralarının sədri olub. Onun Azərbaycanda sənayenin inkişa­fı­na həsr olunmuş çox­saylı və sanballı elmi təd­qiqat işləri nəşr olun­ub. 1963-1967-ci illərdə Azərbay­can SSR Ali Sovetinin, 1991-1995-ci illər­də Milli Məclisin deputatı olub. Yusif Məmmədəliyev adına mükafat, eləcə də bir sıra orden və medallarla təltif olunan Səlvər Asla­nov 2001-ci ilin avqustunda Bakı şəhərində vəfat edib.

ZƏRDÜŞT ŞƏFİ

(1986-2012)

Yazıçı, şair Zərdüşt Şəfinin xatirə günüdür. O, 1986-cı il noyabrın 19-da Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 2006-2010-cu illərdə Xəzər Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2005-ci ildən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlayıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan "Gənc Ədiblər Məktəbi"nin məsul katibi və fəal üzvlərindən biri olub. 2009-cu ildə “Bizim Yol” qəzetinin keçirdiyi sorğuya əsasən, "İlin gənc yazıçısı" mükafatı ilə təltif olunub, gənclərə dəstək məqsədilə verilən bir illik Prezident təqaüdünə layiq görülüb. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” fəxri adına layiq görülüb. 2011-ci ildə nəşr olunan "Başqa adamlar" kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Hekayə və esselərindən əlavə həm də bir çox şeirlərin, iki yarımçıq qalmış romanın müəllifi olan Zərdüşt Şəfi 2012-ci ilin avqustunda qan xərçəngi xəstəliyindən vəfat edib və doğulduğu kənddə torpağa tapşırılıb.

DƏYANƏT RZAYEV

(1971-2017)

Azərbaycan psixoloqu Dəyanət Rzayev 1971-ci il avqustun 3-də Bakıda anadan olub. İlk ali təhsilini pedaqoji psixologiya, ikinci ali təhsilini isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi üzrə alıb. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaradıb. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü olub. Dəyanət Rzayev 2017-ci il yanvarın 25-də Bakının Yasamal rayonunda yerləşən mənzilində intihar edib və Biləcəri qəbiristanlığında dəfn edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın