12:00 02 May 2020 240
Ana səhifə Dünyanın bu günü

Dünyanın bu günü - 02.05.2020

ƏTAYƏ ƏLİYEVA

(1920-1995)

1. Azərbaycanın əməkdar artisti, aktrisa Ətayə Əliyevanın 2 may 1920-ci ildə Aşqabadda sənətkar ailəsində doğulub. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrında, İrəvandakı Azərbaycan Teatrında və Gəncə Dram Teatrında çalışıb. Bir sıra tamaşalarda yaddaqalan obrazlar yaradıb. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Dağlarda döyüş", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və bir çox başqa filmlərdə uğurlu rollar yaradıb. RejissorlarRamiz Həsənoğlunun vəRauf Süleymanınanası olan Ətayə Əliyeva 1995-ci ilin aprelin 6-da Bakıda vəfat edib.

MƏCİD ŞAMXALOV

(1907-1984)

2. Azərbaycanın əməkdar artisti, dramaturq Məcid Baba oğlu Şamxalov 1907-ci il mayın 2-dəAğdam rayonununGülablıkəndində anadan olub. Süleyman Sani Axundovun rus-tatar məktəbini bitirib, Dövlət Teatr Texnikumunda təhsil alıb. Azərbaycan Akademik Dram Teatrında aktyor işləyib. İlk ədəbi-ictimai fəaliyyəti isə "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanıb. İlk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunub. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutaraq, qızıl medala layiq görülüb. Xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunub. Onun əsərləri əsasında “Qız qalası əfsanəsi”, “Lətif”, “Bakılılar”, “Qara daşlar”, “Məhəbbət oyunu” filmləri çəkilib. “Qayınana” filmi ilə daha çox populyarlıq qazanan Məcid Şamxalov 1984-cü il oktyabrın 13-dəBakıdavəfat edib.

MƏMMƏD SADIQOV

(1913-1987)

3. Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Məmməd Əhməd oğlu Sadıqov 1913-cü ilin bu günü Bakıda dünyaya gəlib. 1926-cı ildə Pedaqoji Məktəbə qəbul olsa da, təhsilini yarımçıq qoyub.1931-1932-ci illərdəBakı Türk İşçi Teatrınınaktyor truppasının yaradıcı heyətində işləyib, 1933-cü ildən isəAzərbaycan Dövlət Akademik Milli Dram Teatrınıntruppasında çalışıb.“Bizim Cəbiş müəllim”, “Aygün”, “Sehrli xalat”, “Dəli kür”, “O olmasın, bu olsun”, “Bəxtiyar” və digər filmlərdə, eləcə də onlarla tamaşada yaddaqalan obrazlar yaradıb. Məmməd Sadıqov 28 may 1987-ci ildəBakıda vəfat edib.

TELMAN ƏLİYEV

(1935)

4. Texnika elmləri doktoru, professor, akademik Telman Abbas oğluƏliyev 2 may1935-ci ildə Goranboy rayonunda anadan olub. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Müxtəlif illərdə texnik, mühəndis, baş mühəndis, direktor, kafedra müdiri vəzifələrində çalışıb, "Elektron hesablama maşınları" laboratoriyasının əsas təşkilatçısı vərəhbəri, SSRİ İnformatika və Hesablama Texnikası Cəmiyyəti İdarə Heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü, AMEA-nın akademik-katibi olub. 1988-ci ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru olub. "Şöhrət” ordenli Telman Əliyev 27 monoqrafiyanın və 109 patentin müəllifidir.

RAMİZ ZÖHRABOV

(1939-2017)

5. Azərbaycanın xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Fərzulla oğlu Zöhrabov 1939-cu il mayın 2-dəBakıdaanadan olub. Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində, Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində, daha sonra isə musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim, Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor, Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, müdiri, dosenti və professoru kimi vəzifələrdə çalışıb. 200-dən artıq elmi əsər və kitabın müəllifidir. Onun səyləri nəticəsində muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınmasıgerçəkləşib. “Şöhrət” ordeni və "Humay" milli mükafatına layiq görülən Ramiz Zöhrabov 2017-ci il aprelin 24-də vəfat edib.

DEVİD BEKHEM

(1975)

6. Məşhur ingilis futbolçusu Devid Bekhem 2 may 1975-ci ildə Londondaanadan olub. 20 illik futbolçu karyerası ərzində 19 dəfə çempion olub. UEFA Çempionlar Liqası, Qitələrarası Kuboku, İngiltərə və İspaniya çempionluğu, Superkubokunu qazanıb. Futbolçu kimi İngiltərənin“Preston North End”, “Mançester Yunayted”, İspaniyanın “Real Madrid”, ABŞ-ın“Los-Anceles Qalaksi”, İtaliyanın “Milan” klublarında oynayıb.1 sentyabr 1996-cı ildə milli komandanın heyətində debüt edib, 2000-2006-cı illərdə milli komandanın kapitanı olub. 2004, 2010 və2011-ci ildə dünyanın ən çox qazanan futbolçusu sayılıb. UEFA Çempionlar Liqasında100 oyun keçirən ilk futbolçu kimi də Britaniya tarixinə düşüb. Peşəkar karyerasını 2013-cü ildə Fransanın PSJ klubunda bitirib.“Spice Girls”ün sabiq solisti Viktoriya ilə evli olan Devid Bekhemin dörd övladı var.

MƏHƏRRƏM HAŞIMOV

(1912-1969)

7. Azərbaycanın xalq artisti, aktyor, rejissor və ssenarist Məhərrəm Zakir oğlu Haşımovun anım günüdür. O, 1912-ci il fevralın 2-də Bakıda anadan olub. 1936-cı ildəMoskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, baş rejissor, Azərbaycan Dövlət Rus Dram Teatrındabaş rejissor, direktor vəzifələrində çalışıb, bir sıra tamaşalara quruluş verib. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasınarəhbərlik edib. Onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehrli xalat" kimi filmlər çəkilib. Məhərrəm Haşımov 1969-cu ilin mayında Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

TOKAY MƏMMƏDOV

(1927-2018)

8. Bu gün Azərbaycanınxalq rəssamı, heykəltəraş Tokay Həbib oğlu Məmmədovun xatirə günüdür. O, 1927-ci il iyulun 18-dəBakıdaanadan olub.Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim kimi başlayıb, daha sonra kafedra müdiri, professor, müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının İdarə Heyətində məsul vəzifələrdə çalışıb. "Nizami Gəncəvi", "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", "Şirəli Müslümov" və başqa portretlərin, Üzeyir Hacıbəyov, Rüstəm Mustafayev, Motsart, Şopenkimi dahilərin büst portretlərinin müəllifidir. “Şərəf”, “Şöhrət”, "Xalqlar dostluğu" ordenlərinə, Azərbaycan Prezidentinin fəxri diplomuna layiq görülüb. İlk azərbaycanlı heykəltəraş qadın Zivər Məmmədovanın oğlu olan Tokay Məmmədov 2018-ci ilin bu günü Bakıda vəfat edib və II Fəxri Xiyabandadəfn olunub.

ÜSAMƏ BİN LADEN

(1957-2011)

9. “Əl-Qaidə” terror təşkilatının qurucusu və ilk rəhbəri Üsamə bin Ladenin ölüm günüdür. O, 10 mart 1957-ci ildə Ər-Riyadda 54 uşaqlı ailənin 53-cü övladı olaraq dünyaya gəlib. Atası Məhəmməd bin Avad bin Laden Yəməndə doğulsa da, sonradan Ciddəyə köçüb və tikinti işləri ilə məşğul olaraq milyonçuya çevrilib. Anası Həmidə əl-Attas isə Məhəmməd bin Ladenin onuncu həyat yoldaşı olub. Məhəmməd 1968-ci ildə qəzada həyatını itirən zaman övladlarına 11 milyard dollarlıq bir miras qoyub.Gənc yaşlarında “Müsəlman Qardaşları” hərəkatının ideyalarının təsiri altına düşən Üsamə 1979-cu ildə Pakistana üz tutaraq, Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olub. 1992-ci ildə Səudiyyə Ərəbistanından qovulduqdan sonra Sudanda yaşamağa başlayıb. ABŞ-ın təzyiqi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək, burada “əl-Qaidə” terror təşkilatını gücləndirib. 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərinə bombalı hücumlardan sonra Federal Təhqiqat Bürosu tərəfindən ən çox axtarılan terrorçular siyahısına daxil edilib. Terrorçuluq fəaliyyətinin zirvəsi 2001-ci ildə Nyu-Yorkda baş verən 11 sentyabr hücumları sayılır. Üsamə bin Laden 2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində gizləndiyi evdə ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən gizli əməliyyat nəticəsində qətlə yetirilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın